AzTa Les Roches və Glion Beynəlxalq Turizm universitetləri arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb – FOTO
Memorandum Bakıda Azərbaycan Turizm Assosiasiyası (AzTa) rəhbəri Nahid Bağırov və Les Roches Universitetinin Direktoru Cənab Karlos Diez de la Lastra arasında imzalanıb.
1news.az-a Assosiasiyadan verilən xəbərə görə, Azərbaycanda turizmin inkişafına yönələn Memorandum, birgə layihələrin, turizm sahəsində birgə tədqiqatların, treninq proqramlarının hazırlanması və həyata keçirilməsi, eləcə də təcrübə mübadiləsini nəzərdə tutur.
“Azərbaycan Turizm Assosiasiyasının prioritet istiqamətlərindən biri, ölkədə turizm peşəsinin keyfiyyətinin artırılması, eləcə də kadr çatışmamazlığı probleminin aradan qaldırılmasıdır. AzTa daim bu istiqamətdə işlər aparır, xüsusiləşdirilmiş təlimlərin keçirilməsi ilə yanaşı, yerlı və xarici universitetlərlə birgə lahiylərin həyata keçirilməsi ilə bağlı danışıqlar aparır. Les Roches və Glion Beynəlxalq Turizm Universitetləri ilə imzalanan Memorandum həm AzTa, həm də turizm sahəsinin növbəti uğurudur. Razılaşmaya əsasən həm qonaqpərvərlik sahəsinin mütəxəssisləri, həm də bu sahədə karyera qurmaq istəyənlər üçün bakalavr, magistr və diplomdan sonrakı proqramlar üzrə xüsusi şərtlərlə təhsil almaq imkanı yaradır”, - bunu AzTa rəhbəri Nahid Bağırov deyib.
Cənab Karlos Diez de la Lastra öz növbəsində turizm sahəsində peşəkar kadrların fəaliyyətinin vacibliyini xüsusi qeyd etdi və gələcək birgə fəaliyyətdə həm AzTa, həm Universitetlərə uğurlar arzuladı.
Glion və Les Roches Universitetlərin Azərbaycandakı yeganə nümayəndəsi “Prime Education” şirkətidir.
Glion Universiteti ilə birgə Sommet Education Qrupuna daxil olan Les Roches Universiteti qonaqpərvərlik üzrə dünyanın aparıcı universitetlərdən biridir. Universitetlərin hər ikisi Qonaqpərvərlik və Turizm təhsili üzrə TOP-4, işəgötürənlər arasındakı nüfüza görə isə TOP-3 daxildir.
Glion və Les Roches Universitetlərində indiyə kimi 100-dən çox azərbaycanlı tələbə dərs alıb ki, onlardan 50 nəfəri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” çərçivəsində həmin Universitetlərdə təhsil alıb. Hər iki universitetin məzunları Azərbaycanın və dünyanın aparıcı şirkətlərində fəaliyyət göstərirlər. Beynəlxalq Olimpiya Komitəsi, Disneyland, Marriott, Hyatt, Hilton, Bloomberg, Booking.com, J.P.Morgan, Louis Vuitton və digər aparıcı şirkət və otellər Les Roches və Glion Universitetlərində təşkil olunan karyera günlərində iştirak edir, tələbə və məzunlara iş imkanları təklif edirlər.
S.Xankişiyeva