Azərbaycanlı filoloqun monoqrafiyası Qazaxıstanda çap olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı filoloqun monoqrafiyası Qazaxıstanda çap olunub

10:58 - 14 / 02 / 2020
Azərbaycanlı filoloqun monoqrafiyası Qazaxıstanda çap olunub

Beynəlxalq Türk Akademiyası tərəfindən “Abay ili” çərçivəsində filologiya üzrə fəlsəfə doktoru Turan Teymurun “Muxtar Auezovun “Abay” romanında sənətkarlıq məsələləri” monoqrafiyası çapdan çıxıb.

1news.az-ın məlumatına görə, Qazaxıstanın “Nur-Sultan” nəşriyyatında çap edilən monoqrafiyada XX əsr qazax ədəbiyyatının görkəmli nümayəndəsi Muxtar Auezovun “Abay” romanının sənətkarlıq məsələləri araşdırılıb.

Romanda təsvirini tapmış XIX əsr qazax həyatı və onun panoramlı ifadəsi, epik vüsətli əsərdə məqsədli şəkildə ifadə olunmuş təfərrüat, epizodların, surətlərin bədii təsir gücünü artıran detal problemi və onların qarşılıqlı əlaqələri tədqiq edilib. Azərbaycanda M.Auezovun həyat və yaradıcılığı, xüsusən də “Abay” romanı haqqında yubiley yazılarını, ayrı-ayrı məqalələri çıxmaq şərti ilə ayrıca tədqiqat əsəri yazılmayıb. Bu baxımdan monoqrafiya M.Auezov yaradıcılığının Azərbaycan ədəbiyyatşünaslığında öyrənilməsi istiqamətində ilk tədqiqat əsəri olmaqla mühüm əhəmiyyət daşıyır.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan monoqrafiya gənc tədqiqatçının mərhum elmi rəhbəri, filologiya elmləri doktoru Arif Əmrahoğlunun əziz xatirəsinə ithaf olunub.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru Əsgər Rəsulov, rəyçiləri filologiya elmləri doktoru Arif Əmrahoğlu və filologiya elmləri doktoru, professor Məmməd Əliyevdir.

Monoqrafiya bakalavr, magistr, doktorant, türkoloq və geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

1news.az

Paylaş:
1330

Son xəbərlər

Bütün xəbərlər