İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib – FOTO – YENİLƏNİB

09:04 - 27 / 11 / 2019
İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə iştirak edib – FOTO – YENİLƏNİB

Noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Prezident İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar.

Hörmətli müəllimlər, tələbələr.

Mən sizi və bütün Azərbaycan xalqını Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. Universitetin bütün kollektivinə yeni uğurlar arzulayıram.

Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilmişdir. Bu qərar bir daha onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişdir. Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil. Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzləşmişdi və ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha respublikanın niyyətini, qurucuların siyasətini əks etdirir. Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. Bu, bir daha onu göstərir ki, müstəqilliyi əldə etmək onu qoruyub saxlamaqdan daha asandır. Müstəqilliyi qorumaq, onu müdafiə etmək, onu gücləndirmək böyük siyasi biliklər, böyük cəsarət tələb edir.

Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra Bakı Dövlət Universiteti yeni ictimai-siyasi dövrdə fəaliyyətini davam etdirirdi. Yüz il ərzində universitetin 200 minə yaxın məzunu Azərbaycanın müxtəlif sahələrində öz bilik və bacarıqlarını nümayiş etdirmişdir. Məzunlar arasından görkəmli şəxslər, alimlər, ictimai xadimlər, siyasətçilər, mütəxəssislər çıxmışdır. Onların bir çoxu Azərbaycanın hərtərəfli inkişafına öz dəyərli töhfəsini vermişdir.

Azərbaycan xalqının ümummilli lideri, müasir Azərbaycanın qurucusu Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi. Heydər Əliyev həm sovet dövründə, həm müstəqilliyin ərəfəsində, həm də müstəqillik dövründə xalq qarşısında, dövlət qarşısında misilsiz xidmətlər göstərmişdir. Məhz onun rəhbərliyi ilə sovet dövründə Azərbaycan müttəfiq respublikalar arasında ən geridə qalmış yerdən ən qabaqcıl yerlərə qədər yüksəldi. O vaxt, - gənclər təbii ki, bunu bilmirlər, - respublikaları fərqləndirən bir neçə əlamət var idi. Onların arasında keçici “Qırmızı bayraq” var idi. Yəni, “Qırmızı bayraq” ilə o respublikalar təltif olunurdu ki, orada həm sənayedə, həm kənd təsərrüfatında, həm də bütün digər sahələrdə böyük uğurlar var idi. Bax, Heydər Əliyevin dövründə 13 il ərzində Azərbaycan hər il bu “Qırmızı bayrağı” alırdı. Bu, bir daha onu təsdiq edirdi ki, onun rəhbərliyi ilə Azərbaycan böyük uğurlu yol keçmişdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayanda biz ən sonuncu yerlərdə idik. O, Azərbaycanı böyük inkişafa doğru apararaq ən qabaqcıl yerlərə qədər ucaltdı. Əgər sovet dövründə cəmi iki respublika var idi ki, onlar donor kimi fəaliyyət göstərirdi, onlardan biri Azərbaycan idi.

 

Heydər Əliyev təhsil sahəsinə çox böyük diqqət göstərirdi, hər il böyük müşavirələr keçirirdi. Eyni zamanda, Azərbaycan gənclərinin Sovet İttifaqının aparıcı ali məktəblərində oxuması üçün böyük səylər göstərmişdi və bu, unikal xarakter daşıyırdı. Çünki sovet məkanında buna oxşar təcrübə yox idi. Hər il təqribən 800-ə yaxın Azərbaycan gənci Bakıda imtahanlar verməklə Sovet İttifaqının Moskva, Leninqrad və digər böyük şəhərlərindəki aparıcı ali məktəblərinə ezam edilmişdir. Beləliklə, Azərbaycanın gələcəyi üçün güclü kadr potensialı yaradılırdı. Məhz bu kadr potensialı, o cümlədən bu gün ölkəmizin, müstəqil dövlətin uğurlu inkişafını təmin edir. Həmçinin o illərdə yüksək təhsil almış kadrlar bu gün Azərbaycanı ləyaqətlə təmsil edirlər.

Heydər Əliyevin qərarı ilə 1970-ci illərin əvvəllərində Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradılmışdır. Bu da Ulu Öndərin uzaqgörənliyini göstərir. Çünki o vaxt azərbaycanlılar sovet ordusunda az təmsil olunurdu. Heydər Əliyev çox istəyirdi ki, Azərbaycan hərbçiləri yetişsin. Sanki bilirdi ki, nə vaxtsa Azərbaycan müstəqil dövlət olacaq və bu kadrlar bizə lazım olacaq.

Bir sözlə, təhsilə, bütün başqa sahələrə göstərilən diqqət, onun fədakar əməyi və Azərbaycan xalqının müdrikliyi imkan verdi ki, Heydər Əliyev Azərbaycanın ən ağır günlərində öz xilaskarlıq missiyasını icra etsin. Əgər 1970-ci illərdə onun gördüyü işlər xalq tərəfindən rəğbətlə və böyük məhəbbətlə qarşılanmasaydı, - 1990-cı illərin əvvəllərində Azərbaycan böyük fəlakətlə üz-üzə qalmışdı, - Azərbaycan xalqı ona müraciət etməzdi. Məhz o illər ərzində gördüyü işlər Azərbaycan xalqının qəlbində ona inam hissini saxlayırdı.

Ölkəmizin müstəqilliyə qədərki dövründə də, müstəqillik dövründə də Heydər Əliyev daim xalqın yanında idi və xalqa xidmət etmək onun başlıca missiyası idi. 20 Yanvar faciəsindən sonra o, səsini ucaltdı, Moskvadakı daimi nümayəndəliyə gəlib, orada mətbuat konfransı keçirib, sovet rəhbərliyini, Kommunist Partiyasının rəhbərliyini ittiham etmişdir, bu qanlı faciəni pisləmişdir və bütün dünyaya bu həqiqəti çatdırmışdır. Çünki onun böyük nüfuzu var idi və onun dilindən səslənən sözlər, həqiqətlər dünyanın bütün yerlərində əks-səda vermişdi. Halbuki o vaxt Sovet İttifaqının dağılmasına hələ iki il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı dağılacaq. O cəsarətli addım Heydər Əliyevin xalqa nə qədər bağlı olduğunu göstərir.

Ondan sonra uzun illər xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etdi. O da böyük təhlükə idi. Onu da bildirməliyəm ki, 20 Yanvar faciəsindən sonra Azərbaycan rəhbərliyində təmsil olunanlar susmuşdular, ağızlarına su alıb susmuşdular, biri də bu qanlı faciəni qınamadı, biri də öz səsini ucaltmadı. Bu, bir daha göstərdi ki, ovaxtkı rəhbərlik antimilli rəhbərlik idi. O hakimiyyəti əvəzləyən, qanunsuz yollarla hakimiyyəti zəbt etmiş AXC-Müsavat cütlüyü bir ildən çox hakimiyyətdə idi. Bir il ərzində 20 Yanvar faciəsinə siyasi və hüquqi qiymət vermədi. Hakimiyyət onların əlində idi. Nə üçün bunu etmədilər? Nə üçün xalqımızın bu faciəsinə, bu yarasına biganə qalmışdılar? Bu, həqiqətdir. 20 Yanvar faciəsinə, Azərbaycan xalqına qarşı törədilmiş bu cinayətə məhz Heydər Əliyev hakimiyyətə qayıdandan sonra siyasi-hüquqi qiymət vermişdir və bu, tarixdir. Bu, bir daha Ulu Öndərin xalqa nə qədər bağlı olduğunu göstərir.

