Kapital Bank rəqəmsal bankçılıq sahəsində ilkə imza atdı
Müasir dünya inkişaf etdikcə bütün müştərilərə kütləvi şəkildə aksiyalar təqdim edilməsi öz aktuallığını itirir.
Qlobal şirkətlər artıq hər bir müştəriyə fərdi yanaşma tətbiq edərək öz xidmət səviyyəsini yüksəldir. Kapital Bank da yerli bankçılıq sahəsində bu istiqamətdə ilk addımı ataraq, EVAM Streaming Analytics platformasını tətbiq etməyə başlayıb.
Sözügedən platforma ani data əsasında müştəri profilinin analizinə uyğun olaraq doğru zamanda doğru addımlar atmağa imkan verir.
Kapital Bank-ın Baş Marketinq İnzibatçısı Samir Məmmədovun dediyinə görə indiyə qədər müştərilər kütləvi mesajlar alırdılarsa, artıq EVAM platformasının tətbiqindən sonra müştərilər yalnız onlara uyğun olan məlumatı alacaqlar. Belə ki, müştəri kartla və ya BirBank mobil tətbiqində əməliyyat edən zaman həmin əməliyyata və onun fərdi profilinə uyğun olan kampaniyaları, eləcə də başqa faydalı məlumatları əldə edəcək. Hansı müştəriyə, hansı anda, hansı təklifin və ya məlumatın maraqlı ola biləcəyi isə data modelləşdirmənin köməyi ilə təyin olunur. Bununla da individual müştəri səviyyəsində seqmentləşdirmə etmək mümkün olub.
“Tətbiq etdiyimiz EVAM platforması vasitəsilə hər bir müştəriyə onun üçün xüsusi hazırlanan təkliflər, ona maraqlı ola biləcək yeniliklər və ya məlumatlandırıcı mətnlər gerçək zamanda göndərilir. Misal üçün, müştəri PIN şifrəni 3 dəfə səhv yığıb və onun kartı bloklanıb. Kart bloka düşən anda müştəriyə BirBank-a daxil olub kartın PIN şifrəsini yeniləyərək, blokdan çıxarılması haqqında SMS və ya BirBank vasitəsilə bildiriş göndərilir. Və ya başqa bir misal çəkim. Bəzən olur ki, müştərilər kreditin ödəniş vaxtını unudurlar. EVAM vasitəsilə hər bir müştəri öz kreditinin son ödəniş tarixinə 3 gün qalmış ödəmə vaxtının yaxınlaşdığı və ödənişi ən rahat hansı üsulla ödəyə biləcəyi barədə bildiriş alır”, - deyə Samir Məmmədov bildirib.
“Bildiyiniz kimi 430 000-ə yaxın istifadəçisi olan BirKart taksit kartının ölkə üzrə 3 000-ə qədər partnyoru vardır. Və bu partnyorlarda alış-veriş edərkən müştəri əlavə faiz və ya komissiya ödəmir. Ola bilər ki, müştəri alış-veriş etdiyi hər hansı bir mağazanın BirKart-ın partnyorlar siyahısında olduğunu bilmir və orada BirKart vasitəsilə sadəcə nağdsız ödəniş edir. Bu zaman dərhal müştəri mağazanın BirKart partnyoru olması və məhsulu faizsiz taksitlə alaraq, dəyərini müvafiq olaraq 18 ayadək müddətə bərabər hissələrlə ödəyə biləcəyi barədə bildiriş alır. Bundan başqa BirBank vasitəsilə bonus ürəklər toplayan müştərilər, ürək balansları hansısa bir hədiyyəyə dəyişə biləcəkləri miqdara çatdığı anda, həmin hədiyyələr haqda bildirişlər alacaqlar”, - deyə S. Məmmədov qeyd etdi.
Hazırda Kapital Bank-da bu tipli innovativ layihələr çoxdur. Layihələri gerçəkləşdirmək üçün həvəsli və daima öz üzərində işləyən İT və Data Analitiklər üçün vakansiyalar mövcuddur. Maraqlanan şəxslər öz CV-lərini və motivasiya məktublarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Reklam hüququnda