Hikmət Hacıyev: Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır

“Əsrin müqaviləsi”nin imzalanmasından 25 il keçir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi neft strategiyası əsasında Azərbaycan Respublikası tərəfindən çox çətin bir geosiyasi dövrdə ölkəmizin üzləşdiyi təhlükələrin və risklərin fonunda beynəlxalq neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı və Azərbaycan uğurlu bir enerji strategiyasının və diplomatiyasının əsasınl qoydu.
1news.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev deyib.
Şöbə rəhbərinin sözlərinə görə, uzun illər ərzində Azərbaycan neft istehsalçısı olmasına baxmayaraq bu bir çox hallarda bilavasitə Azərbaycan xalqının mənafeyinə xidmət etməmişdi. “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni bir neft erası başladı ki, bunun da birbaşa mənfəətini Azərbaycan dövləti, xalqı gördü:
“Biz ötən 25 ilə nəzər salanda bir daha görürük ki, Azərbaycanın həyata keçirdiyi uğurlu enerji strategiyası Azərbaycanın müstəqilliyinin, iqtisadiyyatının inkişafının, çiçəklənmısinin təməli olmaqla yanaşı, beynəlxalq müstəvidə də, regional müstəvidə də enerji təhlükəsizliyinə töhfə verən bir amil olub”.
H.Hacıyev bildirib ki, Azərbaycanın enerji strategiyasının vacib təməl prinsiplərindən biri onun şəffaf və uğurlu bir şəkildə idarə olunması mexanizmidir:
“Bu gün Azərbaycanın enerji strategiyasının vacib bir təməl nöqtəsi var. Bu gün ölkəmiz artıq qaz ixrac edən ölkədir. TANAP və TAP layihələri özünün icrasının son mərhələsinə qədəm qoymaqdadır və ümid edirik ki, tərəf müqabillərimizlə birlikdə bu layihənin də tezliklə məntiqi sonluğuna çatdırılmasına nail olacağıq və Azərbaycan özünün qaz resursları ilə Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək.
Azərbaycan beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır. Əsrin müqaviləsi imzalanan zaman Azərbaycan etibarlı tərəfdaş olduğunu beynəlxalq tərəf müqabilləri ilə münasibətdə göstərdi”.
P.Sultanova