İlham Əliyev: Azərbaycan region üçün vacib layihələrin təşəbbüskarıdır
Azərbaycan Prezidenti İlham Əliyev "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş"in imzalanmasının 20 illiyi münasibətilə Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına təbrik məktubu ünvanlayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, konfransda təbrik məktubunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov oxuyub.
Dövlət başçısı məktubunda təbdir iştirakçılarını Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin 20 illik fəaliyyətinə həsr olunmuş yubiley konfransında salamlayıb və hər birini bu əlamətdar yubiley münasibəti ilə təbrik edib: “Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il sentyabrın 7-8-də 9 ölkənin dövlət başçısının, 13 beynəlxalq təşkilatın və 32 dövlətin nümayəndə heyətinin iştirakı ilə tarixi İpək Yolunun bərpasına həsr edilmiş beynəlxalq konfransın Bakı şəhərində keçirilməsi ölkəmizin TRACECA Proqramına verdiyi xüsusi önəmin və diqqətin təzahürüdür.
Bu konfransın yekununda Avropa İttifaqının TRACECA Proqramı əsasında Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli saziş imzalanıb. Bundan əlavə, 2001-ci ilin 21 fevral tarixində Bakı şəhərində Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə TRACECA Hökumətlərarası Komissiyanın da Daimi Katibliyinin açılışı olub. Fəaliyyət göstərdiyi 20 il ərzində TRACECA Proqramı üzv ölkələr arasında multimodal daşımaların təşviqi, tranzit daşımalar üçün əlverişli şəraitin yaradılması, ticarət, iqtisadiyyat və nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə həmin ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib”.
Təbrik məktubunda qeyd edilib ki, Azərbaycan Respublikası Avropa-Qafqaz-Asiya regionunda nəqliyyat dəhlizlərinin və əlaqəli infrastrukturun inkişaf etdirilməsinin vacibliyini tanıyaraq, bir sıra layihələrin həyata keçirilməsi üçün sərmayələr yatırır, ikitərəfli və çoxtərəfli əsasda əməkdaşlıq edir: “Bununla bağlı xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan region üçün vacib layihələrin təşəbbüskarı olmaqla yanaşı, həm də Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi kimi vacib beynəlxalq layihələrin əsas həmicraçısı, beynəlxalq nəqliyyat dəhlizlərində daşımaların, o cümlədən multimodal infrastrukturun təşviqinə dəstək verən Şərq-Qərb və Cənub-Qərb avtomobil yolları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər yerli layihələrin icraçısıdır.
Nəqliyyat sahəsində əməkdaşlığa böyük diqqət yetirən Azərbaycan Respublikası qarşıdakı dövrdə Proqramın fəaliyyətini ölkələrimizin nəqliyyat sektorlarının inkişafı baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirir. Bu fəaliyyətin uğurla aparılması üçün ölkəmiz bundan sonra da Proqramın prioritet istiqamətləri üzrə daha vacib layihələrin gerçəkləşməsində davamlı iştirak edəcək. Əminəm ki, konfrans çərçivəsində aparılan müzakirələr və qəbul edilən sənədlər Proqramın gələcək fəaliyyətinin daha səmərəli həyata keçirilməsi üçün əlverişli zəmin yaradacaq”.
S.Xankişiyeva