Havanın temperaturu 21 dərəcəyə qədər yüksələcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti fevral ayının 7-nə olan hava proqnozunu açıqlayıb.
Departamentdən 1news.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 14-18, Bakıda gecə 6-8, gündüz 16-18 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı, 752 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.
Azərbaycanın rayonlarında fevralın 7-də havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam şimal və qərb rayonlarından başlayaraq yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3-8, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, fevralın 7-də Abşeron yarımadasında arabir güclənən gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
1news.az