Uşaqlarımızı koronavirusdan necə qoruyaq? – HƏKİM MƏSLƏHƏTİ

Mərkəzi Gömrük Hospitalının Pediatriya şöbəsinin rəisi, yüksəkixtisaslı uzman pediatr-neonatoloq Telman Aytayev “Həkim məsləhəti” rubrikasının qonağıdır.
Koronavirus və ona qarşı mübarizə haqqında uzman pediatr Telman Aytayev ilə danışıb onun tövsiyələrini öyrəndik.
T.Atayev koronavirus infeksiyasının sürətlə yayılmasına qarşı dünya ölkələri tərəfindən ciddi tədbirlərin həyata keçirilməsinə diqqət çəkərək ilk olaraq uşaqları bu virusdan qorumaq üçün hansı şərtlərə riayət edilməsinin vacibliyindən danışdı:
“Biz əvvəllər koronavirusun SARS və MERS tipləri ilə qarşılaşmışdıq. Onlar daha çox pnevmoniya və sətəlcəm yarada biləcək infeksiyalar idi və dünya çapında pandemiyaya səbəb olmamışdı. Hazırda qarşılaşdığımız COVİD 19 koronavirusu yeni infeksiyadır və qısa müddət ərzində bütün dünyada pandemiya yarada bilib. Dünyanın 125-dən artıq ölkəsində bu virus tuğyan etməkdədir. Bu infeksiya yaşlılara, imunetiteti zəif olan şəxslərə daha çox təsir edərək, onlardan daha zəiflərinin həyatını itirməsinə səbəb olur.
Çin tədqiqatçıları belə bir nəticəyə gəliblər ki, koronavirusa yoluxan uşaqlarda, bir qayda olaraq, COVİD 19-un çox zəif simptomları əmələ gəlir. Eyni zamanda bu uşaqlarda xəstəlik əlamətləri aşkar görünməsə də, onlar gizli infeksiya daşıyıcılarıdır. Mütəxəssislər 2 aydan 15 yaşa qədər olan və COVİD-19-a yoluxmuş xəstələrlə və ailələrində bu xəstəlikdən əziyyət çəkən şəxslərlə sıx təmasda olmuş 745 uşağın məlumatlarını təhlil ediblər. Bu uşaqların yalnız 10 nəfərində (1,3%) SARS-CoV koronavirusu aşkarlanıb. Bu uşaqlardan heç birində ağır fəsadlar müşahidə edilməyib. Yalnız 7 nəfərdə bədən hərarəti 39 dərəcədən yuxarı olmayıb”.
Həkimin sözlərinə görə, istənilən halda bu xəstəliyə səhlənkar yanaşmaq olmaz. Uşaqları bu virusdan qorumaq üçün karantin qaydalarına ciddi riayət etmək lazımdır:
“İtaliyada insanların etdiyi ən böyük səhv bu xəstəliyi ciddiyə almamaq oldu. Ölkədə kafe və restoranların, ictimai iaşə müəssisələrinin bağlanmaması virusun yayılmasını artırdı və nəticədə bu virusa tutulan insanlar arasında həyatlarını itirənlər oldu. Azərbaycanda məktəblərin və uşaq bağçalarının bağlanması, əyləncəli və kütləvi tədbirlərin keçirilməsinin müvəqqəti dayandırılması kimi qabaqlayıcı tədbirlərin görülməsi olduqca təqdirəlayiqdir. Bağçaların və məktəblərin bağlanması uşaqların tətilə çıxması deyil, bu karantindir.
İlk öncə uşaqları bu virusdan qorumaq üçün karantin qaydalarına ciddi riayət etmək lazımdır. Bunun üçün uşaqları gəzməyə aparmamaq, uşaqları evdə saxlamaq və hökumət tərəfindən karantin müddətinin bitdiyinin elan edildiyini gözləmək lazımdır. Əgər gəzməyi davam etdirsək, kütləvi yerlərdə çox olsaq, infeksiya daha çox yayılmış olacaq. Bir çox ölkələrdə insanlar marketlərə axın edir, bu, əslində onların özlərini infeksiya təhlükəsi altına almaq deməkdir. Uşaqları marketə, bazara, ticarət obyektlərinə aparmamaq lazımdır.
Otaqları havalandırmaq, uşaqların əllərini tez-tez yuyulması gərəkdir. Ortaq dəsmallardan uzaq durmaq, uşaqlar üçün birdəfəlik dəsmallardan istifadə etmək lazımdır. Hər hansı yerdə öskürən, asqıran insan gördükdə, uşaqları ondan ən azı 4 m uzaq saxlamaq lazımdır. Ət, yumurta kimi heyvani qidaları yaxşı bişirmək lazımdır”.
Maskalardan düzgün istifadə qaydası ilə bağlı da tövsiyələrini verən T.Aytayev bildirib ki, xəstəliyə yoluxmamaq və yaymamaq üçün bütün gigiyena qaydalarına ciddi riayət etmək tələb olunur:
“Hər hansı bir səbəbdən küçəyə çıxdıqda maskalardan istifadə edilməlidir, amma o maskaların da 2-3 saatdan bir dəyişdirilməsi vacibdir. Maskanı çıxarıb yenidən saldıqda ona infeksiya düşə bilər. 9 yaşdan aşağı uşaqlarda hələ infeksiya görünməyib. Lakin onlar bu virusun daşıyıcısı ola bilər və böyüklərə keçirə bilərlər. Xəstəliyə yoluxmamaq və yaymamaq üçün bütün gigiyena qaydalarına ciddi riayət etmək tələb olunur. Bununla siz uşaqlarınızı və özünüzü öldürücü və təhlükəli virusdan qoruya bilərsiniz”.
1news.az