Ağ Evin qarşısında Azərbaycan məktəblilərinin ifasında “Cücələrim” rəqsi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağ Evin qarşısında Azərbaycan məktəblilərinin ifasında “Cücələrim” rəqsi – FOTO

11:12 - 23 / 12 / 2019
Ağ Evin qarşısında Azərbaycan məktəblilərinin ifasında “Cücələrim” rəqsi – FOTO

Ölkəmizin ABŞ-dakı səfirliyinin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatası nəzdindəki Azərbaycan Ticarət və Mədəniyyət Mərkəzində fəaliyyət göstərən Azərbaycan məktəbinin şagirdləri Milli Park Xidməti və Prezident Parkının dəstəyi ilə Ağ Evin qarşısında təşkil edilən Yeni İl musiqi şənliyində çıxış etmişdir.

Qeyd edək ki, Azərbaycan məktəbinin şagirdləri müstəsna hal olaraq adıçəkilən tədbirdə çıxış etmək üçün seçilmiş və dəvət olunmuşdur.

1news.az-a Səfirlikdən verilən xəbərə görə, tədbirin təşkilatçılarından biri məktəb haqqında məlumat verərək şagirdləri səhnəyə dəvət etmişdir. İlk olaraq 4-6 yaşlı uşaqlar Cücələrim rəqsini, daha sonra digər qruplar Popurri və Eynur rəqslərini nümayiş etdirmişdirlər. Sonda məktəbin şagirdləri birlikdə Yeni il gəldi mahnısını xorla ifa etmişdirlər. Çıxışlar çoxsaylı ziyartəçilər tərəfindən heyranlıqla izlənmiş və alqışlarla qarşılanmışdır. Tədbir ABŞ mediasında da geniş işıqlandırılmışdır.

Qeyd edək ki, prezident parklarından biri olan Ellips parkında yerləşən ABŞ-ın Milli Milad və Yeni il Yolka ənənəsi 90 il əvvəl prezident Kalvin Kulicin dövründə əsası qoyulmuş və hər il çoxsaylı turist buranı ziyarət edir. Bu il yolka ətrafındakı piyada yolda hər yolka ağacı üçün fərqli olaraq əl işləri ilə bəzədilmiş ştat və əraziləri təmsil edən 56 kiçik yolka ağacları qurulmuşdur.

Xatırladaq ki, ABŞ-ın Milli Park Xidməti Vaşinqtonda fəaliyyət göstərən Azərbaycan Məktəbinin tələbələrinin milli rəqsini öz aylıq təqviminin (avqust, 2019) üz səhifəsində  yerləşdirmişdir. Milli Park Xidməti ABŞ-da ətraf mühiti, təbii resursları və mədəni irsi qorumağa məsul Daxili Məsələlər Departamentinə tabedir.

Azərbaycan Məktəbi 2017-ci ilin fevralında təsis edilib. Əsasən Vaşinqton və ətraf şəhərlərdə yaşayan azərbaycanlı uşaqların cəlb olunduğu məktəbdə milli dəyərlərimiz aşılanır, Azərbaycan dili dərsləri keçirilir və milli bayramları birlikdə qeyd etmək imkanı yaradılır. 2018-2019-cu il tədris ili ərzində şagirdlər 18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günü, Dövlət Bayraq Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il, Novruz bayramı ilə əlaqədar tədbirlərlə yanaşı şagirdlər Səfirlik və Ticarət Palatasında keçirilən müxtəlif tədbirlərdə, Dünya Bankında təşkil edilən Novruz bayramında, "Culturfied” Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Uşaq Festivalında çıxış etmişdirlər.

S.Xankişiyeva

 

 

Paylaş:
592

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər