Sərxan Həşimov Microsoft-u tərk edərək yeni vəzifəyə təyinat alıb – FOTO

Son 3,5 il ərzində Azərbaycanda Microsoft Korporasiyasının təmsilçiliyinə rəhbərlik edən Sərxan Həşimov yeni vəzifəyə təyinat alıb.
1news.az-a Sərxan Həşimovun bildirdiyinə görə, o, Elcore AG şirkətinin Şərqi Avropa və Mərkəzi Asiya üzrə baş meneceri təyin edilib.
Elcore şirkəti 1996-cı ildən fəaliyyət göstərir, aparıcı istehsalçıların proqram təminatı və xidmətləri, IT avadanlıqlarının distributorudur.
Yeni rəhbərlin vəzifə öhdəliklərinə bazarda informasiya texnologiyalarının inkişafı, tərəfdaş ekosistem, əsas müştərilər və tərəfdaşlarla güclü işgüzar münasibətlərin qorunması, regionda innovativ iqtisadiyyatın inkişafı üçün hökumətlərlə əməkdaşlıq daxildir.
Sərxan Həşimovun rəhbərliyi ilə Microsoft Korporasiyasının təmsilçiliyi ölkədə tarixi əhəmiyyətli nəticələrə nail olub. Xüsusilə də, Azərbaycan hökuməti ilə dövlət sektorunda kompüter ve server park lisenziyalaşdırması ilə bağlı dövlət müqaviləsi imzalanıb.
S.Həşimov qeyd edib ki, Azərbaycan Microsoft-la genişmiqyaslı müqavilə imzalayan regionda yeganə ölkədir. O, sözlərinə əlavə edib ki, bu layihənin yekununda ölkəmiz müəllif hüquqları və innovativ inkişaf sahəsində dünya reytinqini yaxşılaşadıracaq.
S.Həşimov regiondakı nailiyyətlərinə görə, 2018-ci ildə Microsoft-un qızıl mükafatına layiq görülüb. Bu, onun ilk mükafatları deyil: iki il ərzində o, Oracle şirkətlərinin ən çox müvəffəqiyyət qazanmış əməkdaşları sırasında olub, SAP şirkətində isə 2015-ci ilin yekunlarına görə, ən yaxşı işçi adına layiq görülüb.
Tərcümə: S.Xankişiyeva