Bu gün Dünya Turizm Günüdür
Bu gün 27 Sentyabr – Dünya Turizm Günüdür.
1news.az-ın məlumatına görə, 1970-ci il sentyabrın 27-də Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) nizamnaməsi qəbul olunub. 1980-ci ildə təşkilat bu tarixin Dünya turizm günü (World Tourism Day) kimi qeyd olunması barədə qərar qəbul edib.
DTT hazırda dünya ölkələri arasında turizm sahəsi üzrə koordinasiyanı həyata keçirən, üzv dövlətlər arasında vahid statistik məlumat bazasının formalaşdırılması, turizmin bu və ya digər növünün inkişaf etdirilməsi və s. məsələlərlə bağlı tövsiyələr verən, BMT nəzdində ixtisaslaşmış təşkilatdır.
Azərbaycan bu təşkilata 2001-ci ildə üzv qəbul olunub. 27 sentyabr - Dünya turizm günü ölkəmizdə də hər il müxtəlif tədbirlərlə qeyd olunur. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı sərəncama əsasən, 27 sentyabr - Dünya turizm günü həmçinin Azərbaycanda turizm işçilərinin peşə bayramı günü elan edilib.
Qurumun fəaliyyətində yaxından iştirak edən ölkəmiz 2013-cü ildən Dünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvüdür.
Qeyd edək ki, bu il ölkəmiz üçün əlamətdar və tarixi bir hadisə olaraq UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü Sessiyasında Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Artıq Şəkidən başqa “Xınalıq” Qoruğunun da UNESKO-nun namizəd irs nümunələrinin ilkin siyahısına salınması ilə bağlı müzakirələrə başlanılıb. Hazırda Şəki şəhərinin yeni konsepsiyası üzərində iş başa çatdırılmaq üzrədir, həmçinin “Yuxarı Baş” qoruğunun ərazisində tarix və mədəniyyət abidələri siyahıya alınaraq vahid məlumat bazası yaradılıb. Digər qoruqlarda da müvafiq işlər davam etdirilir.
İnfrastrukturla bağlı layihələrin reallaşdırılması ilə yanaşı, turist məmnunluğunun artırılması məqsədilə turizm sənayesinin üzvləri proseslərə cəlb olunur, turizmin inkişafına töhfə verəcək ictimai təşkilatlandırma işinə dəstək verilir.
Azərbaycan Hotel Assosiasiyası, Bələdçilər Assosiasiyası, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası və bu kimi ictimai birliklərin yaradılması turizm sənayesinin ümumi məqsəd ətrafında birləşdirilməsinə önəmli təkandır.
Turizm sahəsində ixtisaslı kadr hazırlığı xidmət keyfiyyətinin artırılması baxımından önəm kəsb edir. Bu baxımdan Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Turizm Peşə Məktəbi və Mingəçevir Turizm Kollecinin fəaliyyəti xüsusilə əhəmiyyətlidir.
Ölkə daxilində həyata keçirilən tədbirlərlə yanaşı, xaricdə də müvafiq addımlar atılır, il ərzində dünyanın müxtəlif ölkələrində keçirilən və dünya turizm sənayesinin əsas iştirakçılarını bir araya toplayan beynəlxalq sərgilərdə iştirak edilir, hədəf bazarlarda müxtəlif tədbirlər, seminarlar, təqdimatlar, işgüzar görüşlər təşkil olunur.
Azərbaycanın turizm potensialının xaricdə təbliğatı kampaniyasının əsas istiqamətlərindən biri 2018-ci ilin sonundan etibarən Rusiyanın Moskva, BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanının Ər-riyad, Hindistanın Mumbay, Çinin Pekin və Almaniyanın Frankfurt şəhərlərində daimi turizm nümayəndəliklərinin fəaliyyətə başlaması olub. Bu nümayəndəliklərlə yanaşı, daha bir neçə fərqli regionlardan olan ölkələrdə daimi turizm nümayəndəliklərinin açılması da planlaşdırılır.
Qeyd olunan bütün fəaliyyətlər 2016-cı ilin sonunda dövlət başçısının təsdiqi ilə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə qeyd olunan məqsəd və vəzifələrin həyata keçirilməsinə hədəflənmişdir. Bu məqsəd və vəzifələrin icrasının nəticəsi olaraq 2018-ci ildə Azərbaycana gələn xaricilərin sayında 2017-ci illə müqayisədə 5.7 faiz artım olub. Eləcə də 2019-cu ilin birinci yarısında Azərbaycanı ziyarət etmiş xarici qonaqların sayı 1.4 milyona çatıb ki, bu da ötən ilin eyni dövründə ölkəyə gəlmiş 1.3 milyon xarici ziyarətçi ilə müqayisədə 86 min və ya 6.5 fazi çox qonaq deməkdir. Hədəf 2023-cü ilədək ölkəyə gələn turist sayını 2 dəfəyədək artırmaqdır.
Xüsusi olaraq vurğulanmalıdır ki, son illər Azərbaycanda turizm sahəsində aparılan köklü islahatlar, qəbul edilən qərarlar və reallaşdırılan layihələr öz bəhrəsini verməkdədir. Görülmüş işlərin nəticəsidir ki, ölkəmizə gələn turistlərin sayında ilbəil artım müşahidə olunmaqdadır.
Babək Cahandarov