Müstəqilliyə gedən yol da Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun qərarı ilə Naxçıvan Ali Məclisinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis olundu və buna oxşar digər qərarlar qəbul edildi. O vaxt Sovet İttifaqının saxlanmasına dair referendum keçirilmişdir və Azərbaycan üzrə referendum saxtalaşdırılmışdır. Guya ki, Azərbaycan əhalisi Sovet İttifaqının saxlanmasına səs vermişdir. Halbuki bu, belə deyildi. Naxçıvanda referendum keçirilmədi. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarıldı. Bu da müstəqilliyə aparan yol idi. Azərbaycanda siyasi sistemi formalaşdıran Yeni Azərbaycan Partiyası təsis edildi. Çünki partiya yaranana qədər Azərbaycanda siyasi sistem, partiyalar yox idi. Ayrı–ayrı silahlı dəstələr öz adlarını partiya qoymuşdular və bir-biri ilə mübarizə aparırdılar, torpaqlar isə işğal altına düşürdü. Əgər Heydər Əliyev müstəqilliyin ilk illərindən Azərbaycanda rəhbər olsaydı, heç vaxt torpağımız işğal altına düşməzdi. Azərbaycanın Heydər Əliyevə qədərki bütün rəhbərləri fərarilik etmiş, xalqı və ölkəni ağır vəziyyətdə tərk etmiş, qaçmışlar, ikisi Moskvaya, biri Kələkiyə. Bu, fərarilikdir, bu, satqınlıqdır, bu, xəyanətdir. Liderin vəzifəsidir dövləti qorumaq, liderin vəzifəsidir xalqla bir yerdə olmaq. Ən ağır, ən çətin anlarda lider qabaqda olmalıdır, Heydər Əliyev kimi. O, hər birimiz üçün nümunədir. Burada əyləşən gənclər də bu tarixi bilməlidirlər. Mən dəfələrlə bunu demişəm. Biz - bu tarixi yaşayan insanlar, əlbəttə ki, heç vaxt bunu unutmayacağıq. Bugünkü uğurlu inkişafımızı hər zaman qiymətləndirəcəyik. Gənclər bunu görməyiblər. Onlara elə gəlir ki, həmişə belə olub. Onlara elə gəlir ki, Azərbaycan həmişə belə çiçəklənən, firavan dövlət olub. Belə deyildi. Biz o günləri yaxşı xatırlayırıq. Xalq Cəbhəsi-Müsavat cütlüyünün xəyanətkar hakimiyyəti dövründə on minlərlə insan saatlarla çörək növbəsində dayanırdı. Əli silahlı quldurlar meydan oxuyurdular, şəhərlərimizdə insanları incidirdilər, oğurlayırdılar, işgəncələr verirdilər, jurnalistləri döyürdülər. Məhz Xalq Cəbhəsi-Müsavat hakimiyyəti - özünü demokrat adlandıran bu ünsürlər Azərbaycanda senzura tətbiq etmişdilər. Heydər Əliyev hakimiyyətə gələndən sonra senzuranı ləğv etdi. Gənclər bu tarixi bilməlidirlər. Müəllimlər bu tarixi onlara çatdırmalıdırlar ki, həm həqiqəti bilsinlər, həm də Azərbaycan gələcəkdə heç vaxt bu ağır vəziyyətə düşməsin. Azərbaycan heç vaxt gözü kölgəli olmasın, heç vaxt başqasının iradəsindən asılı olmasın, heç vaxt başqa dövlətlər qarşısında baş əyməsin. AXC-Müsavat cütlüyü dövründə prezidentin kabinetinin qapısını xarici səfirlər ayaqları ilə açırdılar, ona göstərişlər verirdilər. O da məzlum bir adam kimi o göstərişləri yerinə yetirirdi. Ona görə belə günə düşdü. Məgər bizi bizdən çox sevən, istəyən varmı? Bu gün bəzi hallarda bəzi xarici dairələrdən eşidirik ki, biz Azərbaycana kömək etmək istəyirik, biz Azərbaycanı belə inkişaf etmiş ölkə kimi görmək istəyirik. Hamısı yalandır. Mən tam səmimiyyətlə deyirəm. Bizim ən ağır günlərimizdə xəzinə boş idi, Xalq Cəbhəsi-Müsavat cütlüyü talamışdı, ləl-cavahirat fondunu talamışdı. İnsanlar öz axırıncı qızıl əşyalarını aparırdılar ki, ordumuza kömək etsinlər. O vaxt prezident, dövlət katibi, baş nazir o ləl-cavahirat fondunu talan etmişlər. İndi onun izi-tozu da qalmayıb. O vaxt xəzinə boş olanda, biz kreditlər üçün müraciət edəndə heç kim bizə kredit vermirdi. Yaxşı, əgər siz Azərbaycanı bu qədər sevirsinizsə, nə üçün o vaxt bizə kömək etməmisiniz?! Nə üçün ağır vəziyyətdə olan ölkəyə kömək etməmisiniz?! İndi sıra ilə düzülüblər bizə kredit vermək istəyənlər. Biz almırıq. Biz özümüz kredit veririk. Bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada doqquzuncu yerdəyik. İndi istənilən məbləğdə - bax, sabah 10 milyard dollar lazım olsa, alarıq. Almırıq, qoymuram. Borcu yenə də endirirəm. Ona görə kimsə deyəndə ki, biz Azərbaycanın yaxşılığını istəyirik, inanmayın, gənclər də inanmasınlar. Bizdən çox bizi istəyən heç vaxt olmayıb və olmayacaq.

Xalqımızın tarixi faciələrlə doludur. Biz nəyə görə uzun illər, əsrlərboyu müstəmləkə kimi yaşamışıq? Nəyə görə başqa dövlətlərin tərkibində yaşamışıq? Nəyə görə bizim dövlətçiliyimizin tarixi çox məhduddur? O vaxt hətta müstəqil dövlətlər olanda onların da imkanları məhdud idi. Elə götürək Azərbaycan Xalq Cümhuriyyətini, ölkəni idarə edə bilmirdi. Xarici hərbi missiyaların rəhbərləri qərarlar qəbul edirdilər. Hətta bizim o vaxt qəbul edilmiş birinci dövlət bayrağımız xarici hərbi missioner tərəfindən dəyişdirildi. Ultimatum qoyuldu, tarixçilər bunu yaxşı bilirlər. Müstəqil dövlətin rəhbərliyinə ultimatum qoyuldu ki, siz bu bayrağı dəyişdirməlisiniz və dəyişdirdilər. Ondan sonra indiki üçrəngli bayraq təsis edildi. Ona görə hətta o dövrlərdə müstəqillik yarımçıq idi, natamam idi.

Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir. Heç kimdən asılı deyilik və elə etməliyik ki, heç vaxt heç kimdən asılı olmayaq. Buna görə güclü olmalıyıq, vətənpərvər olmalıyıq, iqtisadiyyatımız daha da güclü olmalıdır və siyasi iradəmiz yerində olmalıdır. Bugünkü hakimiyyətdə bütün bunlar var və hər kəs görür ki, heç kim bizim işimizə müdaxilə edə bilməz. Nə qədər çalışsalar, nə qədər əlləşsələr, nə qədər yalan-böhtan yaysalar yapışmır bizə. Çünki xalq bizi dəstəkləyir və sonuncu rəy sorğuları onu göstərir. Əhalinin mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir. Əhalinin mütləq əksəriyyəti bizə alternativ görmür və kim ola bilər bu alternativ? Hətta havadarları artıq onlardan üz döndərmişlər. Biz bunu dəqiq bilirik. Mən indi bu auditoriyada bəzi operativ məlumatları da bölüşə bilərəm sizinlə, Azərbaycan xalqı ilə. İndi anti-Azərbaycan dairələr, xaricdəki dairələr artıq açıq deyirlər ki, bizdə ənənəvi müxalifət yoxdur, ayrı-ayrı satqın dəstələr var ki, onların da kitabı bağlanıb, onlara ümid bəsləmək olmaz. Ona görə onlara pul təminatı da azalıbdır, ona görə çabalayırlar. Əsas hədəf gənclər olmalıdır. Onlar gəncləri əsas hədəf seçiblər və gəncləri yoldan çıxarmaq istəyirlər, onların beyinlərini zəhərləmək istəyirlər, onları xalqa qarşı, Vətənə qarşı, ənənəvi dəyərlərə qarşı qaldırmaq istəyirlər. Alınmır və alınmayacaq. Çünki Azərbaycan gəncləri vətənpərvərdir, Vətəni sevəndirlər, Vətənə bağlıdırlar. Ancaq o niyyət var və biz bunu bilməliyik, müəllimlər də bilməlidirlər. Müəllimlər tələbələrə nəinki biliklər verməlidirlər, onları tərbiyə də etməlidirlər. Ümumiyyətlə Azərbaycanda tərbiyə işi yeni müstəviyə qalxmalıdır, biz ideoloji işə yenidən baxmalıyıq, burada zəifliklər, boşluqlar var. Bizi istəməyən qüvvələr, o cümlədən erməni lobbi qurumları tərəfindən maliyyələşən qurumlar bu boşluqlardan istifadə edirlər, xüsusilə bu gün ki, azad internet mövcuddur. Azərbaycanda internet istifadəçilərinin faiz nisbəti 80-ni keçib. Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik. Gənclər özləri də bilməlidirlər, tarixi yaxşı bilməlidirlər. Əgər tarixi yaxşı bilsələr, görərlər ki, tariximizdə heç vaxt heç bir kənar qüvvə, heç bir yad dairə bizim xoşbəxtliyimizi istəməyib, əksinə, bizi əzmək istəyib, özünə ram etmək istəyib, sərvətlərimizi talamaq istəyib, bizi alçaltmaq istəyib. Əgər belə olmasaydı, bizim çoxəsrlik tariximizin böyük hissəsi müstəmləkəçilik tarixi olmazdı. Bir daha demək istəyirəm ki, bizim müstəqillik dövrlərimiz Azərbaycan xalqının tarixində çox məhduddur. Məhz ona görə ki, aldanmışıq, əzilmişik. Buna imkan vermək olmaz və verməyəcəyik, biz möhkəm dayanmışıq. Heç kim bizim işimizə müdaxilə edə bilməz, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz. Qoy, ləkələsinlər, qoy, yalan-uydurma yaysınlar, bizə yapışmır. Əsas odur ki, biz öz həyatımızı ləyaqətlə yaşayaq. Ləyaqətli insanlar kimi, Vətənə bağlı olan insanlar kimi, mərd insanlar kimi yaşayaq, quraq, yaradaq, bütün yad qüvvələrə cavabımızı verək və öz inkişaf yolumuzu davam etdirək.

Bu gün Azərbaycan bax, belə inkişaf edir. Ona görə dünyada bizə rəğbət artır. Təsadüfi deyil ki, dünya birliyinin mütləq əksəriyyətini təşkil edən ölkələr bizə səs verirlər. Necə ki, 8 il bundan əvvəl səs veriblər, biz 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişik. Özü də necə seçilmişik. İndi diplomatlar bunu yaxşı bilirlər ki, adətən səsvermə bir gün ərzində keçirilir və tez bir zamanda yeni üzvlər seçilir. Bizdə isə bu, üç gün çəkdi. Üç gün, 16 tur. Nəyə görə? Çünki bizə rəqib olan ölkə öz namizədliyini geri götürmürdü. Biz hər bir turda böyük səs fərqi ilə qalib idik, amma lazım olan səsləri yığa bilmirdik. Adətən belə olan halda, səslərdə fərq böyük olanda məğlub ölkə öz namizədliyini geri götürür. O isə götürmürdü. Özü də bizə dost ölkə idi. Təəccüb etdim, bu, nə məsələdir, sonra öyrəndik ki, imkan vermirlər. Bəzi böyük dövlətlər imkan vermir və istəyirdilər ki, bizim üzvlüyümüzün qarşısı alınsın. Bir daha qayıdıram bu məsələyə. Əgər həmin o ölkələrin nümayəndələri sizə desələr ki, “biz Azərbaycanı istəyirik, inkişafını istəyirik”, inanmayın. İstəsəydilər, imkan verərdilər. Mən indi onların adını çəkmək istəmirəm, maraqlananlar öyrənə bilərlər. On altı tur və üç gün bizim üzvlüyümüzü əngəlləmək istəyirdilər. Sonra nə oldu? Gəldilər bizim nümayəndələrə yaxınlaşıb dedilər ki, Azərbaycan, öz namizədliyinizi geri götürün. Gələn il biz sizə kömək edərik, amma indi geri götürün. Mən bu üç gün ərzində Nyu-Yorkla birbaşa əlaqədə idim. Dedim ki, qətiyyən, axıra qədər, lap bir il çəksə, biz orada bu səsvermədə iştirak edəcəyik. Bir il çəksə, biz Təhlükəsizlik Şurasının işini iflic vəziyyətə sala bilərik. Ancaq ondan sonra həmin o rəqib ölkəyə göstəriş verildi, o, namizədliyini geri götürdü. Bu, nəyin bahasına oldu? Çünki əksər ölkələr bu sistemdən beziblər, yorulublar. Bizə səs verənlər də vaxtilə bizim kimi müstəmləkə olublar, əziliblər, soyulublar, talan ediliblər. Daha artıq onların da səbri tükənib.

Bu yaxınlarda biz 120 ölkənin qərarı ilə Qoşulmama Hərəkatına sədrlik etməyə başladıq. Mən sizə deyim və Bakıda keçirilmiş Zirvə Görüşü onu bir daha göstərdi, bu ölkələr arasında ixtilaflar kifayət qədər çoxşaxəlidir. Elə ölkələr var ki, bir-biri ilə müharibə şəraitindədir. Elə ölkələr var ki, bir-biri ilə diplomatik əlaqələr saxlamırlar. Amma onların hər biri – 119-u bizə səs verdi. Nadir bir vəziyyətdir. Biri də bitərəf qalmadı, yaxud da əleyhinə səs vermədi. Nəyə görə? Bax, dediyim sözlərə görə. Bizə inanırlar, bizi tanıyırlar, bilirlər ki, sözümüzlə əməlimiz birdir. Bilirlər ki, heç kimin qarşısında baş əymirik, lap ən ağır sınaqlarla, ən ağır təxribatlarla üz-üz qalsaq belə. Bu müddət ərzində belə təxribatlar az olmayıb. 2003-cü ili xatırlayaq. Prezident seçkilərindən sonra Azərbaycanda çevriliş cəhdi. Heç kimə sirr deyil ki, mən prezident seçkilərində təmiz qələbə qazanmışdım. Çünki insanlar Heydər Əliyev siyasətinə səs vermişdilər. İğtişaş törədildi. 2005-ci il. Azərbaycan artıq o inqilabların sırasında növbəti yer kimi göstərilirdi. Belə maykalar buraxılmışdı, üzərində yazılmışdı: “Gürcüstan, Ukrayna, Qırğızıstan, Azərbaycan”. Yəni, dördüncü biz olmalı idik və bizdən sonra da başqaları olmalı idi. Biz dayandırdıq bu vəbanı, bu xəstəliyi, bu azarı. İndi bütün dünya görür ki, bu inqilablar o ölkələrə ancaq bədbəxtlik gətirib və indi öz problemləri ilə üz-üzədirlər, orada iğtişaşlar səngimir. Çünki oralara bu zəhərli inqilab toxumu səpilmişdi. Necə ki, bu zəhərli alaq otu kimi Xalq Cəbhəsi-Müsavat cütlüyü hakimiyyətdə bir il qaldı. O qədər zəhərlədilər ki, bu günə qədər də o zəhərin təsiri bəzi yerlərdə qalır. Ona görə növbəti məntəqə biz olmalı idik və narıncı maykaları da gətizdirmişdilər, sadəcə olaraq, özünü müxalifət adlandıran ünsürlər bir daha öz kütlüyünü göstərmişlər. Fikirləşmədilər ki, noyabr ayında parlament seçkiləri keçirilməli idi, noyabr ayı soyuq keçir. Ona görə o maykaları bilmirlər necə geyinsinlər, bəziləri pencəyin üstündən maykalar geymişdilər. Yəni, çox gülməli bir mənzərə idi. O da alınmadı. Nəyə görə?! Xalq istəmədi! Xalq dedi ki, yox, bəsdir, görmüşük sizi, necə ki, hakimiyyət uğrunda mübarizə naminə talamısınız, döymüsünüz, söymüsünüz, öldürmüsünüz, Gəncəni bombalamısınız, vətəndaş müharibəsini başlamısınız, Qarabağı satmısınız, Şuşanı satmısınız, Laçını satmısınız. Sonra da fərari kimi qaçmısınız, prezident Kələkiyə, dövlət katibi Kələkiyə, o birilər isə vəzifələrini dondurdular. Belə də hakimiyyət olar? Belə də qorxaq adamlar olar? Heç adi adam hansı ki, özünü lider hesab etmir, özünə rəva bilməz ki, belə, bu cür biabır olsun. Amma bunların belə utanan üzü yoxdur. Bu yaxınlarda yenə də o mənzərəni hamımız görmüşük, biabırçılıqdır, xəstədilər, dəlidirlər, nədirlər, vallah deməyə söz tapmıram. Ona görə bu gün müxalifət düşərgəsində boşluq yaranıbdır və bizi istəməyənlər gənclərdən istifadə etmək istəyirlər ki, onları xalqın üstünə qaldırsınlar. Sağlam müxalifət yaradılmalıdır. Dövlətçiliyə sadiq olan, xalqa bağlı olan, doğrudan da təklif verən, hakimiyyəti tənqid edən, amma konstruktiv təklif verən, yol göstərən. Ancaq biz sevinərik əgər belə müxalifət yaranarsa. Doğrudan da bizim işimizə kömək olar. Biz hər şeyi indi öz üzərimizə götürmüşük, bəlkə də hansısa alternativ yanaşma, yaxud da ki, mövqe kömək edə bilər. Amma yoxdur və yaxın üfüqlərdə də görünmür.

