“MFL Carlsberg Biznes Liqası”-nın təsnifat mərhələsinin püşkatması keçirilib - FOTO - VİDEO
Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL planetin ən məşhur idman növünün azarkeşlərini öz ətrafında birləşdirməkdə davam edir.
Bu dəfə tamamilə yeni bir çempionat – “MFL Carlsberg Biznes Liqası” (2019/20) start götürür.
Dekabrın 13-də turnirin təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. MFL-in Facebook səhifəsi ilə canlı yayımlanan mərasimdə MFL-in koordinatoru Kamran Həsənov, eləcə də turnirin tərəfdaşı olan “Carlsberg Azerbaijan” şirkətinin nümayəndəsi Aydın Bababəyov iştirak ediblər.
MFL-in koordinatoru Kamran Həsənov MFL-in bir çox mötəbər turnirlərin təşkilatçısı olduğunu diqqətə çatdıraraq “MFL Carlsberg Biznes Liqası” (2019/20) haqqında məlumat verib:
“Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL planetin ən məşhur idman növünün azarkeşlərini öz ətrafında birləşdirməkdə davam edir. MFL-in əsas məqsədi ölkəmizdə futbolun daha da populyarlaşdırılması, insanlar arasında sağlam həyatı təbliğ etmək, eləcə də bir-birindən maraqlı layihələrlə futbolsevərləri sevindirməkdir.
Bildiyiniz kimi, bu günə qədər MFL bir çox mötəbər turnirlərin təşkilatçısı olub. Bu turnirlərdə onlarla komanda, yüzlərlə futbolçu çıxış edib.
MFL bu dəfə ölkəmizdə fəaliyyət göstərən şirkətlər arasında mini futbol turniri keçirməyə qərar verib. İnanıram ki, bu turnir də digər turnirlər kimi uğurlu olacaq. Turnirdə iştirak edəcək hər bir komandanı təbrik edir, onlara uğurlar arzu edirəm”.
Daha sonra püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticəsində “MFL Carlsberg Biznes Liqası” (2019/20)-nin təsnifat mərhələsində çıxış edəcək cütlüklərin adına aydınlıq gəlib.
Qeyd edək ki, “MFL Carlsberg Biznes Liqası” (2019/20)-nin təsnifat mərhələsində ümumilikdə 46 komanda çıxış edəcək. Cütlüklərin mübarizəsində qalib gələn 23 komanda “Carlsberg Azerbaijan” şirkətinin komandası ilə birgə qrup mərhələsində çıxış etmək hüququ qazanacaq. Həmin komandalar hər birində 12 komanda olmaqla iki qrupa bölünəcəklər. Öz qruplarında ilk 4 yeri tutan komandalar pley-off oyunlarına vəsiqə qazanacaqlar. Burada isə komandalar 1/4 final və yarımfinalda qüvvələrini sınayacaqlar. Sona qalan iki komanda turnirin qalibi adı uğrunda həlledici final oyununa çıxacaq.
Turnirin qalibi adını qazanan komanda Türkiyə kubokunun final oyununu pulsuz izləmək imkanı əldə edəcək. Komandanın səfər, nəqliyyat və otel xərcləri “Carlsberg Azerbaijan” şirkəti tərəfindən qarşılanacaq.