Akademik Musiqili Teatr Albaniyaya festivala hazırlaşır | 1news.az | Xəbərlər
Cəmiyyət

Akademik Musiqili Teatr Albaniyaya festivala hazırlaşır

16:28 - 02 / 10 / 2019
Akademik Musiqili Teatr Albaniyaya festivala hazırlaşır

10-15 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı daha bir Beynəlxalq tədbirdə – Albaniyanın Elbasan şəhərində​ XXI​ ənənəvi Skampa Beynəlxalq Müasir Teatr Festivalında iştirak edəcək.

Teatrın mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, albaniyalı rejissor Adonis Filipinin bədii rəhbərliyi ilə ərsəyə gələn "Skampa-2019" festivalı çərçivəsində müxtəlif seminarlar, tamaşaların təqdimatları, konsertlər, sərgilər, görüşlər, həmçinin mədəniyyətlərarası dialoqun qurulması,​ beynəlxalq səhnə təcrübələrinin qarşılıqlı mübadiləsi barəsində​ geniş müzakirələr keçiriləcək.

Albaniya ilə yanaşı, ABŞ, İtalya, Rumıniya, Polşa, Macarıstan, Kosova, Şimali Makedoniya və dünyanın  bir çox müxtəlif, nüfuzlu teatrlarının qatıldığı bu​ ənənəvi festivalda ölkəmizi Akademik Musiqili Teatr təmsil edəcək və Samuel Bekketin məşhur “Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı tamaşasını göstərəcək.  

Qeyd edək ki, Xalq artisti, professor Fərəc Qarayev tərəfindən ​ dünyada ilk dəfə simfonik musiqi bəstələnən bu əsər ötən mövsümdən​ teatrın repertuarına daxil olub.

Hər kəs tərəfindən birmənalı qəbul edilməyən, dərin fəlsəfi mənaya malik olan absurd tamaşanın bədii rəhbəri​ Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev,​ quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipurdur.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

Əsərdə Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki,​ Oğlan​ obrazlarını Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar - Əliməmməd Novruzov, Hüseyn Əlili və  teatrın on beş​ yaşlı aktyoru Hüseyn Nağıyev ifa edirlər.

Bundan əlavə ''Qodonun intizarında" tamaşası dekabr ayında İran İslam Respublikasında – Təbrizdə keçiriləcək  II Alef  Beynəlxalq Teatr Festivalına da dəvət alıb.

1news.az

Paylaş:
438

Son xəbərlər

Sabahın hava PROQNOZU

19 / 05 / 2025, 12:37
Bütün xəbərlər