Bizim xarici siyasətlə bağlı uğurlarımız təkcə bu sədrliklə məhdudlaşmır. Halbuki bu, çox önəmli məsələdir. Oktyabr-noyabr aylarında - cəmi iki ay ərzində görün nə qədər böyük hadisələr baş verdi. Prezident Putinin dəvəti ilə mən “Valday” Diskussiya Klubunda iştirak etdim. Oraya cəmi 3 dövlət başçısı dəvət olunmuşdu, o cümlədən Azərbaycan. Bu, bir daha göstərir ki, Rusiya və onun Prezidenti Azərbaycana nə qədər böyük önəm verir və bizə böyük hörmət göstərir. Orada da canlı efirdə sözümü dedim. Mən bunu Bakıda da, hansısa rayonda da deyə bilərdim. Onu kim eşidəcəkdi? Bizimkilər, yəni, biz bunu özümüz üçün demirik, biz deyirik ki, dünya bilsin və orada canlı efirdə mən dedim: “Qarabağ Azərbaycandır, nida işarəsi”. Bir daha bütün dünya gördü ki, Qarabağ Azərbaycanındır, bir daha bütün dünya bu həqiqəti gördü.

Ondan sonra MDB Zirvə Görüşündə, - o, “Valday”dan bir neçə gün sonra baş verdi, - mən qeyd etdim ki, biz Böyük Vətən müharibəsində Qələbənin 75 illiyinin ərəfəsindəyik. Biz imkan verə bilmərik ki, MDB məkanında faşistlərə abidələr ucaldılsın. Dedim ki, Ermənistanda faşist Qaregin Njdeyə 6 metrlik abidə ucaldılıb, bu, sökülməlidir, bu, qəbuledilməzdir. Dedim ki, o vaxt o, həbs olunmuşdur və həbsxanada da çürümüşdür. Onu da bildirmək istəyirəm ki, həbs edən təşkilatın adı “СМЕРШ” idi. Bilməyənlər bilsinlər ki, bu, abreviaturadır, bunun adı “Смерть Шпионам”, “СмерШ”, yəni, “Casuslara ölüm”. Yəni, casus kimi həbs olundu, ona 25 il cəza verildi, faktiki olaraq, ölüm cəzası və o, Vladimir türməsində dünyadan getdi. İndi, görün, Ermənistanın baş nazirinin cavabı nə oldu? Dedi ki, Soljenitsın da lagerdə olub, dissidentlər də türmədə olub. Yəni, bu adam Soljenitsını və söz azadlığına görə həbs edilən və sonra reabilitasiya olunan digər adamları faşist Njde ilə eyniləşdirir. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin faşist mahiyyəti dəyişmir. Mən onlara şans verdim. Öz çıxışımda dedim ki, onu əvvəlki hakimiyyət ucaldıb. İndiki hakimiyyət özünü demokratik adlandırırsa, söksün, yıxsın bu abidəni. Bu ləkəni yusun Ermənistan üzündən. Heç olmasa, onlar bir ləkədən canlarını qurtarsınlar. Yox, görün, bunların faşist mahiyyəti hara gedib çıxıb ki, bu, türklərə qarşı vuruşub. Yəni, onlar üçün əsas budur. Onlar uşaqları da belə yetişdirirlər, bizə qarşı, Türkiyəyə qarşı, müsəlmanlara qarşı nifrət ab-havasında.

Mən müsəlman ölkələrinə dəfələrlə müraciət etmişəm. Açıq müraciət etmişəm ki, siz Ermənistanla necə qucaqlaşırsınız? Siz bunların liderlərini necə dəvət edirsiniz? Görmürsünüzmü ki, bunlar bizim məscidlərimizi yerlə bir etdilər? Görmürsünüz ki, bizim məscidləri təhqir etdilər? Gedin, baxın, o şəkillər var, onlar Ağdam məscidini, Şuşa məscidlərini, işğal edilmiş digər torpaqlardakı məscidləri nə günə qoydular? Bu, axı təkcə bizim məscidlərimiz deyil, bütün müsəlman aləminin məscidləridir. Buna necə göz yummaq olar? Necə belə riyakarlıq etmək olar?

Biz dəfələrlə İslam həmrəyliyi ilə bağlı tədbirlər keçirmişik, sözümüzü demişik. Bunu davam etdirəcəyik və o faşist Njdeyə ucaldılan abidə də gündəlikdədir. O cinayətkar dövlətlə münasibətlər quran bəzi müsəlman ölkələri bunu edəndə və faşistlərə qucaq açanda heç olmasa, o dağılmış məscidlərin təsvirlərini göz önünə gətirsinlər və özlərinə sual versinlər ki, mən kiminlə qucaqlaşıram?!

Ona görə bizim bu istiqamətdə siyasətimiz davam etdiriləcək. Amma məsələ bununla bitmir. Ermənistanın baş naziri Aşqabad Zirvə Görüşündə böyük səhv buraxdı, Soljenitsınla faşisti eyniləşdirdi. Amma heç olmasa, ondan sonra bir nəticə çıxaraydı. Çünki həm mətbuatda, özü də Rusiya mətbuatında, başqa mətbuatda bunu lağa qoydular ki, bu, nə deyir, nə danışır, bu, nədir? Ondan sonra, görün, nə deyir? Rusiya jurnalistləri ilə görüşdə deyir ki, nə olsun ki, Njde Hitlerlə görüşüb, Molotov da Hitlerlə görüşüb. Bax, bilirsiniz, buna daha şərh vermək mümkün deyil. Molotov Sovet İttifaqının Xarici İşlər naziri olub, 1939-cu ildə müharibənin mümkünlüyünü aradan qaldırmaq üçün gedibdir, görüşübdür. O, Hitlerə xidmət etmirdi. O, Hitlerə qarşı koalisiyanın başında duran Sovet İttifaqının aparıcı simalarından biri idi. Onu Njde ilə eyniləşdirmək olar?! Mən, eyni zamanda, bu misalları ona görə gətirirəm ki, gənclər yaxşı oxusunlar, gələcəkdə belə gülünc vəziyyətə düşməsinlər, tarixi yaxşı bilsinlər. Amma bunu deyən bu gün o ölkənin rəhbəridir. Yəni, onlardan nə gözləmək olar? Bu sual ritorik sualdır.

Elə bu iki ay ərzində bizim xarici siyasətlə bağlı digər önəmli hadisələr də baş vermişdir. Biz oktyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərimizə götürdük və Zirvə Görüşünü Bakıda keçirdik. Qoşulmama Hərəkatının sədrliyini öz üzərimizə götürmüşük. Üç il ərzində biz bu təşkilata sədrlik edəcəyik. Bu, BMT-dən sonra dünyada ikinci təşkilatdır və əslində, birinci təşkilatdır. Çünki BMT indi elə vəziyyətdədir ki, onu islah etmək istəyənlərin sayı gündən-günə artır, bu, bir. İkincisi, BMT-nin rəhbəri yoxdur. Heç bir ölkə BMT-yə rəhbərlik etmir. Təhlükəsizlik Şurasına da sıra ilə rəhbərlik olunur. Biz də, o cümlədən rəhbərlik etmişik. Bu rəhbərlik müddətlidir. Biz isə dünyanın BMT-dən sonra ən böyük təşkilatının sədriyik və indi bizim sözümüz keçəcəkdir. Gündəliyi biz formalaşdırırıq, məsələləri biz müzakirəyə çıxaracağıq. Əlbəttə ki, öz məsələmizi və əzilmiş, ədalətsizliyə düçar olmuş ölkələrin məsələlərini qaldıracağıq, onları müdafiə edəcəyik.

Noyabr ayında Bakıda Dünya dini liderlərinin II Zirvə Görüşü keçirilmişdir, 70 ölkənin dini liderləri Bakıya gəlmişlər. Dünyada buna bənzər ikinci yığıncaq yoxdur. Mən iclaslarda bir-birinin yanında oturanlara fikir verirdim, əgər onlar başqa yerdə görüşsəydilər, bəlkə başqa cür danışardılar. Amma oturublar, bir-birini dinləyirlər, bir-birinə salam verirlər. Biz bunu istəyirik. Çünki dünya başqa istiqamətdə gedir. Deyirlər ki, multikulturalizm ölübdür, yoxdur. Müsəlman miqrantlarını qəfəsdə saxlayırlar, “Stop İslam” deyirlər demokratiya beşikləri. Deyirlər ki, biz miqrantları qəbul edə bilərik, - mən Avropa ölkələrini nəzərdə tuturam, - ancaq müsəlman miqrantları yox. Deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Amma biz göstəririk ki, yox, elə deyil. Bu, siyasi iradədən, baxışlardan asılıdır, sən nə istəyirsən, hansı siyasət yürüdürsən. Bax, biz bu siyasəti yürüdürük. Bu siyasət yeganə düzgün siyasətdir. Əks təqdirdə, gələcək müharibələr, o cümlədən ola bilsin, dini müharibələr qaçılmazdır. Ona görə, bax, dini liderlərin Zirvə Görüşünün keçirilməsi belə səviyyədə və belə təmsilçiliklə bir daha bizim hörmətimizi, rolumuzu göstərir. Biz nəinki ölkə daxilində, dünya miqyasında bu gün çox önəmli ölkəyə çevrilmişik.

O ki qaldı, daxili məsələlərə, onlar da öz həllini tapır. Azərbaycan iqtisadiyyatı inkişaf edir. Mən gələcəkdə iqtisadi sahədə heç bir problem görmürəm. Manatın məzənnəsi artıq üç ildir ki, sabitdir. Əminəm ki, belə davam edəcək. Valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız ümumi daxili məhsuldan artıq çoxdur. Xarici borcumuz azalır, yenə də azaldacağıq. Mən göstəriş vermişəm təqribən 10 faizə qədər, indi ümumi daxili məhsulun 17 faizini təşkil edir, 10 faizinə qədər getməlidir. Sənaye artır. Bu il qeyri-neft sənayemiz 15 faiz, kənd təsərrüfatı 7 faiz artıbdır. Davos Ümumdünya Forumu bizi çox yüksək yerlərə layiq görür, o cümlədən islahatların aparılması istiqamətində. İslahatlara meyillilik və rəhbərliyə olan inam əmsalına görə biz dünyada birinci onluqdayıq. Özü də bunu biz yox, Davos deyir. Dünya Bankı nə deyir? Deyir ki, Azərbaycan 20 ən islahatçı ölkə sırasındadır.

İslahatlar bizim şüurlu seçimimizdir. Elə fərz edə bilərik ki, nəyə lazımdır bu islahatlar? Onsuz da hər şey yolunda gedir, ölkə inkişaf edir, yeni müəssisələr açılır, abadlıq işləri görülür. Yox, struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır. Baxın, iqtisadi islahatlar nəticəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplamışıq. Bunları sosial sahəyə yönəldirik. Amma bu, hələ islahatların növbəti mərhələsinin birinci addımlarıdır. Bundan sonra da daha böyük addımlar atılacaqdır. Bu, imkan verir ki, sosial sahəyə böyük diqqət yetirək. Bundan 4 milyon 200 mindən çox insan faydalanıb. Bu il minimum əməkhaqqı iki dəfə, minimum pensiya 70 faiz, müavinətlər iki dəfə, tələbələrin təqaüdləri 50 faiz, köçkünlərə verilən təqaüd 50 faiz artırılıb. Nəyin hesabına? Bu, göydən düşən deyil, bunları islahatların hesabına əldə edirik, əldə də etməliyik.

Kadr islahatları gedir, bu da zərurətdir, durğunluq yarada bilmərik, sovet dövrünün durğunluğu hələ ki, yadımızdan çıxmayıb. Ona görə kadr islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbii yolla, burada da heç bir əyintilərə yol vermək olmaz. Mən bir neçə dəfə bu məsələ ilə bağlı fikirlərimi deyəndən sonra bəziləri başladılar bəzi adamların yaşını hesablamağa ki, bunun 70 yaşı var getməlidir, qətiyyən belə şey ola bilməz. Sonra dedim mən imkan vermərəm ki, kampaniya aparılsın. Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliliyi - bu sintez Azərbaycanda var. Həm cəmiyyətdə, həm iqtidarda var. Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözləri çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik. Ona görə Azərbaycanda yaşlı nəsil, gənc nəsil bir yerdə olmalıdır, necə ki, ali məktəblərdə. Baxın, indi Bakı Dövlət Universitetində minlərlə gənc var, müəllim var. Müəllimlər biliklərini bölüşürlər, gənclər öyrənirlər, sabah onların yerini tutacaqlar. Belə inkişaf etməliyik. Əlbəttə, kadr islahatları bundan sonra da aparılmalıdır. Ancaq bu, kampaniyaya çevrilməməlidir.

O ki qaldı, müəllimlərin fəaliyyətinə, mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm. Müəllim peşəsi çox şərəfəli, məsuliyyətli, çox ağır peşədir. Müəllim hər zaman tələbə qarşısında öz biliyini göstərməlidir. Tələbələr də indi hər şeyi görürlər, hər şeyi seçə bilirlər. Ona görə müəllimlər daim öz biliklərini artırmalıdırlar. Mən deyim ki, biz müasir dövrdə köhnə baqajla yaşaya bilmərik. Ona görə indi internet dövrüdür, hər bir məlumatı əldə etmək üçün imkanlar var. Daim müəllimlər yeniliklərə baxsınlar, onların peşəsində hansı proseslər gedir, dünyada hansı proseslər gedir, texnoloji inkişaf nədən ibarətdir ki, tələbələrə keyfiyyətli biliklər versinlər. Ona görə müəllim peşəsi şərəflidir, hörmətlidir, ancaq, eyni zamanda, müəllimlər də daim öz üzərlərində işləməlidirlər.

Mən də müəllim olmuşam. İnstitutu bitirəndə mən bir xarici ölkəyə təyinat aldım, ancaq ondan imtina etdim, xaricə getmək istəmədim. Qaldım institutda, aspiranturaya daxil oldum, dissertasiya müdafiə etdim və 23 yaşımda dərs verməyə başlamışdım, özü də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda, 23 yaşında, 5 il ərzində. Ona görə müəllim peşəsi mənim üçün yad peşə deyil. Mən də müəllim olmuşam, müəllim kimi sizi salamlayıram.

Tələbələrə də sözüm odur ki, bilikli olsunlar. Bugünkü dünyada tanışlıqla, tapşırıqla oxumaq mümkün deyil. Sovet vaxtında belə bir söz var idi: “tapş”, o, instituta “tapşla” daxil oldu. Əvvəllər sovet dövründə əsas məqsəd diplom almaq idi. Evlənmək üçün, yəni, elçiliyə getmək üçün diplomu var, yoxsa yox? Hə varsa, onda markası artır. Diplom heç nədir, bilin. Əgər bilik olmasa, savad olmasa müasir dünyada bu, əhəmiyyətsiz bir şeydir. Bilik olmalıdır. Çünki indi yeni peşələr açılır. Əvvəlki peşələrin bir çoxu sıradan çıxır. Artıq 20 il bundan əvvəl olan bəzi peşələr yoxdur və olmayacaq da. Bu proses getdikcə gedəcək, biz 4-cü industrial inqilab içərisindəyik. Artıq bilinir ki, hansı peşələr 5 ildən sonra olmayacaq. Amma biz əhalisi artan ölkəyik. Sovet dövründəki 7 milyondan 10 milyona çatıb bizim əhalimiz. Ona görə biz o yeni peşələri gərək mənimsəyək. Gərək imkan yaradaq bizim vətəndaşlara ki, o peşələrə onlar yiyələnsinlər. Ona görə bu sahədə həm müəllimlərin üzərinə böyük vəzifə düşür, həm də tələbələr daim çalışmalıdırlar. Bilik, savad - onların yaxşı gələcəyini, təminatlı gələcəyini müəyyən edən budur. Vətənpərvər olmalıdırlar. Bu olmasa, ölkəmizin gələcəyi olmayacaq. Bu olmasa, nə vaxtsa yenə də kiminsə təsiri altına düşüb yenə də müstəqillik arzuları ilə yaşayacağıq. Ona görə gənclərdə vətənpərvərlik çox güclü olmalıdır. Gənclər milli ruhda, vətənpərvərlik ruhunda, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdırlar. Bax belə gənclər ölkəmizi gələcəyə inamla aparacaq. Hesab edirəm ki, bugünkü gənclərin mütləq əksəriyyəti bu meyarlara cavab verir - bilikli, savadlı, Vətənə bağlı, vətənpərvər və dünyaya açıq. Elə olmalıdır ki, Azərbaycanın dövlət müstəqilliyi güclənsin.

Biz 1920-ci ildən müstəqilliyi əldən verdik. Bunun obyektiv və subyektiv səbəbləri vardır. Ancaq bu, reallıqdır, indi hansı səbəbi istəyirsən gətir, xeyri yoxdur, getdi əldən müstəqillik. Nəyə görə gücümüz çatmadı? Onun da müxtəlif səbəbləri var, amma fakt odur ki, çatmadı. Ona görə bu acı tarix daim bizim gözümüzün önündə olmalıdır.

