Bakıda ilk MİKTA film festivalı başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ilk MİKTA film festivalı başlayır

16:10 - 26 / 09 / 2019
Bakıda ilk MİKTA film festivalı başlayır

Bakıda MİKTA ölkələrinin (Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliya) ilk film festivalına həsr olunmuş mətbuat konfransı keçirilib. 

1news.az xəbər verir ki, sentyabrın 27-dən oktyabrın 25-nə kimi davam edəcək film festivalı mədəni müxtəlifliyi təşviq etmək və mədəni çoxtərəfli əlaqələri möhkəmləndirmək məqsədi daşıyır. Festivalda Meksika, İndoneziya, Cənubi Koreya Respublikası və Türkiyə səfirlikləri müxtəlif mövzulardan bəhs edən filmləri təqdim edəcəklər.

Tədbirdə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini bildirib ki, bu təşəbbüs “MİKTA” ölkələri tərəfindən Birləşmiş Millətlər Təşkilatının Baş Asambleyasının iclasında irəli sürülüb. Burada məqsəd qarşılıqlı anlaşma şəraitində birgə məsələləri müzakirə etmək, dünyadakı çağırışlara cavab olaraq qlobal sülhün inkişafı istiqamətində fəaliyyət göstərməkdir.

Bununla yanaşı, səfir MİKTA-nın Azərbaycanla da əlaqələrinin ticarət və mədəniyyət çərçivəsində inkişaf etdiyini vurğulayıb.

Onun sözlərinə görə, təşkilatın fəaliyyət istiqamətlərində kinofestivalların təşkili də mühüm yer tutur. Bu məqsədlə “Landmark”ın kinoteatrında keçiriləcək kinofestival zamanı tamaşaçılar “MİKTA”-ya üzv olan ölkələrin seçilmiş filmlərini izləmək şansı qazanacaqlar.

Cənubi Koreyanın ölkəmizdəki səfiri Kim Çanq-gyu bildirib ki, Koreya filmləri keyfiyyətinə görə dünyada öndə gedənlər sırasındadır. Festivala film seçərkən çətinlik çəkdiyini söyləyən səfir, təqdim etdiyi ekran əsərinin “MİKTA” ölkələri və Azərbaycanla mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. Film tarixi janrdadır və Yaponiyanın XX əsrin əvvəllərində Koreyanı işğal etməsi mövzusunda çəkilib. Bu film Koreyada 12 milyon tamaşaçı tərəfindən izlənilib.

Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral deyib: “Türkiyə olaraq “MİKTA”nın fəaliyyətinə önəm veririk. Çünki “MİKTA” bir çox aspektlər üzrə oxşar ölkələri bir araya gətirən bir təşkilatdır”.

Səfir qeyd edib ki, Türkiyəni bu festivalda “Ayla” filmi təmsil edir. Ekran əsəri real hadisələr əsasında çəkilib və bir türk əsgəri ilə koreyalı qız arasındakı münasibətlərdən bəhs edir.

1news.az

 

Paylaş:
517

Son xəbərlər

Bütün xəbərlər