Mərkəzi Bank faizi aşağı endirdi – RƏSMİ
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 25 baza punktu azaldılaraq 8.25%-dən 8%-ə endirilməsi haqda qərar qəbul edib.
Mərkəzi Bankdan 1news.az-a verilən məlumata görə, faiz dəhlizinin yuxarı və aşağı hədləri uçot dərəcəsinə ±1.75%-lik diapazonda müəyyən edilib.
Faktiki inflyasiya hədəf diapozonunun ortasından aşağıda qalır, qısamüddətli inflyasiya gözləntilərinin dinamikasında əhəmiyyətli dəyişikliklər müşahidə olunmur. Yenilənmiş proqnozlara görə 2019-cu ilin sonuna inflyasiya dəhlizin orta səviyyəsindən bir qədər yuxarı olmaqla hədəf diapazonu (4±2%) daxilində qalacaqdır.
Risklər balansının təhlili göstərir ki, xarici amillər daxili amillərə nisbətən orta müddətli perspektivdə inflyasiya üçün daha böyük təhdid potensialı daşıyır. Xarici amillərə başlıca olaraq qlobal ticarət və valyuta sferalarında olan gərginliklər, qlobal artım perspektivlərinin pisləşdiyi şəraitdə dünya əmtəə bazarlarında dəyişkənliyin artması aiddir.
Mərkəzi Bank bu risklərin monitorinqini davam etdirəcək və inflyasiyanı hədəfdə saxlamaq üçün sərəncamındakı alətlərdən adekvat istifadə edəcəkdir.
Faiz dəhlizinə dair növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfə uyğunluğu, daxili və xarici risklərin reallaşmasının inflyasiyaya təsirindən asılı olaraq veriləcəkdir.
S.Xankişiyeva