Vilayət Quliyev: Bəlkə Tağıyevin abidəsinin ümumxalq ianəsi hesabına qoyulması ilə bağlı təşəbbüs qrupu yaradılsın? | 1news.az | Xəbərlər
Cəmiyyət

Vilayət Quliyev: Bəlkə Tağıyevin abidəsinin ümumxalq ianəsi hesabına qoyulması ilə bağlı təşəbbüs qrupu yaradılsın?

12:53 - 08 / 09 / 2019
Vilayət Quliyev: Bəlkə Tağıyevin abidəsinin ümumxalq ianəsi hesabına qoyulması ilə bağlı təşəbbüs qrupu yaradılsın?

Çox dəyərli bir təşəbbüs - Bakıda məşhur xeyriyyəçi, "millət atası" Hacı Zeynalabdin Tağıyevə abidə qoyulması təklifi artıq gerçəkləşmək üzrədir.

Bu məsələ ilə bağlı çoxdan bəri üzərində düşündüyüm bir fikri facebook istifadəçiləri ilə bölüşmək istərdim: Dostlar, bəlkə H.Z.Tağıyevin abidəsinin ümumxalq ianəsi hesabına qoyulması ilə əlaqədar bir təşəbbüs qrupu yaradılsın?

Əlbəttə, dövlətimizin iqtisadi gücü, qüdrəti və xeyirxah iradəsi qat-qat böyük layihələri maliyyələşdirməyə imkan verir. Lakin ümumxalq istəyi və ianəsi ilə görülən hər hansı bir iş insanların ürəyindəki minnətdarlıq duyğusunun ifadəsi, milli şüurun yetkinliyi və tarixi yaddaş baxımından son dərəcə önəmlidir. Tarixdə belə nümunələr az deyil.

"Hophopnamə"nin 1914-cü ildə çıxan ilk nəşri xalqın qəpik-qəpik, manat-manat topladığı ianələr hesabına çap olunmuşdu. Moskvadakı məşhur Minin və Pojarski abidəsi ümumxalq ianəsi ilə qoyulub.
Hazırda Macarıstanda ümumxalq ianəsi əsasında hunların əfsanəvi rəhbəri Atillanın şərəfinə abidə kompleksinin tikilməsi ilə bağlı geniş ictimai müzakirələr aparılır.

Azərbaycanda belə ümumxalq sevgisinə layiq ictimai xadimlərin önündə heç şübhəsiz, Hacı Zeynalabdin gəlir. Əlbəttə, mənə deyə bilərlər ki, sənin nə vecinə, oturmusan xaricdə, valyuta ilə maaş alırsan. Amma camaatın vəziyyəti ağırdır və s.

Vaxtı ilə Həsən bəy Zərdabi kəndbəkənd dolaşıb məktəb üçün vəsait toplayanda könüllü şəkildə yanına gələn qoca bir suçu dolağını açıb oradan bir neçə şahı pul çıxarmış və utana-utana Həsən bəyə uzadaraq "Gümanım gələn budur"- demişdi.

Həsən bəy "Sənin verdiyin bu bir neçə şahı zənginlərin verəcəyi (əgər versələr!) yüz manatlardan daha dəyərlidir" -deyə qocanı sakitləşdirmişdi. Yəni hərə öz imkanına, öz ürəyinə görə! Məncə 10 milyonluq xalq (hələ xaricdəki millətsevər soydaşlarımızı demirəm) öz xeyirxahının xatirəsini bu şəkildə əbədiləşdirməyə qadir olmalıdır. Bunu bacarsaq, cəmiyyətimizi içəridən qurd kimi yeyən laqeydlik mikrobuna da ölümcül bir zərbə vurmuş olarıq.

P.S. Heykəlin təqdim olunan maketi isə doğrusu, məni o qədər də açmadı. Məncə, məşhur rus rəssamı Brodskinin çar II Nikolay tərəfindən H.Z.Tağıyevə "həqiqi mülki müşavir" çini verilməsi münasibəti ilə çəkdiyi "paradnı portreti" mərmərə, yaxud gipsə köçürməyə lüzum yoxdur. Böyük xeyriyyəçinin daha xəlqi, Azərbaycan insanının ürəyinə daha çox yatan bir obrazını yaratmaq üzərində düşünmək lazımdır.

Vilayət Quliyev

Azərbaycanın Macarıstandakı səfiri, tədqiqatçı lim

Paylaş:
535

Son xəbərlər

Bütün xəbərlər