AZAL sərnişinlərə xidmət sahəsində yeni texnologiyaya keçir – FOTO
“Amadeus” şirkətinin Yaxın Şərq, Türkiyə və Afrika üzrə icraçı vitse-prezidenti Maher Kubaanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlmişdir.
1news.az-a “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata əsasən, AZAL prezidenti Cahangir Əsgərov ilə görüşdə Azərbaycanın Milli aviadaşıyıcısı tərəfindən yeni “Amadeus Altéa Passenger Services Systems” (PSS) həllinin uğurlu inteqrasiyası müzakirə edilmişdir. Bu qərar AZAL aviaşirkətinə sərnişin xidmətlərini fərdiləşdirməyə kömək edəcək, bronlaşdırma sisteminin, uçuşa nəzarətin, inventar məlumat bazasının və gəlirlərin idarə edilməsi sisteminin funksionallığını keyfiyyət baxımından təkmilləşdirəcək.
“Altéa”nın üstünlüklərini həmçinin aviaşirkətin agentləri tərəfindən hiss ediləcək. İndividual sərnişin hesablarının (PNR) mərkəzləşdirilmiş şəkildə saxlanması sayəsində inventarlaşdırma və bronlaşdırmanın idarə olunmasının keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq.
"Biz aviasiya sahəsində IT həllərin aparıcı təchizatçısı – “Amadeus” ilə fəal əməkdaşlığımızı davam etdiririk. Yeni “Altea PSS” sisteminə keçid AZAL-ın sərnişinlərinə göstərilən xidmətin keyfiyyətini yüksəltməyə imkan verəcək", - Cahangir Əsgərov qeyd etmişdir.
Cahangir Əsgərovun sözlərinə görə, müəyyən müddət ərzində yeni sistemə keçidlə əlaqədar sərnişinlər biletlərin onlayn bronlaşdırılması zamanı bir sıra çətinliklərlə üzləşmişdirlər. Lakin bu gün sistem uğurla fəaliyyət göstərir və demək olar ki, bütün məsələlər öz həllini tapmışdır.
“Amadeus Altea PSS həllərini tətbiq etmək ilə AZAL müştərilərinə daha yüksək səviyyədə xidmət göstərəcəkdir. “Altéa”nın arasıkəsilməz texnoloji həlləri sayəsində ölkənin flaqman aviadaşıyıcısı Azərbaycanda hava səyahətinə artan tələbatı maksimal dərəcədə dəstəkləyə biləcək", - Maher Kubaa qeyd etmişdir.
Qeyd edək ki, “Amadeus” həlləri həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda geniş istifadə olunur. Paytaxtın hava limanı ötən yay “Amadeus”un ən yeni həllərini tətbiq edərək dünyada bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanı olmuşdur.
“Azərbaycan Hava Yolları” (AZAL) iri aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2019-cu ildə “Azərbaycan Hava Yolları” və onun struktur bölməsi olan “Buta Airways” aşağıbüdcəli aviaşirkəti birlikdə 2 milyon 600 mindən çox sərnişin daşımışdır.
S.Xankişiyeva