Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib
Prezident İlham Əliyev "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sənədlə Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib.
Daha sonra sənəddə deyilir:
- Ləğv edilmiş Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin əsasında aşağıdakı dövlət orqanları yaradılsın:
2.1. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti;
2.2. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti;
2.3. Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi.
- Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müvafiq olaraq əsasnamələrinin, strukturlarının və ali zabit heyəti vəzifələrinin siyahılarının layihələrini, habelə hərbi qulluqçuları və işçilərinin say həddi barədə təkliflərini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
- Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müvafiq əsasnamələri təsdiq edilənədək Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 26 dekabr tarixli 794 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti haqqında Əsasnamə”də müvafiq hissələrdə nəzərdə tutulan vəzifələrin həyata keçirilməsini təmin etsinlər.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. “Azərbaycan Respublikasının Milli Qvardiyasının statusu haqqında” Qanun layihəsini 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
S.Xankişiyeva