İtaliyalı müşahidəçi: Seçki prosesi şəffaf keçdi

İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun nümayəndələri Axərbaycanda növbədənkənar seçki prosesindəki müşahidələrinin nəticələrini açıqlayıb.
1news.az-ın məlumatına görə, İtaliya Parlamenti Deputatlar Palatası, Sosial Məsələlər üzrə Komitənin sədr müavini, İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Rosanna Boldi müşahidəçi qismində Azərbaycandakı seçki prosesini izləməyin çox maraqlı olduğunu bildirib:
"Bakıda və Bakıdan kənardakı bir neçə seçki məntəqəsində olduq. Əsasən, diqqətimizi seçki qaydalarına riayət edilməsinə yönəltmişdik. Xüsusilə, səsverməyə gələnlərin sənədlərinin yoxlanması məsələsində ciddi nəzarət hiss etdik. Bir çox məntəqələrdə ultrabənövşəyi cihazlar və şəffaf mürəkkəblər vardı. Müşahidə kameraları işləyirdi. Müşahidəçilər arasında həm siyasi partiyalara aid, həm də müstəqil şəxslər vardı. Onların əksəri qadın və gənclərdən ibarət idi".
İtaliya Parlamentinin Səhiyyə Komitəsinin üzvü, Avropa Şurasında İtaliya nümayəndə heyətinin üzvü Mariya Rizotti də dünənki seçki prosesinin tam şəffaflıqla keçdiyini bildirib: "Səsvermə qaydalarına ciddi surətdə riayət olunurdu. Azərbaycan xalqına dəyər verən senatorlardan biriyəm. Avropadakı çıxışlarımda da vurğulayıram ki, Azərbaycan qadınlara böyük dəyər verir. 1918-ci ildə məhz bu ölkədə qadınlara ilk dəfə səsvermə hüququ tanınıb. Azərbaycan bununla bəzi Avropa və Amerika ölkələrini qabaqlayıb".
B.Cahandarov