Müstəqillik 1993-cü ildə də əldən gedirdi, əgər Heydər Əliyev gəlməsəydi. O, müstəqilliyi qorudu, saxladı, gücləndirdi, bizi düz yola gətirdi. Biz də onun yolu ilə gedirik, müstəqilliyi möhkəmləndiririk və möhkəmləndirəcəyik.

Bizim müstəqilliyimiz başlıca vəzifəmizdir. Azərbaycan müstəqil dövlətdir, qürurlu dövlətdir və gələcəyə çox nikbin baxan dövlətdir. Bir daha sizi təbrik edirəm, cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

x x x

Sonra universitetin rektoru Elçin BABAYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli qonaqlar, həmkarlar, əziz tələbələr.

Xanımlar və cənablar.

Bu gün biz sizinlə birlikdə dünya şöhrətli siyasətçi, görkəmli ictimai-siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzunu olduğu, bununla daim fəxr etdiyi və “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti və milli iftixarı” adlandırdığı Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyini qeyd edirik. Bu xoş və həyəcanlı gündə bizimlə birlikdə olmağınızdan şərəf duyur, minnətdarlığımızı bildiririk. Sizinlə birgə “Bakı Dövlət Universiteti ailəsi”nin bu yubileyini dünyanın ən gözəl şəhərlərindən biri olan Bakının unikal məkanlarından birində qeyd etmək böyük şərəfdir.

Bakı Dövlət Universiteti müsəlman Şərqinin yeni tipli ilk ali təhsil müəssisəsi kimi, Azərbaycan Xalq Cümhuriyyətinin bizə yadigarıdır. Vətənpərvər ziyalıların, elm, təhsil və mədəniyyət fədailərinin milli təəssübkeşliyi, əzmkarlığı və mübarizəsi sayəsində 1919-cu ildə həyata vəsiqə qazanan Bakı Dövlət Universiteti ötən 100 ildə xalqımızın həyatında müstəsna rol oynamışdır. Bu bir əsrlik tarix xalqımızın tarixinə yazılmış ən dolğun və zəngin səhifələrdəndir.

Bu illər ərzində universitetin 7 dəfə yubileyi keçirilmişdir. Fərəhləndirici haldır ki, bu yubileylərdən dördü - 50, 60, 75, 80 illik yubileylər bilavasitə ulu öndər Heydər Əliyevin təşəbbüsü və sərəncamları əsasında qeyd olunmuşdur. 50, 60, 75 illik yubiley tədbirlərində Ulu Öndər şəxsən iştirak etmişdir.

Möhtərəm cənab Prezident.

Bu ülvi ənənənin davamı kimi, universitetin 90 illik yubileyi də Sizin Sərəncamınız əsasında keçirilmişdir. Doxsan illik yubileydə olduğu kimi, bu gün də Sizi öz sıralarımızda görməkdən hədsiz məmnunluq duyuruq. Sizin 2017-ci il 14 noyabr tarixli Sərəncamınız universitet üçün öncədən verilmiş ən böyük yubiley hədiyyəsi olmuşdur. Sərəncama uyğun olaraq BDU-nun 100 illik yubileyi bu il iyunun 12-də Parisdə UNESCO-nun Baş qərargahında, sentyabrın 9-da Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində, həmçinin Rumıniyada Qara Dəniz Universitetləri Assosiasiyasının təşkilatçılığı ilə Buxarest Universitetində yüksək səviyyədə qeyd edildi. Ayrı-ayrı universitetlərdə, Milli Kitabxanada və bir çox qurumlarda yubiley tədbirləri keçirildi, müsabiqələr təşkil olundu, poçt markaları və yubiley pul nişanı tədavülə buraxıldı. 2019-cu ildə “Məzun günü” Bakı Kristal Zalında yeni formatda və 5000 məzunun iştirakı ilə yüksək səviyyədə qeyd olundu. Heç şübhəsiz ki, bütün bunlar kollektivimizi elm və təhsildə daha yüksək uğurlar qazanmağa ruhlandırır.

Möhtərəm cənab Prezident, icazə verin, fürsətdən istifadə edərək 100 illik yubileylə əlaqədar imzaladığınız Sərəncamda və bugünkü proqram xarakterli çıxışınızda universitetə, onun tarixi xidmətlərinə verdiyiniz yüksək qiymətə, səsləndirdiyiniz xoş sözlərə və universitetin 100 illik yubiley medalının təsis edilməsinə görə universitetin bütün kollektivi və məzunları adından Sizə bir daha təşəkkürümüzü, dərin hörmət və ehtiramımızı bildirim. Eyni zamanda, dünən universitetin elm və təhsil sahəsində nailiyyətlər əldə etmiş 113 əməkdaşını dövlət təltiflərinə layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

 

Möhtərəm cənab Prezident, Sizin tarixi xidmətləriniz sayəsində bu gün ölkəmiz dünyada analoqu olmayan sürətlə inkişaf edir. Bir sıra beynəlxalq hesabatlarda ən islahatçı dövlət kimi qeyd edilir, ayrı-ayrı göstəricilər üzrə hər il bir neçə pillə irəliləyərək dünya dövlətləri sırasında layiqli yer tutur. Sizin rəhbərliyiniz və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və əməli dəstəyi ilə ölkədə təhsilin inkişafı üçün atılan addımlar, yüksəkixtisaslı insan kapitalının formalaşdırılması istiqamətində görülən işlər Azərbaycanın inkişafı, gələcəyi üçün ən yaxşı sərmayə və təminatdır. İnanırıq ki, son illər Sizin rəhbərliyinizlə aparılan məqsədyönlü islahatlar sayəsində ölkəmiz çox yaxın gələcəkdə inkişaf etməkdə olan dövlətlər sırasından inkişaf etmiş dövlətlər sırasına adlayacaqdır. Bu, artıq xəyal deyil, gerçəklikdir.

Hörmətli tədbir iştirakçıları, yarandığı ilk illərdə Bakı Dövlət Universitetinin əsas məqsədi Azərbaycanda maarifçiliyin və səhiyyənin inkişaf etdirilməsi olmuşdur. Sonralar isə bütün fəaliyyəti dövründə Bakı Dövlət Universiteti xalqın milli şüurunun, milli özünüdərkinin yetkinləşməsi, elm və təhsilin inkişafı və azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz rol oynamışdır. Universitetin kadr potensialı və elmi bazası əsasında sonralar bir sıra ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası yaradılmışdır. Fərəhləndirici haldır ki, bu missiya bu gün də davam etdirilir. Ötən il universitetin İlahiyyat fakültəsinin bazası əsasında yaradılan Azərbaycan İlahiyyat İnstitutu bunun bariz sübutudur.

Bakı Dövlət Universiteti fəaliyyət göstərdiyi dövr ərzində 200 mindən çox mütəxəssis, o cümlədən bir sıra xarici ölkələr üçün yüzlərlə yüksəkixtisaslı kadrlar hazırlamışdır. O, bu missiyanı bu gün də davam etdirir.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən siyasətin prioritet istiqamətləri kimi ölkəmizdə elm və təhsil sahəsinə, o cümlədən Bakı Dövlət Universitetinə göstərilən daimi diqqət və qayğı nəticəsində universitet ötən əsrin 70-ci illərindən başlayaraq öz intibah dövrünü yaşayır.

Yüz il bundan əvvəl cəmi 2 fakültə, 44 nəfərlik professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitetdə bu gün 16 fakültə, 121 kafedra, 2 elmi-tədqiqat institutu, 3 elmi tədqiqat mərkəzi, 30-dan çox elmi tədqiqat və tədris laboratoriyası, Qazax filialı, “Gənc istedadlar” liseyi, 2 tədris-təcrübə bazası fəaliyyət göstərir. Universitetdə ali təhsilin bütün səviyyələrində 24 mindən çox tələbə təhsil alır. Tədris Azərbaycan, rus, ingilis və qismən alman dillərində aparılır. Üç mindən çox əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Onlardan 17 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvü, 300 nəfərə qədəri elmlər doktoru, professor, 1000 nəfərə qədəri fəlsəfə doktoru, dosentdir. Bakalavriat səviyyəsində 66 ixtisas, magistratura səviyyəsində 235 ixtisaslaşma və doktorantura səviyyəsində 114 ixtisas üzrə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadr hazırlığı həyata keçirilir. “2019-2023-cü illər üçün Azərbaycan respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq magistratura və doktorantura səviyyələrində dünyanın bir sıra qabaqcıl universitetləri ilə ikili diplom proqramları həyata keçirilir. Dünyanın 60-dan çox ölkəsinin 200-dən çox elm və tədris mərkəzi ilə əməkdaşlıq əlaqələri qurulub, birgə elmi-tədqiqat işləri və kadr hazırlığı aparılır.

