Sergey Polyakov: Seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb | 1news.az | Xəbərlər
Siyasət

Sergey Polyakov: Seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb

15:41 - 09 / 02 / 2020
Sergey Polyakov: Seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şərait yaradılıb

Seçki ilə bağlı müşahidələr aparırıq və müşahidə apardığımız bütün məntəqələrdə hər şey qaydasındadır. Əminliklə deyə bilərəm ki, Naxçıvanda seçkilər Seçki Məcəlləsinə uyğun təşkil olunub.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində beynəlxalq müşahidəçi Sergey Polyakov bildirib.

Naxçıvanda seçkilərin müəyyən olunmuş saatda başladığını vurğulayan Sergey Polyakov deyib: “Rusiyadan gəlmiş beynəlxalq müşahidəçi kimi deyə bilərəm ki, müşahidə apardığım heç bir məntəqədə qayda pozuntusuna rast gəlmədim. Hər şey qanunauyğun qaydada gedir. Seçicilər sərbəst şəkildə səs verirlər. Naxçıvanda seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün hər cür şərait mövcuddur. Arzu edirəm ki, seçicilər ən layiqli namizədi seçərlər”.

Həmçinin digər ölkələrdən gələn müşahidəçilər də seçkilərlə bağlı fikirlərini bildiriblər.

Azərbaycanda parlament seçkiləri məndə xoş təəssürat oyatdı. Bu seçkilər bütün beynəlxalq standartlara uyğundur. Seçkilər demokratik, çoxpartiyalı sistem transparentdir. Təkrar səsvermələrin qarşısını almaq üçün seçicilərin barmaq izlərinin götürülməsi məni əməlli-başlı təccübləndirdi. Deyə bilərəm ki, sizdə səsvermə sistemi İsraildəkindən daha mütərəqqi və etibarlıdır.

Bu sözləri Azərbaycanda parlament seçkilərini müstəqil müşahidə edən tanınmış politoloq, hüquqşünas alim, beynəlxalq münasibətlər sahəsində ekspert Mixail Finkel AZƏRTAC-a müsahibəsində söyləyib.

O deyib: “Sizdəki bülletenlər eynən İsraildə olduğu kimidir, səsvermə sistemi də eynən bu cürdür. İstirahət günü olmasına, soyuq və küləkli hava şəraitinə baxmayaraq vətəndaşların yüksək fəallıq nümayiş etdirməsi, müxtəlif yaşda insanların seçki məntəqələrinə axışması məndə böyük təəssürat oyatdı. Diqqətəlayiq məqamlardan biri də budur ki, gənclər səs verərkən ölkənin gələcəyinin qurulmasında iştirak etdiklərini dərindən hiss edirlər”.

Bu gün Azərbaycanda keçirilən seçkilər zamanı apardığım müşahidələr göstərir ki, hər şey normal vəziyyətdədir. Müxtəlif ölkələrdən müşahidəçilərin, jurnalistlərin prosesi izləməsi və işıqlandırması seçkilərin şəffaf keçməsinin əyani sübutudur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisə keçirilən seçkilərin gedişini izləyən iordaniyalı tarixçi Ömər Armuti bildirib.

Ömər Armuti deyib: “Səhər tezdən seçki məntəqələrində olduq. Məntəqələrdə seçicilər üçün hər şeyin yüksək səviyyədə təşkil edildiyinin şahidi oldum. Veb-kameraların quraşdırılması, siyasi partiyaların nümayəndələrinin prosesi izləməsi şəffaflığı daha da artırır. Seçkilər azad və sərbəst şəraitdə keçir. Parlament seçkilərinin belə uğurlu keçməsi bizi sevindirir. Bu seçkilər Azərbaycanın gələcək inkişafı baxımından önəm kəsb edir. Düşünürük ki, seçicilər layiqli namizədlərə seçəcəklər və Azərbaycanın gələcəyi daha parlaq olacaq. Azərbaycan xalqına, dövlətinə, hökumətinə nailiyyətlər arzulayıram”.

S.Xankişiyeva

 

Paylaş:
400

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər