Prezident İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub – FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub – FOTO

11:49 - 04 / 12 / 2019
Prezident İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” ilə tanış olublar.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə və “Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun dövlətimizin başçısına və birinci xanıma 25 illik yubileyini qeyd edən builki sərgi haqqında məlumat verdilər.

Bildirildi ki, yubiley sərgisində 23 ölkədən 238 şirkət iştirak edir. Türkiyə, Rusiya, ABŞ, Belarus, BƏƏ, Fransa, İran, İsrail, İtaliya, Sloveniya, Xorvatiya və digər ölkələrin ticarət palataları və səfirliklərinin dəstəyi ilə aparıcı İT şirkətlərindən ibarət milli qruplar sərgidə təmsil olunur. Sərgiyə 11 ölkə milli pavilyonla qatılıb. Sərginin debütantlarının sayı ümumi iştirakçıların 30 faizini təşkil edir. Stendlərdə həm iş, həm də gündəlik həyat üçün “ağıllı” həllər təklif olunur. Hər il olduğu kimi, bu il də tədbirdə bir-birindən maraqlı layihələr təqdim edən stendlər qurulub. Sərgi Xəzər bölgəsində innovasiya və yüksək texnologiyalar sahəsində ən böyük hadisə olmaqla yanaşı, işgüzar əlaqələrin qurulması üçün də nadir məkandır.

Dövlətimizin başçısı və birinci xanım İnnovasiyalar Agentliyinin stendi ilə tanış oldular. Burada agentliyin fəaliyyəti haqqında məlumat verildi. Qeyd olundu ki, Agentlik regional investorları cəlb etmək üçün beynəlxalq ekspertlərin iştirakı ilə Fondlar Fondunun yaradılması üzərində iş aparır. Bu sahədə beynəlxalq təcrübə öyrənilir. Agentliyin indiyədək bir çox startapları həyata keçirilib. Bu startaplar sosial, süni intellekt, istehlakçılar, tibb və digər sahələri əhatə edir.

Dövlətimizin başçısına Azərbaycanda startapçılar üçün yaradılan şərait barədə məlumat verildi. Bildirildi ki, İnnovasiyalar Agentliyi bütün regional startaplara Azərbaycanda öz şirkət nümayəndəliklərini qeydiyyatdan keçirməyə, yerli mütəxəssislərdən ibarət komanda formalaşdırmağa, məhsullarını adaptasiya etməyə və kommersiyalaşdırmağa kömək göstərir.

Bu stenddə Azərbaycan Prezidentinə və birinci xanıma startap layihələri barədə məlumat verildi.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AzInTelecom”un stendində də təqdim olunan yeniliklərlə tanış oldular. Burada “Hökumət buludu” layihəsi, yeni məhsullar və layihələr təqdim edilir. Bundan başqa, eyni zamanda, proqram təminatı xidmətləri çərçivəsində yeniliklər nümayiş olunur. Stenddə, həmçinin Yevlaxda ehtiyat Data Mərkəzi, bulud texnologiyaları üzrə ən son xidmətlərin “Azcloud MeetUp” adlı emalatxanası barədə də məlumat almaq olar.

“Aztelekom” MMC-nin stendində məlumatın yüksək sürətlə ötürülməsini təmin edən müasir və səmərəli ayrılmış xətt xidməti, GPON və LTE texnologiyaları üzərindən göstərilən genişzolaqlı xidmətlər, İPTV və internetdə olan məzmunun filtrasiya xidməti təqdim olunur.

 “Baktelecom” stendində sərgi ziyarətçilərinə Bakı şəhərini əhatə edən “Evədək optika” layihəsi və paytaxtətrafı ərazilərdə tətbiq edilən “Simsiz rabitə” şəbəkəsinin növbəti mərhələsi, həmçinin İPTV texnologiyası ilə rəqəmsal televiziya xidmətləri, mobil və stasionar telefonları ümumi şəbəkəyə birləşdirməyə imkan yaradan “Virtual ATS” xidməti təqdim olunur.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əsas informasiya texnologiyaları infrastrukturu olan Məlumat Hesablama Mərkəzi ölkədə elektron imza üçün Milli Sertifikat Xidmətləri Mərkəzinin fəaliyyətini qanunvericiliyə əsasən təmin edən müəssisədir. Qırx beş ildən çoxdur ki, fəaliyyət göstərən Məlumat Hesablama Mərkəzi Azərbaycanda kompüter texnologiyası ilə hesablamalar və təhlillər aparan ilk qurumdur. Müəssisənin xidmətlərinə “özəl şəbəkələrin qurulması”, “proqram təminatı”, “məlumatın saxlanma və emalı sistemi”, “sistem inteqrasiya həlləri”, “veb-saytların yaradılması” və digər mühüm xidmətlər daxildir. Mərkəz fəaliyyət sahələrini genişləndirərək informasiya texnologiyalarının bir çox istiqamətlərini əhatə edir.

