“Yüksəliş” müsabiqəsinə qeydiyyat başa çatıb

“Yüksəliş” müsabiqəsinin dekabrın 27-dən başlayan qeydiyyat mərhələsi fevralın 2-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, bu müddətdə 11 min 760 nəfər qeydiyyatdan keçib və onlardan 9775 nəfər müsabiqəyə qəbul edilib.
Xatırladaq ki, bu mərhələdə əhalini müsabiqə barədə məlumatlandırmaq, bölgələrdəki şəxslərin qeydiyyatdan keçmələrinə dəstək olmaq üçün yanvarın 21-31-də “Yüksəliş”in səyyar qeydiyyat avtobusları bölgələrə səfər edib.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.
S.Xankişiyeva