Harvard Universitetində Cenevrə Universitetinin doktorantı Bakının davamlı inkişafının konseptual tərəflərini açıqlayıb

2019-cu ilin noyabrında ABŞ-ın Boston şəhərində Harvard Universitetinin davamlı infrastruktur layihələrini tədqiq edən «Zofnass» Proqramı üzrə «İqlim Dəyişikliklərinin Qarşısını Alınması üçün Davamlı İnfrastruktur» («Sustainable Infrastructure for Preventing Climate Change») adlı beynəlxalq konfrans təşkil olunub.
Gündəliyi yeni tədqiqatlarla zəngin olan konfransda dünyanın müxtəlif tanınmış universitetlərindən toplanmış alimlər, dövlət və özəl sektorun təmsilçiləri, o cümlədən beynəlxalq təşkilatların nümayəndələri qlobal istiləşməni məhdudlaşdırmaq və iqlim böhranına qarşı davamlı infrastruktur layihələrini təşviq etmək üçün geniş müzakirələr aparıblar.
Konfransda su infrastrukturları və elektrik stansiyaları, tullantıların idarə edilməsi, liman və aeroport layihələri, sahil boyu ərazilərinin reabilitasiyası, dəmir yolları və körpülərin salınması, magistral yolların qurulması və s. layihələrinin icrası zamanı nəzərə alınmalı müasir standartlar barədə geniş diskussiyalar aparılıb. Bu sahədə ABŞ, Kanada, Böyük Britaniya, İspaniya, Hindistan nümunələri ilə yanaşı, ilk dəfə Azərbaycanda icra olunan layihələr də diqqət mərkəzində olub.
Cenevrə Universitetinin doktorantı Tural Əliyevin «Davamlı inkişafın məqsədləri və dəyərlərin yaradılması: iqtisadi dəyərlərin davamlı şəhər inkişafı ilə bərabər əhəmiyyətə malik olmasının önəmi Bakının sahil ərazilərinin reabilitasiyası nümunəsində» («SDGs and Value Creation: Equating Economic Valuation with Sustainable Urban Development. The case of Waterfront Industrial Districts in Baku, Azerbaijan) adlı təqdimatı maraqla qarşılanıb. O, çıxışında İsveçrə və Azərbaycanda apardığı elmi tədqiqatın nəticələrini bölüşüb, Bakı şəhər brendinin yaradılması istiqamətində görülən işlərin konseptual tərəflərinə toxunub. Bildirib ki, Bakının davamlı inkişafında iqtisadi səmərəlilik və abadlıqla yanaşı, ətraf mühitin qorunması, ekoloji faydalılıq və təbii fəlakətlərə uyğunlaşma kimi mühüm prinsiplər də gözlənilməlidir. T.Əliyev şəhərin davamlı inkişafı zamanı məsələlərə kompleks yanaşılmasının, zəncirvari prosesin qurulmasının önəmini vurğulayıb. Tədqiqatçı qeyd edib ki, bu işlər son nəticədə şəhər sakinlərinin də məmnunluğunun artırılmasına hesablanmalıdır.
Tədbirdə həmçinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi iştirak edib, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının rəhbəri Bakıdan internet vasitəsilə toplantıya qoşulub.
İldə iki dəfə keçirilən bu konfransın əsas məqsədlərindən biri qlobal istiləşmənin 1,5 C-dən aşağı salınması üçün davamlı infrastruktur layihələrini dövriyyəyə buraxmağa imkan yaratmaqdır. Harvard Universitenin «Zofnass» Proqramı məhz məqsədlə «Envision» sistemini ərsəyə gətirib. Bu sistem planlaşdırma və ilkin dizayn mərhələləri zamanı infrastruktur layihəsinin dayanıqlılığını optimallaşdırmağa kömək edən, habelə layihənin nisbi dayanıqlılığını ölçmək üçün bir vasitədir. Bu vaxta kimi ortaq bir ölçü sisteminin olmaması infrastruktur layihələrinin ətraf mühitə təsirini qiymətləndirmək üçün mübahisələrə yol açırdı. «Envision» sistemi bu problemi həll etməklə, müvafiq davamlılıq sertifikatları ilə layihələri qiymətləndirməyə yeni imkanlar açır.
1news.az