“Azərpoçt” MMC-nin stendində yeni “Postman” xidməti təqdim olunub. “Android” sistemi ilə çalışan mobil tətbiq poçtalyonların işini asanlaşdırmaq və onların fəaliyyətinə nəzarət etmək məqsədi daşıyır. Buradakı digər yenilik isə “Postpay” – elektron pul kisəsidir.

“Azərmarka” MMC-nin stendində markalı kitablar, bu il ərzində tədavülə buraxılan poçt markaları, suvenirlər təqdim edilir.

Dövlətimizin başçısı və birinci xanım poçt markalarını möhürlədilər.

X X X

Prezident İlham Əliyev sərgidə Rusiyanın “Rossiya 24” televiziya kanalına müsahibə verdi.

X X X

Sərgidə İnnovasiyalar Agentliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı ilə şəhid ailələrinin övladları üçün təmənnasız təşkil edilən STEM üzrə kursların iştirakçıları əldə etdikləri nailiyyətləri sərgi ziyarətçiləri ilə bölüşürlər. Kurs iştirakçıları hazırladıqları modelləri Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya nümayiş etdirdilər.

Belarus da “Bakutel-2019” sərgisinin iştirakçıları arasındadır. Bu ölkədən “Bakutel”də 6 şirkət iştirak edir. Onlar İKT-nin ən son yeniliklərini Bakı sərgisində nümayiş etdirirlər. Prezident İlham Əliyev burada Belarus və Azərbaycanın birgə buraxılışı olan markanı möhürlədi.

 “Startup Avenue” stendində İnnovasiyalar Agentliyində fəaliyyət göstərən 26 startap layihəsi nümayiş olunur. İnnovasiyalar Agentliyinin “Hybrid Startups” proqramı çərçivəsində Rusiya, İtaliya, Yaponiya, Ukrayna və İrandan olan xarici rezidentlər də sərginin iştirakçıları arasındadırlar.

Rusiya Federasiyasının Elm və Ali Təhsil Nazirliyinin sərgidəki stendində bu ölkənin 14 universiteti və bir elmi-tədqiqat institutunun, ümumilikdə, 35 layihəsi təqdim olunur. Bundan başqa, Rusiyanın 2 şirkəti də öz məhsullarını nümayiş etdirir.

Sərgidə İran İslam Respublikası da geniş təmsil olunur. Burada İrandan 15 şirkət məhsullarını təqdim edir. Şirkətlərin təqdim etdiyi layihələr arasında İKT ilə bağlı ən son yeniliklər nümayiş olunur.

Qardaş Türkiyə digər sərgilərdə olduğu kimi, bu sərgidə də təmsil olunur. Türkiyə şirkətləri peyk, İT, informasiya təhlükəsizliyi ilə bağlı innovativ məhsulları təqdim edirlər. Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə yanaşı, 4 şirkətin yenilikləri də ziyarətçilərə nümayiş etdirilir.

Xorvatiya “Bakutel-2019”da, ümumilikdə, 5 şirkətlə təmsil olunur. Bu şirkətlərdən ikisi ilk dəfədir ki, sərgiyə qatılır. Şirkətlər müxtəlif məhsul və layihələrini, o cümlədən İT, mobil bankçılıq və digər xidmətləri təqdim edirlər.

Amerika Birləşmiş Ştatları sərginin iştirakçıları arasındadır. Bu ölkədən 4 şirkət İKT ilə bağlı müasir xidmətlərini təqdim edir. Bu xidmətlərin arasında İT sahəsində təhlükəsizlik və digər məhsullar var.