Elmi və tədris fəaliyyəti ilə yanaşı, universitet bu gün də ölkənin ictimai-siyasi və mədəni həyatında kifayət qədər fəal iştirak edir, Ulu Öndərin misilsiz xidmətləri sayəsində artıq əbədi müstəqillik əldə etmiş respublikamızda dövlətçiliyin daha da möhkəmləndirilməsinə, milli şüur və düşüncə tərzinin formalaşmasına dəyərli və sanballı töhfələr verir.

Bu gün biz fəxr edirik ki, Azərbaycan Milli Elmlər Akademiyasının 176 nəfər həqiqi və müxbir üzvündən 93 nəfəri, Milli Məclisin 117 nəfər üzvündən 46 nəfəri, ali struktur rəhbərlərinin böyük əksəriyyəti Bakı Dövlət Universitetinin məzunlarıdırlar. Bakı Dövlət Universitetinin məzunları tarixboyu ölkə quruculuğunda çox mürəkkəb, məsuliyyətli və eyni zamanda, nəcib missiyanı yerinə yetiriblər və yetirməkdədirlər. Biz sizlərlə qürur duyuruq, əziz məzunlarımız.

Şübhəsiz ki, bu nailiyyətlərin əldə edilməsində keçmişdə və hazırda universitetdə çalışan, doğma respublikamızın elm və təhsil tarixində özünəməxsus yeri və rolu olan yüzlərlə, minlərlə dəyərli insanların misilsiz xidmətləri olmuşdur. Ulu Öndər universitetin 80 illik yubileyi ilə əlaqədar göndərdiyi təbrik məktubunda yazırdı: “Bakı Dövlət Universitetinin əsasını qoyanların, onun inkişafına təkan vermiş insanların əməyini daim yüksək qiymətləndirərək, onların xatirəsini böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirəm”.

Bu insanlar həqiqətən böyük hörmət və ehtirama layiqdirlər.

Bu gün Bakı Dövlət Universiteti bir əsrlik fəaliyyətinə uğurla yekun vuraraq yeni 100 illiyə qədəm qoyur. İnanırıq ki, öz missiyasına uyğun olaraq BDU növbəti 100 illikdə də beynəlxalq və milli əmək bazarı üçün rəqabətədavamlı, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksək ixtisaslı mütəxəssislər hazırlayacaq, ölkəmizin daim yüksələn xətlə inkişafına dəyərli töhfələr verəcəkdir.

Müasir dövrdə dünyanın nüfuzlu universitetləri qloballaşmanın tələblərinə uyğun olaraq islahatlar aparır, modernləşməyə doğru kurs götürür. İslahatlar zamanın tələbidir, modernləşmə isə inkişaf deməkdir. Ölkəmizin elm və təhsil strategiyalarına uyğun olaraq universitet də yeni 100 illiyə elmdə müasir və yeni texnologiyalara cavab verən tədqiqatlarla, təlim və tədrisə innovativ yanaşmalarla, idarəetmədə beynəlxalq təcrübədən istifadə etməklə başlamağı qarşısına məqsəd qoymuşdur. Bütün bunlar bizim “Universitet-5.0” inkişaf strategiyamızın əsasını təşkil edir. Strategiya - təhsil, elm, innovasiya, beynəlmiləlləşmə və sosiallaşma prinsiplərinin vəhdətindən ibarətdir.

Şübhə etmirik ki, universitet yaxın gələcəkdə elmi tədqiqatların əhatə dairəsinin və keyfiyyətinin daha da artırılması yolu ilə ölkəmizin ilk tədqiqat universiteti statusunu əldə edəcəkdir. İnanırıq ki, Bakı Dövlət Universiteti bundan sonra da öz missiyasına sadiq qalaraq, davamlı inkişaf üçün potensial yaradan, mədəniyyətlərarası dialoqu təşviq edən və ölkə təhsilində yeni standartlar tətbiq edən güclü bir universitet olaraq daha da inkişaf edəcəkdir. Bu gün adı dünyanın qabaqcıl 1000 universiteti siyahısında yer alan universitetimiz yaxın illər ərzində yeni uğurlara nail olacaq, dünya təhsil sisteminə inteqrasiya olunacaq və təhsilin beynəlmiləlləşməsi istiqamətində mühüm addımlar atacaqdır.

Mən sizin hər birinizi bu şanlı yubiley münasibətilə bir daha təbrik edərək universitetin ilk rektoru Vasili Razumovskinin 100 il bundan əvvəl dediyi sözləri də yada salmaq istəyirəm: “Yaşa, çiçəklən, var ol, Bakı Universiteti”. Yüz il bundan əvvəl yandırılmış məşəl bu gün də öz nuru - universitet məzunları ilə gələcəyə gedən yolumuza işıq saçır. Müasirləşən, dinamik olaraq dəyişən, gəncləşən universitet öz ənənəvi missiyasını şərəf və ləyaqətlə yerinə yetirir.

 

Bakı Dövlət Universiteti mənəvi böyüklüyümüzün rəmzi, elm, təhsil və mədəniyyətimizin əzəmətli məbədi kimi daim qüdrətlənən Azərbaycanla birlikdə yaşayacaq, onun daha da çiçəklənməsi naminə yeni və sanballı töhfələr verəcəkdir. Biz buna söz veririk. Diqqətinizə görə təşəkkür edirəm.

x x x

Universitetin professoru, hüquq elmləri doktoru Firuzə ABBASOVA çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli tədbir iştirakçıları, əziz həmkarlarım.

Sizi bu əlamətdar gündə salamlayıram. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı, müsəlman Şərqinin ilk dünyəvi və müasir təhsil ocağı Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.

Yüz illik tarixi boyunca universitet milli kadrların hazırlanması, yeni elmi istiqamətlərin formalaşdırılması, dünya təhsil məkanına inteqrasiya, dövlətçilik ənənələrinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və nəsildən-nəslə ötürülməsi kimi vəzifələri layiqincə yerinə yetirib, hər zaman Azərbaycan dövlətçiliyinin sadiq keşikçisi olub.

Bakı Dövlət Universiteti həmişə azərbaycançılıq ideologiyasının mühafizə və tərənnüm mərkəzi olub, hətta SSRİ dönəmində saysız vətənpərvər və fədakar ziyalılar yetişdirməklə milli özünüdərk prosesində müntəzəm olaraq birbaşa iştirak edib. Məhz SSRİ dövründə Ümummilli Liderimiz tərəfindən əsası qoyulan azərbaycançılıq ideyasının həyata keçirilməsində universiteti bitirən ziyalıların böyük rolu olub. Heydər Əliyevin universitetimiz haqqında dediyi “Universitet həqiqət axtaran, milli ruhu inkişaf etdirən bir ocaq, bir məktəb olmuşdur” sözləri bu fikirlərin bariz nümunəsidir.

Elm və təhsil sahəsində çoxşaxəli fəaliyyəti ilə seçilən Bakı Dövlət Universiteti ictimai həyatın, elm və texnologiyanın demək olar ki, bütün sahələrində kadr hazırlığı və elmi tədqiqatlar aparan ali təhsil ocağıdır. Azərbaycanın ən tanınmış ziyalıları, ictimai-siyasi fikrin formalaşmasında misilsiz rolu olan görkəmli şəxsiyyətlərin əksəriyyəti bu universitetdə təhsil alıb, dünya elminə əvəzsiz töhfələr vermiş alimlərin böyük əksəriyyəti burada fəaliyyət göstərib. Bu gün də BDU ölkənin ilk və ən qabaqcıl universiteti kimi özünün tarixi simasını, müsbət ənənələrini, elmi potensialını, cəmiyyətdəki yüksək nüfuzunu qoruyub saxlayır. Azərbaycanda sonradan bir çox ali təhsil ocaqları yaradılsa da, Bakı Dövlət Universiteti Azərbaycan təhsilinin flaqmanı olmaqla, cəmiyyətdəki lider mövqeyini əldən verməyib. Bu gün 100 yaşını qeyd edən universitet Azərbaycan təhsilinin dünya miqyasına, xüsusən də Avratlantika məkanına inteqrasiya prosesinin önündə gedir.

Bakı Dövlət Universitetinin məzunu olması ilə fəxr edən dünya şöhrətli siyasətçi ümummilli lider Heydər Əliyev demişdir: “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir, iftixarıdır!”. Bəli, Bakı Dövlət Universiteti bizim milli sərvətimizdir, iftixar mənbəyimizdir, mənəviyyatımızdır, milli kimliyimizdir. Məhz bu səbəbdən də bu gün təkcə universitet kollektivinin deyil, ürəyi Bakı Dövlət Universitetinin sevinci ilə döyünən Azərbaycan xalqının bayramıdır.

