Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il ötür
Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 27 il ötür.
Milli pul vahidi olan manat 1992-ci il avqustun 15-də tədavülə buraxılıb. Azərbaycan Respublikasının birinci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib.
Ölkədə pul tədavülünün yaradılmasının və təşkil edilməsinin əsası Azərbaycan Respublikası Prezidentinin 11 fevral 1992-ci il tarixli "Azərbaycan Respublikası Milli Bankının yaradılması haqqında" Fərmanı ilə Milli Bankın yaradılması və Azərbaycan Respublikası Prezidentinin 15 iyul 1992-ci il tarixli "Azərbaycan Respublikası milli valyutasının dövriyyəyə buraxılması haqqında" Fərmanına müvafiq olaraq milli valyutanın dövriyyəyə buraxılması ilə qoyulub.
Bununla əlaqədar olaraq, 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq əsginazlar, noyabrında 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrında 5 manatlıq əsginaz, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manat nominallı kağız əsginazlar dövriyyəyə buraxılıb. Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilib. Yeni dizaynla 1 və 10 manatlıq əsginazlar həmin şirkətdə istehsal olunub.
1992-ci ilin avqustundan 1994-cü ilin yanvarınadək manat Azərbaycan ərazisində 1 manat : 10 rubl nisbətində rubllar ilə paralel olaraq dövriyyədə ödəniş vasitəsi kimi istifadə olunurdu. Həmin dövrdə Mərkəzi Bank tərəfindən müstəqil pul siyasətinin yeridilməsinə şərait yaratmaq üçün manatın ölkə ərazisində yeganə ödəniş vasitəsi olmasının təsbit edilməsi zərurətə çevrilmişdi. Bu baxımdan ümummilli lider Heydər Əliyevin 11 dekabr 1993-cü il tarixli "Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında" Fərmanı mühüm rol oynadı. Bu fərmanla manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edildi və Azərbaycanın rubl zonasından çıxması təmin edildi.
Milli Bank tərəfindən ölkədə nağd pul dövriyyəsinin nizamlanması, nağd pula olan tələbatın optimallaşdırılması məqsədilə 1994-cü ildə 10.000 manatlıq, 1996-cı ildə isə 50.000 manatlıq əsginazlar çap etdirilərək dövriyyəyə buraxılıb.
1994-cü ildə Almaniyada "Giesecke & Devrient" şirkəti tərəfindən istehsal edilən 10.000 manatlıq əsginazın üzərində "Şirvanşahlar" kompleksinin ümumi görünüşü, arxa tərəfində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə həm rəqəmlə, həm də söz ilə nominal verilmişdi.
İngiltərənin "De La Rue" şirkəti tərəfindən çap edilən 50.000 manat dəyərində əsginazlar 1996-cı ildən dövriyyəyə buraxılıb və bu pul vahidinin üzərində orijinal üslubda Naxçıvanda olan memarlıq abidəsi – "Mömünə Xatun türbəsi", arxa hissəsində isə ənənəvi olaraq milli ornamentlə haşiyələnmiş çərçivədə nominalın dəyəri həm rəqəmlə, həm də sözlə verilib.
İngiltərədə 2001-ci ildə "De La Rue" şirkəti tərəfindən yeni dizaynla 1000 manat dəyərində əsginaz buraxılıb. Bu əsginaz Azərbaycanda neftin çıxarılması və istehsal edilməsinə həsr edilib. Əsginazın dizaynında ənənəvi çərçivələr və ornamentlər istifadə edilib.
Ümumilikdə, Azərbaycan Respublikasının Milli Bankı tərəfindən ölkə iqtisadiyyatının nağd pula olan tələbatının ödənilməsi məqsədilə 1992-2005-ci illər ərzində 5 trilyon 238 milyard manat həcmində 692,5 milyon ədəd əsginaz istehsal olunaraq dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən geri yığılıb.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 7 fevral 2005-ci il tarixdə "Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında" Fərman imzalanıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu. AZM və AZN-in birgə 1 il ərzində – 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi. Lakin AZM-lərin AZN-lərə dəyişdirilməsi prosesinə heç bir məhdudiyyət qoyulmadı və hazırda da bu proses xırda həcmdə olsa da davam edir.
Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əsginazlar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət olub.
Yeni manatın dizaynı ilə bağı müsabiqənin qalibi Avstriyanın "OeBS" şirkətinin dizayneri, avronun müəllifi Robert Kalina olub. Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb.
S.Xankişiyeva