“MFL Ladies 2020”-nin qalibi “Universal” komandası oldu – FOTO
Azərbaycanın ən böyük həvəskar futbol liqası olan MFL zərif cinsin nümayəndələrinin iştirakı ilə növbəti dəfə futbol turniri təşkil edib.
Belə ki, 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində - martın 7-də qadınlar arasında sayca ikinci dəfə futbol turniri keçirilib.
“MFL Ladies 2020” adlanan turnirdə “Go Sport”, “Universal”, “Muğanbank” və “Bos Shelf”in qadınlardan ibarət komandaları mübarizə aparıb.
Oyunlar Bakı Olimpiya Stadionunun ərazisində yerləşən MFL ARENA idman kompleksinin meydanlarında baş tutub.
İlk olaraq yarımfinal oyunları keçirilib. Elə oradaca keçirilən püşkatmaya görə “Bos Shelf” “Universal”a, “Go Sport” isə “Muğanbank”-a rəqib olub. Saat 16:00-da start götürən yarımfinal oyunlarında “Universal” 11:1 hesabı ilə “Bos Shelf”ə qalib gəib, “Muğanbank” isə “Go Sport”un qapısından 7 cavabsız top keçirib.
Beləliklə, həlledici final görüşündə “Universal”la “Muğanbank” komandaları üz-üzə gəliblər. Saat 18:00-da start götürən görüşdə rəqibinə 8:2 hesabı ilə qalib gələn “Universal” komandası turnirin qalibi olub.
Final görüşündən sonra təltifetmə mərasimi keçirilib. Turnirin iştirakçıları “Mybrands”, “McDonald's” və “Muğanbank”dan qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Turnirin qalibi olan “Universal” komandasının oyunçuları kubokla yanaşı “Mybrands”dən 100 manatlıq kupon qazanıblar. İkinci yerin sahiblərinə “Muğanbank”dan 50 manatlıq kart hədiyyə olunub. Yarımfinalda məğlub olan komandalara isə “McDonald's”dan kuponlar verilib. Bundan əlavə bütün xanımlara MFL-in bu mövsüm titul sponsoru olan LSS tərəfindən gül buketləri hədiyyə edilib.
Hərəyə 9 qol vuran bombardirlərə əlavə olaraq xüsusi hədiyyələr təqdim olunub. Belə ki, “Universal” komandasından Elnarə İsmayılovaya milli komandanın üzvü Ramil Şeydayevin imzalı forması, “Muğanbank”dan Aytac Əhmədovaya isə “Sabah” Futbol Klubunun oyunçularının imzası olan top hədiyyə olunub.
Xatırladaq ki, keçən il MFL-in təşkilatçılığı ilə “MFL Ladies 2019” adlı möhtəşəm futbol turniri keçirilib. Həmin turnir tək qadınlar arasında deyil, kişilər arasında da böyük marağa səbəb olub.
Qeyd edək ki, MFL-in sponsorları qismində Leading Supply Solutions LLC, BOS SHELF LLC, McDonald's Azerbaijan, Muğanbank, Sabah Futbol Klubu, Carlsberg Azerbaijan və GoSport Baku kimi nüfuzlu şirkətlər çıxış edirlər.