İsrail də sərgidə iştirak edir. Bu ölkənin şirkətləri “Bakutel”də innovativ məhsul və xidmətlərini təqdim edirlər.

Fransa stendində də ən son İT və informasiya təhlükəsizliyi məhsulları nümayiş olunur. Burada Fransanın 2 şirkəti ən son yeniliklərini sərgi iştirakçılarına nümayiş etdirir.

İtaliya stendi ilə tanışlıq zamanı məlumat verildi ki, burada 3 şirkət müxtəlif İT məhsullarını təqdim edir. İtaliya sərgidə, həmçinin milli pavilyonla təmsil olunur.

 “Bakutel-2019 “sərgisində Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzi öz stendi ilə təmsil olunur. Burada mərkəzin idarə etdiyi, o cümlədən texniki cəhətdən ərsəyə gətirdiyi layihələr, qurumun əməkdaşları tərəfindən dövlət xidmətlərinin təkmilləşdirilməsini təmin edən İKT sahəsində həllər nümayiş olunur. Stenddə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “myGov” portalı, “ASAN ödəniş”, “ASAN Viza”, “ASAN Finans” sistemləri və süni intellekt sahəsində mərkəzin gördüyü işlər barədə ətraflı məlumat verildi.

İT sahəsində dünya liderlərindən olan CİSCO şirkəti də sərginin iştirakçıları arasındadır. Bu şirkət ən son yenilik və məhsullarını, həmçinin İT həllərini sərgi iştirakçılarına təqdim edir.

Vətəndaşlara qeydiyyat prinsipi olmadan xidmət göstərən DOST mərkəzinin sosial sahədə innovativ yenilikləri də “Bakutel-2019”da təqdim edilir. Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, bu ilin mayında açılışı olan DOST mərkəzi ötən müddətdə 55 min vətəndaşa xidmət göstərib. Vətəndaş məmnunluğu səviyyəsi 95 faizdən çoxdur. Hazırda vətəndaşlara 132 xidmət göstərilir. Getdikcə təkmilləşdirilən bu xidmətlərin sayı artır. DOST Mərkəzinin müasir “Çağrı mərkəzi” 200 mindən çox zəng qəbul edib.

Bildirildi ki, bir neçə həftədən sonra Bakının Xəzər və Pirallahı rayonlarını əhatə edən 2 saylı DOST mərkəzi açılacaq. Növbəti il isə Bakı ilə yanaşı, bölgələrdə də beş mərkəzin açılması nəzərdə tutulur.

“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti də sərgidə təmsil olunur. Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. Prezident İlham Əliyevə şoranlaşma ilə bağlı peyk vasitəsilə aparılan müşahidələr barədə məlumat verildi.

1987-ci ildə təsis edilən “Huawei” şirkəti sərgidə yeniliklərini təqdim edir. Beynəlxalq aləmdə aparıcı informasiya və kommunikasiya texnologiyaları infrastrukturu və ağıllı cihazların təminatçısı olan şirkət dünyada üç milyarddan çox insana xidmət göstərərək 170-dən artıq ölkədə və bölgədə təmsil olunur.

Rusiyanın Peyk Kommunikasiya Şirkəti də sərgidə məhsullarını təqdim edir.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərginin “ROBOPARK” sahəsində təqdim olunan yeniliklərlə tanış oldular. Məlumat verildi ki, burada 20-dən çox interaktiv və əyləncəli proqramlaşdırma, həmçinin dronlar üzrə biliklər təqdim olunur.

Eyni zamanda, sərgidə müxtəlif robotlar da nümayiş etdirilir.

Dövlətimizin başçısı və birinci xanım robotların danışığını dinlədilər və Azərbaycan musiqisi altında rəqsinə tamaşa etdilər.

Digər bir robotun pianoda ifası da maraqla qarşılandı.

Sonra xatirə şəkilləri çəkdirildi.

Daha sonra dövlətimizin başçısına “Bakı Taxi” MMC-nin yeni elektrik mühərriki ilə işləyən avtomobil modeli barədə məlumat verildi. Bildirildi ki, elektrik enerjisi ilə işləyən yeni taksilər ekoloji cəhətdən zərərsizdir. Avtomobillərdə USB portlar, wifi və GPS quraşdırılıb.

S.Xankişiyeva

Paylaş:
1075

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər