Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib

09:07 - 26 / 12 / 2019
Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib

Prezident İlham Əliyev Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirən 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarını təbrik edib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, dövlətimizin başçısı təbrikdə ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmuş bu tarixi günün xarici ölkələrdə məskunlaşıb yaşayan milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və Vətənə sədaqətinin rəmzi kimi hər il xalqımız tərəfindən ruh yüksəkliyi ilə bayram edildiyini bildirib.

Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və uğurlara nail olmuşdur.

Bu gün Azərbaycan dövləti müstəqil daxili və xarici siyasəti, artan beynəlxalq nüfuzu, iqtisadi, siyasi və hərbi gücü ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bir çox qlobal transmilli və regional layihələrin təşəbbüskarı və iştirakçısı olan ölkəmiz dünyanın enerji təhlükəsizliyinə sanballı töhfələr verməklə, regionda mühüm tranzit və logistika mərkəzinə çevrilmişdir. Zəngin təbii resurslarımız və iqtisadi potensialımız Azərbaycanın geostrateji mövqelərinin daha da güclənməsinə etibarlı zəmin yaradır və biz bu istiqamətdə ardıcıl siyasətimizi davam etdirəcəyik.

Sosial-iqtisadi, siyasi-hüquqi sahələrdə və dövlət idarəetməsində həyata keçirilən sistemli islahatlar, milli müstəqillik ideallarına sadiq, müasir dünyagörüşlü gənclərimizin bu prosesə daha fəal cəlb edilməsi bizi inamla qarşıya qoyduğumuz inkişaf strategiyasının hədəflərinə yaxınlaşdırmaqdadır. Uğurlu siyasətin nəticəsidir ki, ölkədə möhkəm ictimai-siyasi sabitlik və milli-mənəvi həmrəylik təmin edilmiş, insanlarımızın maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.

Dünyanın ayrı-ayrı bölgələrində mürəkkəb etno-siyasi proseslərin, din və məzhəb qarşıdurmalarının, humanitar fəlakətlərin baş verdiyi bir vaxtda Azərbaycan sabitliyin, etnik-dini tolerantlığın və multikultural ənənələrin qorunub saxlanıldığı unikal məkandır. Müasir dövrdə insanları narahat edən sülh və təhlükəsizlik məsələlərinin, sivilizasiyalararası dialoq problemlərinin müzakirə edildiyi bir çox mötəbər beynəlxalq tədbirlərə, o cümlədən Dünya dini liderlərinin II Sammitinə, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünə ev sahibliyi etməsi və növbəti üç ildə bu Hərəkata sədrliyin Azərbaycan Respublikasına keçməsi dövlətimizin beynəlxalq nüfuzunun bariz nümunəsidir. Təsadüfi deyil ki, bu gün dünyanın ən gözəl şəhərləri sırasında yer alan paytaxtımız Bakı qlobal miqyasda sülhün və əmin-amanlığın təminatı üçün önəmli çağırışlar mərkəzinə çevrilmişdir.

Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanda “Nəsimi İli”nin elan edilməsi ictimai-mədəni həyatımızın builki əlamətdar səhifələrindən biridir. “Nəsimi İli” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda keçirilmiş rəngarəng tədbirlər Azərbaycan mədəniyyətinin ümumbəşəri əhəmiyyətinin daha bir nümayişi olmuşdur.

Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli və ərazi bütövlüyümüzün bərpası taleyüklü bir vəzifə olaraq qarşıda durur. Dövlətimizin iqtisadi-hərbi qüdrəti, beynəlxalq aləmdə getdikcə güclənən mövqelərimiz və fəal siyasi-diplomatik səylərimiz bu ağrılı problemin Azərbaycanın milli maraqlarına uyğun həlli üçün səfərbər edilmişdir. Son illər ordumuzun cəbhədə qazandığı uğurlar da göstərir ki, əzəli və əbədi Azərbaycan torpağı Qarabağın düşmən tapdağından azad ediləcəyi və tarixi ədalətin zəfər çalacağı gün uzaqda deyildir.

Azərbaycan Respublikası hazırda özünün parlaq və davamlı inkişaf dövrünü yaşayır. Dünyanın müxtəlif guşələrində məskunlaşan, lakin qəlbi daim Azərbaycan eşqi ilə döyünən soydaşlarımız da bu tarixi prosesdən kənarda deyil və onların xalqımızın tərəqqisində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində təqdirəlayiq xidmətləri yüksək qiymətləndirilməlidir.

“Ümidvaram ki, harada yaşamalarından asılı olmayaraq, soydaşlarımız məskunlaşdıqları ölkələrin həyatına inteqrasiya ilə yanaşı, öz milli kimliyini, mənəvi-əxlaqi dəyərlərini, tarixi Vətənlə bağlılığı qoruyacaq, Azərbaycanın bu günü və aydın sabahı naminə əməl və əqidə birliyi, sarsılmaz həmrəylik nümayiş etdirəcəklər. Xarici ölkələrdəki çoxsaylı diaspor təşkilatlarımızın gələcəkdə də əzmkar iradə və yüksək vətənpərvərliklə bu amallar uğrunda çalışacağına, xalqımızın və dövlətimizin şərəfli adını daim uca tutacağına inanıram”, - deyə Prezident bildirib.

Dövlətimizin başçısı dünya azərbaycanlılarına uğurlar, cansağlığı, xoşbəxtlik və firavanlıq arzulayıb.

S.Xankişiyeva

 

Paylaş:
442

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər