Azərbaycanda Qadınlar Mühəndislikdə hərəkatı yaradılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda Qadınlar Mühəndislikdə hərəkatı yaradılır

13:31 - 26 / 12 / 2019
Azərbaycanda Qadınlar Mühəndislikdə hərəkatı yaradılır

Günümüzdə dünyada qadınların mühəndisliyə və texnoloji inkişafa cəlb olunması üçün tədbirlərin miqyası günü-gündən artmaqdadır. Qadınlar mühəndislikdə artıq bir trend halına gəlib.

Mühəndislik sektoruna daha çox qadın cəlb edilməsi və onların bu sektorda saxlanılması iqtisadi artım, maliyyə sabitliyi və ümumi inkişaf üçün vacibdir. Hazırda dünyada istər beynəlxalq təşkilatlar, istərsə də özəl sektor tərəfindən qadınların STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) sahələrinə cəlb olunması üçün kütləvi proqramlar mövcuddur.  Azərbaycanda yeni yaradılan “WING” (Women in Ingenerie) – Qadınlar Mühəndislikdə Hərəkatı 7 yaşdan başlayaraq müxtəlif yaş qruplarında qızlara və qadınlara ilham və dəstək verən, peşəkar inkişaf təklif edən qadın mühəndis, elm və texnoloqların peşəkar bir şəbəkəsinə çevrilmək əzmindədir. WING hərəkatı müxtəlif istiqamətlərdə fəaliyyət göstərən tərəfdaşların səylərini vahid platformada birləşdirərək qızlarımızı mühəndisliyə həvəsləndirəcək.

Təşkilat komitəsinin rəhbəri Vüsalə Kazımova bildirir ki, görüləcək işlərin davamlı və effektiv olması üçün bu istiqamətdə beynəlxalq təcrübə də nəzərdən keçirilib. Belə ki, beynəlxalq təşkilat olan WomEng (Women in Engineering) ilə əməkdaşlıq haqqında memorandum imzalanıb, onların 22 ölkədə mövcud proqramları öyrənilib və həmin metodikaların Azərbaycanda tətbiq olunması haqqında razılıq əldə olunub.

Bundan başqa Amerikada fəaliyyət göstərən EFK Foundation (Engineering For Kids İctimai Birliyi) təcrübəsi öyrənilib, onların da proqramlarından istifadə olunması haqqında memorandum imzalanıb.

Hər iki təşkilatın Azərbaycan üzrə rəsmi nümayəndəsi təyin olunan Vüsalə Kazımovanın sözlərinə görə, WING hərəkatının ilk geniş miqyaslı layihəsi olacaq “Integrated Mentorship” layihəsi də hazırlanıb. İlk fazada 2 il davam edəcək layihə çərçivəsində məktəblilər, universitet tələbələri, peşəkar mühəndislər və beynəlxalq səviyyəli menecerlərin zəncirvari “öyrən və paylaş” mexanizmi hazırlanıb.

Proqramda iştirak edəcək hər bir tərəfin maraqları nəzərə alınıb, bu da layihənin uzun müddətli davamlı olacaqını təmin edəcək. Eyni adlı layihə EFK Foundation tərəfindən Amerikanın 12 ştatında uğurla tətbiq olunur.

“Layihə çərçivəsində böyük mühəndislik şirkətlərini öz təcrübəli insan resursları ilə, universitetləri, gənclərlə bağlı dövlət orqanlarını və cəmiyyətimizin başqa aktiv təşkilatlarını əməkdaşlığa dəvət edirik”- deyə, V.Kazımova qeyd edib.

1news.az

Paylaş:
1624

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər