Huawei Avrasiya İnnovasiya Günü
Oktyabrın 23-ü Bakı şəhəri Heydər Əliyev Mərkəzində sayca üçüncü Huawei Avrasiya İnnovasiya Günü start götürür.
Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Huawei” şirkəti ilə birgə əməkdaşlığı çərçivəsində keçirilən tədbirdə yüksək texnologiya və innovasiyalar sahəsinə dair ən son yeniliklər ilə tanış olmaq, müxtəlif forumlarda iştirak etmək, habelə təşkil olunacaq sərgini ziyarət etmək mümkün olacaq.
Hal-hazırda Bakıda keçirilən “İnnovasiya həftəsi”nin əsas tərəfdaşlarından və dünya telekommunikasiya sahəsinin aparıcı brendlərindən biri olan “Huawei Technologies Azerbaijan LLC.”-nin direktoru Tszanlin Lu baş tutacaq tədbir ilə bağlı keçirilən mətbuat konfransında artıq 15 ildir ki, Azərbaycan bazarında fəaliyyət göstərdiklərini vurğulayaraq bildirdi:
“Biz simsiz və genişzolaqlı optik ötürmə şəbəkələri üçün kompleks həllər, həmçinin Azərbaycanın “Azercell Telecom”, “Azerconnect”, “Aztelecom”, “Baktelecom” kimi 5 milyondan artıq istifadəçini əhatə edən böyük şəbəkə operatorlarına IP xidməti təklif edirik. İnformasiya Kommunikasiya Texnologiyaları sahəsi və rəsmi qurumları innovativ həllər ilə təmin edirik”.
Daha sonra Tszanlin Lu “Huawei” şirkəti adından Azərbaycan hökuməti və xalqına minnətdarlığını dilə gətirərək “Biz “Azərbaycanda, Azərbaycan üçün!” fəlsəfəmizə uyğun olaraq müştərilər üçün yeni dəyərlər yaratmağa, sözügedən sahəyə yatırımlar etməyə və onun nəticəsini yerli auditoriya ilə bölüşməyə davam edəcəyik” deyə əlavə etdi.
Şirkət rəsmisi “Huawei”in Azərbaycana etdiyi yatırımların gələcəkdə daha da artırılacağını söyləyərək “Bu, İKT sahəsində yeni istedadların üzə çıxmasını stimullaşdırır. Biz açıq əməkdaşlıq edir və ikitərəfli qazanırıq. Əminik ki, Azərbaycanda ölkənin İKT və rəqəmsal sahəsinin inkişafı üçün yeni eko-tərəfdaşlar da qazanacağıq” deyə vurğulayıb.
“İnnovasiya həftəsi”nə gəlincə isə Tszanlin Lu qeyd etdi: “Gələcəyə baxaraq söyləyə bilərəm ki, İKT sahəsində baş verən yeniliklər insan sivilizasiyanın zinətidir. Bu, individual potensialın ortaya çıxmasına, biznesin inkişafına töhfə verə, habelə insan həyatını nəinki daha təhlükəsiz, hətta daha sağlam və zəngin edə bilər. Bu innovasiyalar iqtisadiyyat, tərəqqi və ətraf mühit kimi vacib qlobal problemlərin öhdəsindən gəlmək üçün bizə kömək edəcək.
Məhz bu səbəbdən biz sizi İKT sahəsində innovativ texnologiyaların gələcək inkişafı, Avropa və Asiyada rəqəmsal iqtisadiyyatın potensialını müzakirə etmək üçün 23 oktyabr tarixində Heydər Əliyev Mərkəzində keçiriləcək Huawei Avrasiya İnnovasiya Günü tədbirinə dəvət edirik. Tədbirdə texnoloji tərəqqinin dünya iqtisadiyyatı və bütün bəşəriyyətin inkişafına inamlı töhfə verməyi ilə yanaşı, hər bir fərdin, ailənin, qurumun fəaliyyət səviyyəsini necə yüksəldə biləcəyi barədə suallara cavab tapmağa çalışacağıq”.
Tszanlin Lu həmçinin Azərbaycanın İKT potensialı barədə də söz açaraq ölkənin bu sahəyə böyük diqqət ilə yanaşdığını söylədi: “Azərbaycanda olduqca inkişafameyilli innovativ atmosfer və istedadlar var. Bakı inanılmaz dərəcədə gözəl və özündə həyat eşqi yaşadan tarixi bir şəhərdir. İnanıram ki, “Huawei Avrasiya İnnovasiya Günü” çərçivəsində Bakıya təşrif buyuranlar buranın gözəlliyindən heyrətə gələcəklər. Bu kimi yüksək əhəmiyyətli tədbiri təşkil etdiyinə görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə minnətdarlığımı bildirirəm”.
“Huawei Avrasiya İnnovasiya Günü” tədbiri sərgi və forum olmaqla iki hissədən ibarət olacaq.
“İnnovasiya həftəsi” barədə daha ətraflı məlumat almaq üçün tədbirin rəsmi veb səhifəsinə daxil ola bilərsiniz.
Reklam hüququnda