ÜST rəsmisi: “Təşvişə səbəb yoxdur, ehtiyatlı davranmağa ehtiyac var” - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

ÜST rəsmisi: “Təşvişə səbəb yoxdur, ehtiyatlı davranmağa ehtiyac var” - VİDEO

16:42 - 04 / 03 / 2020
ÜST rəsmisi: “Təşvişə səbəb yoxdur, ehtiyatlı davranmağa ehtiyac var” - VİDEO

Azərbaycan hökuməti ölkədə koronavirusa ilk yoluxma halı müəyyənləşən kimi Ümumdünya Səhiyyə Təşkilatına müvafiq məlumat verməklə düzgün addım atdı. Ümumiyyətlə, Azərbaycanın aidiyyatı qurumları bu sahədə çox ciddi iş aparırlar.

1news.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı İTV-də yayımlanan “Diqqət mərkəzi” verilişində çıxışı zamanı deyib.

“Azərbaycanın aidiyyəti orqanları, o cümlədən Səhiyyə Nazirliyi və TƏBİB çox şəffaf və açıq fəaliyyət göstərirlər. İlk yoluxma halı müəyyən olunduqdan bir gün sonra mətbuat konfransı keçirildi, bir saata yaxın müddətdə mətbuat nümayəndələrinin bütün sualları cavablandırıldı, bütün informasiyalar paylaşıldı. Azərbaycan hökuməti bu mövzuya çox açıq yanaşdı, ÜST-ü, əhalini məlumatlandırdı. Məlumat azlığının əhali arasında təşviş yarada biləcəyi nəzərə alındı”.

Azərbaycanın aidiyyəti orqanlarının çox ciddi tədbirlər həyata keçirdiklərini deyən H.Harmancı karantin və xəstəlik aşkar olunan insanların müalicəsi üçün 6 xəstəxana ayrıldığını xatırladıb:

“Sərhəd bölgələrinə heyətlər göndərilib, orada mobil laboratoriyalar qurulub, tibb işçiləri prosesə ciddi şəkildə cəlb olunublar. İranla olan sərhəd bölgəsində ciddi nəzarət  tədbirləri həyata keçirilir. Hazırda Azərbaycanda karantin və xəstəlik aşkar olunan insanların müalicəsi üçün 6 xəstəxana ayrılıb”.

ÜST rəsmisi narahatlığa ciddi əsas olmadığını bildirərək xəstələrin 81%-nin bu xəstəliyi çox yüngül keçirdiyini söyləyib:

“Əsas simptomlar aşağı hərarət və  çox az öskürəkdir. Bəzən həkimə belə getmədən sağalmaq mümkündür. Cəmi 4-5% xəstələrdə ağırlaşma halı olur və onların xəstəxana şəraitində müalicə almasına ehtiyac yaranır. Virusa yoluxmuş inssanların ümumi vəziyyətinin yaxşılaşdırılması, nəfəsalma problemləri yarandığı halda müvafiq yardım göstərilməsi, qanlarının yoxlanması, hərarətlərinə nəzarət olunması, ümumilikdə, onların sağlam şəkildə bu dövrü keçirmələrinə köməklik göstərilməsi əsas görülən işlərdir”.

H.Harmancı təşvişə səbəb olmadığını, bununla belə ehtiyatlı davranmağa ehtiyac olduğunu vurğulayıb:

“Koronavirusun spesifik müalicəsi, virusu birbaşa yox edən dərman vasitəsi hələ ki yoxdur. Koronavirus yeni virusdur, bütün dünyada onunla davranma yolu müəyyən edilməyib. Narahatlıq yaradan daha çox koronavirusun insanlara təsiri yox, onun geniş yayılma miqyasıdır.

Çin hökumətinin 11 milyonluq şəhəri karantinə alması yoluxma sayının azalmasına səbəb oldu. Ölkələrin karantin və qabaqlayıcı tədbirlər görməsi, sərhədləri, məktəbləri bağlaması, tədbirlərin təxirə salınması bu təcrübədən qaynaqlandı. Təşvişə səbəb yoxdur, ehtiyatlı davranmağa ehtiyac var”.

ÜST rəsmisi insanları ümumi gigiyena qaydalarına ciddi riayət etməyə çağıraraq bu yöndə bəzi məsləhətlər də verib:

“Bu virusa qapalı məkanlarda yoluxma ehtimalı daha çoxdur. Xəstəliyin ötürülməsində önəmli olan insanların bir-birinə nə qədər yaxın məsafədə dayanması, xəstə olan insanın öskürdüyü zaman  nə qədər insanı yoluxdurmasıdır. Xəstəlik bir çox hallarda öskürən və ya asqıran insanlar vasitəsilə yayılır. Açıq havada insanların 1 metrdən aralı məsafədə dayandıqları hallarda yoluxma riski çox azdır. Xəstə olanlar səyahətə çıxmamalı, başqa yerlərə, ölkələrə xəstəliyi aparmaqdan çəkinməlidirlər.

İnsanlar ümumi gigiyena qaydalarına ciddi riayət etməlidirlər. Mütləq olaraq əllər tez-tez sabunla yuyulmalı, sabun və su olmazsa, spirtlərlə əllər dezinfeksiya olunmalıdır. Əllərlə ağza və gözə toxunmama adətinə öyrəşmək lazımdır”.

Xəstələrə evdən çıxmaqdan çəkinməyi məsləhət görən H.Harmancı virusa yoluxmamaq üçün əhalinin sıx olduğu yerlərə getməkdən çəkinməyə çağırıb:

“Xəstələrə çölə çıxmaq lazım deyil. Hhərarət, öskürək, əzələ ağrıları müşahidə edildikdə, evdə qalmaq lazımdır. Əgər ölkədə əhali arasında xəstəlik aşkarlansa, 60-65 və yuxarı yaşda olanlar daha çox evdə qalmalıdırlar. Əhalinin sıx olduğu yerlərə getməkdən çəkinmək lazımdır.

H.Harmancı maskanın koronavirusdan qorunmağa kömək etmədiyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, maskaları xəstələrlə təmasda olan səhiyyə işçiləri və xəstələr taxmalıdırlar:

“Sağlam insanların maska taxaraq küçədə gəzməsinə ehtiyac yoxdur. Adi maskaların insanları qoruması barədə rəy, yanlışdır. Həm də maska qıtlığının yaranmasına səbəb olur”.

1news.az

Paylaş:
551

Son xəbərlər

Bütün xəbərlər