Ötən əsrin 70-ci illərindən başlayaraq özünün intibah dövrünü yaşayan Bakı Dövlət Universiteti uzun illər ərzində ümummilli lider Heydər Əliyevin diqqət və qayğısını öz üzərində hiss edib. Universitetin yaranmasını xalqımızın tarixində ən əlamətdar hadisələrdən biri kimi qiymətləndirən Ulu Öndər universitetlə bağlı hər bir məsələyə çox həssaslıqla yanaşırdı.

Möhtərəm cənab Prezident, Ulu Öndərin layiqli davamçısı kimi, Sizin də Bakı Dövlət Universitetinə qayğınızı daim hiss edirik. Siz neft gəlirlərinin insan kapitalına çevrilməsinin vacibliyini dəfələrlə qeyd edərək alimlərimiz qarşısında bir çox mühüm vəzifələr qoymusunuz. Bakı Dövlət Universitetinin professor-müəllim heyəti də bu strategiyanı əsas tutaraq ölkənin elm və təhsil potensialının güclənməsinə, dövlət idarəçiliyi üçün yüksək ixtisaslı, savadlı, vətənpərvər kadrların hazırlanmasına böyük səy göstərir.

Ümummilli Liderimizin və Sizin doğma universitetimizə göstərdiyiniz böyük diqqət və qayğıya cavab olaraq biz universitet müəllimləri Sizi əmin edirik ki, bundan sonra da elm və təhsildə yüksək nailiyyətlər əldə etmək üçün səylərimizi əsirgəməyəcəyik, elmi tədqiqatlarımızı əzmkarlıqla davam etdirərək Azərbaycan elminin inkişafına öz töhfələrimizi verəcəyik. Bu şərəfli və müqəddəs yolda bütün həmkarlarıma uğurlar arzulayıram.

Hörmətli tədbir iştirakçıları, mən Ulu Öndərin “Qoy ədalət zəfər çalsın” devizinin hər kəs üçün bərabər imkanlar və şərait yaratdığı dövrdə Bakı Dövlət Universitetinin tələbəsi olmuşam. Hazırda isə bu universitetin müəllimiyəm. Bundan böyük nə xoşbəxtlik ola bilər? Bakı Dövlət Universitetinin müəllimi olmaq şərəfdir, fəxrdir. Bu hisslərlə çıxışımı bitirib gələcək nəsillərə Bakı Dövlət Universitetinin daha böyük uğurlarının şahidi və iştirakçısı olmağı, onun möhtəşəm və şanlı yubileylərini qeyd etməyi arzulayıram. Diqqətinizə görə minnətdaram.

x x x

Bakı Dövlət Universitetinin məşhur 60 aliminə həsr olunmuş “İthaf” kompozisiyası təqdim edildi.

x x x

Universitetin Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi Rəşad İMANOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident, hörmətli tədbir iştirakçıları, bu bayram günündə hər birinizi salamlayıram. Azərbaycanın ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə təşkil edilmiş bu mötəbər tədbirdə sizin qarşısında çıxış etmək mənim üçün böyük bir şərəfdir. Ona görə ki, mən burada gənc nəslin bir nümayəndəsi olaraq təkcə öz adımdan deyil, eləcə də Bakı Dövlət Universitetinin 24 min tələbəsi adından çıxış edirəm.

Bu gün Bakı Dövlət Universitetinin tələbələri üçün olduqca qürurverici və xüsusi bir gündür. Müqəddəs saydığımız, eyni zamanda, öz evimiz qədər sevdiyimiz universitetimizin 100 illik yubileyini qeyd edirik. Bizi sevindirən odur ki, bu gün Azərbaycanda təhsilə qayğı yüksək səviyyədədir. Bu sahədə hər bir yenilik, hər bir islahat, ilk növbədə, Azərbaycan gənclərinin gələcəyi nəzərə alınaraq aparılır.

Ali təhsil müəssisəsi tələbələrdə biliyin, savadın, peşəkarlığın və intellektin artmasında, eləcə də onların gələcək həyatında əvəzsiz rol oynayır. Bakı Dövlət Universitetinin tələbələri olaraq deyə bilərik ki, universitetimiz bizə gələcəyimizi sağlam təməllər əsasında qurmaqda daim yol göstərir. Məhz bu dəstək nəticəsində bizim elmə olan marağımız gündən-günə daha da artır.

Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər gənclərlə bağlı məsələləri həmişə dövlət siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi. Məhz onun müvafiq Sərəncamı ilə 2 fevral Azərbaycan Respublikasında “Gənclər günü” kimi təsis edilmişdir.

Ulu öndər Heydər Əliyevin də vurğuladığı kimi, “Azərbaycan xalqının sərvəti” olan Bakı Dövlət Universitetində təhsil almağın böyük məsuliyyət tələb edən bir proses olduğunu bilirik. Heydər Əliyevin bir çox xoş xatirələrinin olduğu universitetdə təhsil almaq biz vətənpərvər gənclər üçün qürur mənbəyidir. Ulu Öndəri dərin hörmət və minnətdarlıq hissi ilə anırıq və söz veririk ki, gənc nəsil olaraq üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcəyik.

Biz tələbələr gələcəyə böyük inamla baxırıq. Ona görə ki, biz yüksək səviyyədə təhsil alırıq, biz elm və təhsilin insan həyatına təsirini dərk edirik, biz vətənpərvər ruhda yetişirik və şəraitdən asılı olmayaraq hər zaman Vətənin müdafiəsinə hazırıq. Bizi buna daha da ruhlandıran, ilk növbədə, cənab Prezidentimizin öz çıxışlarında daim gənclərin yanında olduğunu vurğulamasıdır.

Möhtərəm cənab Prezident, qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı müasir dövrdə Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsi məqsədi ilə Ulu Öndərin yolunu uğurla davam etdirərək, Siz çoxsaylı sərəncam və fərmanlar imzalamısınız, o cümlədən növbəti “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramını təsdiq etmisiniz. Bu sərəncam və fərmanlar cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaratmışdır. Məhz Sizin böyük əməyiniz və səyiniz nəticəsində Azərbaycan gəncliyi bu gün artıq cəmiyyətin inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə çevrilib. Cənab Prezident, Sizə bütün Azərbaycan gəncliyi adından minnətdarlığımızı bildirirəm.

Dövlətin gənclər siyasətinin reallaşdırılması sahəsində təhsil aldığım doğma Bakı Dövlət Universitetində də mühüm tədbirlər həyata keçirilmişdir və bu gün də bu siyasət uğurla davam etdirilir. Hörmətli müəllimlərimiz tərəfindən gənc nəslə hərtərəfli diqqət və qayğı göstərilir, gənclərin elm və təhsil sahəsində fəal iştirakının təmin olunması, beynəlxalq aləmdə tanınan və qəbul edilən nailiyyətlər əldə etməsi üçün bütün şərait yaradılmışdır. Bütün bunlara görə biz universitetin professor-müəllim heyətinə, eləcə də bizə dəstək olan hər bir əməkdaşına sonsuz dərəcədə minnətdarıq. Biz onsuz da güclü ölkəyik, gənclərin yüksək savadı ilə daha da güclənəcəyik və bu savadı gənclərə aşılayan müqəddəs universitetimiz də daim ucalacaq.

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə bütün Azərbaycan xalqını təbrik edirəm. Yaşasın Bakı Dövlət Universiteti! Yaşasın Azərbaycan gəncliyi, Azərbaycan xalqı! Yaşasın Azərbaycan!

x x x

Daha sonra universitetin loqotipinin və 16 fakültəsi üzrə elm sahəsini əhatə edən “Tələbənin yolu” qrafik-rəqəmsal təqdimatı oldu.

Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunan mərasim bu qocaman təhsil ocağının himninin ifası və müxtəlif ölkələrdən gəlmiş ali məktəb nümayəndələrinin təbrikləri ilə yekunlaşdı.

26 noyabr

Noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev və universitetin professoru, hüquq elmləri doktoru Firuzə Abbasova çıxış etdilər.

Daha sonra pianoçu Etibar Əsədlinin ifasında Bakı Dövlət Universitetinin məşhur 60 aliminə həsr olunmuş “İthaf” kompozisiyası təqdim edildi.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi Rəşad İmanov çıxış etdi.

Universitetin 16 fakültəsi üzrə elm sahəsini əhatə edən rəqəmsal qrafikin təqdimatı oldu.

Sonda Bakı Dövlət Universitetinin himni səsləndirildi.

26 noyabr 12.00

Noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasim keçirilir.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

S.Xankişiyeva

Paylaş:
751

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər