Bakıda X Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi işə başlayıb

Noyabrın 13-də Bakı Ekspo Mərkəzində “Caspian Ecology” – X yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi işə başlayıb.
1news.az-ın verdiyi xəbərə görə, noyabrın 15-də başa çatacaq sərgi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən dəstəklənir.
“Caspian Ecology” sərgisi dövlət sektorunu təmsil edən nümayəndələr, ekoloji məhsulların istehsalçısı, satıcı və istehlakçıları, o cümlədən sektor ekspertlərinin ənənəvi görüş yeri olmaqla yanaşı faydalı əlaqələr qurmaq və ekologiya sənayesinin aktual təmayülləri ilə tanış olmaq üçün effektiv platformadır. “Caspian Ecology” sərgisi ilk dəfə 2010-cu ildə öz qapılarını ziyarətçilərin üzünə açıb və həmin vaxtdan bəri həm Azərbaycan, həm də region mütəxəssisləri arasında bu sərginin nüfuzu durmadan artır. Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 15 ölkəsindən 500-dən çox şirkəti bir araya gətirib.
Sərgi növbəti dəfə ictimaiyyətin və müvafiq qurumların diqqətini ətraf mühitin mühafizəsi, təbii ehtiyatlardan istifadənin optimallaşdırılması və bərk tullantıların təkrar emalı kimi mövzulara cəlb edir. 3 gün ərzində 10 ölkədən 60 şirkət sərginin peşəkar auditoriyasında sənayenin ən son nailiyyət və innovasiyalarını nümayiş etdirəcək. Diqqətəlayiq haldır ki, eksponentlərin 17%-nin əksəriyyəti sərgidə debüt edən xarici iştirakçılar təşkil edir. Bu il sərgi iştirakçılarının sayında artım 28%, sərginin sahəsində isə 20% təşkil edib.
“Caspian Ecology” sərgisi ekologiya sektorunun aşağıdakı istiqamətlərini ehtiva edir:
- EcoTech - tullantıların utilizasiyası və emalı üçün avadanlıqlar, sutəmizləmə və təkrar emal sistemləri;
- EcoFood - ekoloji məhsul və içkilər: fermer məhsulları, sağlam qida, balıqçılıq;
- EcoManage – mühəndis-konsaltinq xidmətləri, texniki dəstək, layihələndirmə;
- Recycled Products – təkrar emal edilmiş materiallardan hazırlanan məişət əşyaları, tullantılar üçün konteynerlərin istehsalçısı, kağız-karton istehsalı;
- EcoBuild – inşaat material və texnologiyaları.
Ənənəvi olaraq, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin stendində son il ərzində nazirliyin dəstəyi ilə hazırlanmış ətraf mühitin mühafizəsi sahəsində mütərəqqi ekoloji layihələr təqdim edir. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyini, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, “EkoSfera”, “IDEA” İctimai birliyi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi sərgidə öz stendləri ilə iştirak edir.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) "Caspian Ecology" Sərgisində də kiçik və orta sahibkarlara dəstək məqsədilə öz stendi ilə iştirak edəcək. Bu stenddə ekologiya sahəsində fəaliyyət göstərən bir sıra KOB subyektləri öz məhsul və xidmətlərini nümayiş etdirəcəkdir.
“Azersu”, “Azergold”, “Azersun”, “BP”, “GIZ”, “SOCAR Polymer”, “Təmiz Şəhər” ASC və digər şirkət və strukturlar sərginin daimi iştirakçıları sırasındadır. Debütantlar arasında “SOCAR Foster Wheeler Engineering”, “MEVA A.S.” (Çex Respublikası), “DVOKUT-EKPO” MMC (Xorvatiya), “ARC Su Aritma Texnologiyalari” (Türkiyə) və digər şirkətlər yer alır. Sərginin debütantlarının ümumi sayı isə 45% təşkil edir.
Tədbirin sponsoru qismində “Mətanət A”, “BP”, “AIMC” və “Holcim Azerbaijan” şirkətləri çıxış edir.
Sərgini müşayiət edən işgüzar proqramın bir hissəsi olaraq, yerli və xarici iştirakçıları arasında “B2B” formatlı ikitərəfli işgüzar görüşlər keçiriləcək. Sərgi çərçivəsində ilk dəfə olaraq “Şirkətlərin sosial məsuliyyəti – Yaşıl dalğa” adlı sessiya təşkil olunacaq və bu sessiyanın gedişatında bir sıra şirkət nümayəndələri öz korporativ məsuliyyət siyasətləri çərçivəsində ekoloji istiqamətdə həyata keçirilən tədbirlər üzrə praktiki təcrübələrini paylaşacaqlar.
Bundan əlavə, Bakı Ekspo Mərkəzinin foyesində “Tullantıdan sənətə” ekspozisiyası nümayiş olunacaq. Bu ekspozisiya çərçivəsində “Təmiz Şəhər” ASC ilə birlikdə istehsalat tullantılarından hazırlanmış sənət əşyaları sərgilənəcək. Həmçinin rəssam Aytən Abdullayevanın köhnə jurnal kəsiklərindən hazırlanmış orijinal rəsm əsərləri, Nəzrin Musayevanın polietilen paketlərdən hazırlanmış pannosu və xüsusi olaraq okeanları çirkləndirən plastik kütlələrdən birdəfəlik istifadə problemini ön plana çəkmək məqsədi ilə Azərbaycan Beynəlxalq Məktəbi “TISA”nın şagirdləri tərəfindən plastik qablardan hazırlanmış 7,5 metrlik nəhəng balina sərginin bir hissəsini təşkil edəcək.
Beləliklə, “Caspian Ecology” sərgisi aparıcı sənaye iştirakçıları və dövlət qurumları ilə eyni platformada görüşmək üçün imkan yaradan və yeni təchizatçı və tərəfdaşlar ilə tanış olmaq, sərfəli sazişlər imzalamaq üçün mühüm strateji qovşaqdır.
Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir. 2019-cu ildə sərginin tərəfdaşları arasında “Qafqaz Hotels and Resorts”, “Intourist Hotel” və “Boulevard Hotel” mehmanxanaları, “Greenwich Travel Club” turoperatoru, eləcə də “Uşaq zonası” üzrə tərəfdaş - "Bağçam" Uşaq Bağçaları Şəbəkəsi yer alırlar.
1news.az