Dekabrın 1-dən etibarən Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası baş tutacaq

“Nargis” Fondun təşkilatçılığı və dəstəyi ilə Fəvvarələr Meydanında “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası baş tutacaq.
1news.az-ın verdiyi xəbərə görə, tədbirin yüksək səviyyədə keçirilməsində “Nargis” Fonda baş sponsorlar qismində “Boutique One”, “Azercell”, “Coca-Cola”, “Berg”, “Xırta-Xırt”, “FMG-group”, “Shokki Mokki”, “Azərçay”, ”Zeytun Bağları”, “Final yağları”, İndoneziyanın Azərbaycandakı səfirliyi, “Muğan Bank”, eləcə də rəsmi tərəfdaş qismində “CinemaPlus”, “Azərİşiq”, “Bakı Abadlıq Xidməti”, “Dayaq Group Security” dəstək göstərəcək.
Artıq 7 ildir ki, “Soyuq əllər, isti ürək” yarmarkası paytaxtımızın sakinlərinə və qonaqlarına əsl Yeni il ab-havası və sehirli əhval-ruhiyyəsi bəxş edir. Burada siz doğmalarınız üçün Yeni il hədiyyələri, suvenirlər, kitablar, paltarlar, şirniyyatlar əldə edə bilər, həmçinin yarmarkada yerləşən kiçik kafelərdə isti şokoladı, bir fincan çayı və ya qəhvəni içə, təamları və şirniyyatları dada bilərsiniz.
Ənənəyə sadiq qalaraq, yarmarkadan toplanılan bütün vəsaitlər xeyriyyə məqsədlərinə yönləndiriləcək. "Nargis" fondu yarmarkanın sponsorları ilə birgə əməliyyata və müalicəyə ehtiyacı olan uşaqlara, həmçinin aztəminatlı ailələrə köməklik göstərəcək. Bundan əlavə, yarmarkanı dəyərli və fəxri qonaqlarımız – uşaq evlərinin sakinləri ziyarət edəcəklər.
Qeyd edək ki, xeyriyyə fondu 2012-ci ildə "Nargis" jurnalının baş redaktoru Ülviyyə Mahmudova tərəfindən Azərbaycanda xeyriyyə ənənələrini yaşatmaq və davam etdirmək məqsədi ilə təsis edilmiş, 2013-cü ildə isə aktiv fəaliyyətə başlamışdır. Məhz o zaman bu gözəl ənənənin - "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasının təməli qoyulmuşdur. Təsis olunduğu gündən etibarən fond tərəfindən bir sıra xeyriyyə layihəsi, uşaq evləri və qocalar evlərinə, aztəminatlı ailələrə maddi dəstək, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyatları həyata keçirilmişdir. "Nargis" fondu tərəfindən 2019-cu ildən etibarən eyni prinsipləri davam etdirərək Novruz bayramına həsr olunan “Torpaq əlimdə, bahar ürəyimdə” yaz xeyriyyə yarmarkası təşkil edilir.
"Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkamız dekabrın 1-dən etibarən yanvarın 13-dək hər gün səhər saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Hər birinizi yarmarkamızda gözləyirik!
Fondun fəaliyyətı barədə ətraflı məlumatı və “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkası haqqında gündəlik xəbərləri nargisfund.com saytından, eləcə də Facebook və Instagram sosial şəbəkə resurslarından əldə edə bilərsiniz.
S.Xankişiyeva