Məzahir Pənahov: Nöqsanlara yol verən aşağı seçki komissiyalarını ciddi şəkildə cəzalandıracağıq

Bütün müşahidəçilər üçün seçkiləri izləmək üçün bütün şərait yaradılmışdı.
Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
M.Pənahov bildirib ki, müşahidəçilər seçkilərin normal qaydada keçirildiyini vurğuladı:
“Lakin müşahidəçilər tərəfindən bəzi xoşagəlməz halların olduğu qeyd olundu. Biz nöqsanlara yol verən aşağı seçki komissiyalarını ciddi şəkildə cəzalandıracağıq. Biz bu qədər maarifləndirmə işləri aparırıq, tədbirlər görürük. Ona görə də aşağı seçki komissiyaları öz vəzifəsini ciddi şəkildə yerinə yetirilməlidir”.
MSK sədri onu da əlavə edib ki, parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyasına indiyə qədər rəsmi müraciət daxil olmayıb: “Biz daxil olan bütün müraciətlərə çox ciddi şəkildə baxacağıq”.
Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib.
Seçkilərdə 1314 nəfər namizəd iştirak edib. Namizədlərdən 246 nəfəri 19 siyasi partiyanın təmsilçisidir, 1057 nəfəri fərdi qaydada namizədliyini irəli sürüb, 11 nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Seçki günü ərzində Azərbaycanda 125 dairə üzrə 5426 daimi seçki məntəqəsi fəaliyyət göstərib.
Seçkilərin gedişini 883 beynəlxalq və 77 790 yerli müşahidəçi izləyib. Yerli müşahidəçilərdən 35 152-i siyasi partiyaların müşahidəçiləridir. Beynəlxalq müşahidəçilər 58 ölkəni və 59 təşkilatı təmsil edib.
S.Xankişiyeva