Təxribatçılara cavab: Gürcüstan Keşikçidağ ətrafındakı hadisələri xarici qüvvələrin təsiri kimi tanıdı

Gürcüstan ötən il “Keşikçidağ” monastır kompleksi (David Qareci) ətrafında yaranan xoşagəlməz vəziyyəti xarici qüvvələrin rolu kimi tanıyıb. Və bu barədə Azərbaycanda dəfələrlə danışılıb.
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti 2019-cu il üzrə hesabat təqdim edib. Hesabatda ölkənin təhlükəsizliyinin əsas təhdidləri təsvir olunmaqla yanaşı, Gürcüstan-Azərbaycan sərhədində keçənilki hadisələrə də toxunulub.
Xatırladaq ki, söhbət ayrı-ayrı gürcü siyasi və vətəndaş fəallarının təşkil etdiyi və sərhəddə gərginliyin artmasına yönəlmiş bir sıra təxribatlardan gedir. Xüsusilə, Keşikçidağa “yürüşlər” və Azərbaycan sərhədçilərini təhrik edilməsi kimi uğursuz cəhdlər də oldu.
Həmin vaxt Bakı və Tbilisi bu cür hərəkətləri qəti şəkildə pisləyərək, monastır kompleksi məsələsini süni şəkildə şişirdənlərə, ikitərəfli dostluq və strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirənlərə əla cavab verən bəyanatlar verdi.
Azərbaycanlı və gürcü ekspert icmaları isə bu təxribatlarda Azərbaycan və Gürcüstan arasında ciddi problemlər yaratmağa çalışan üçüncü qüvvələrin əlini ayırd etdilər.
İndi bu nəticə Tbilisidə rəsmi səviyyədə təsdiqləndi. Gürcüstan mediasının məlumatına görə, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti parlamentə 2019-cu il üzrə ölkənin təhlükəsizliyinə əsas təhdidləri əks etdirən hesabat təqdim edib. Hesabatda digər məsələlərlə yanaşı, “Keşikçidağ” monastır kompleksi (David Qareci) ətrafındakı hadisələrə də diqqət yetirilib.
Gürcüstanın Xüsusi Xidmət Orqanlarının məlumatına görə, ötən il Gürcüstan-Azərbaycan sərhəddində yaranmış vəziyyətə “müxtəlif dəyərləri, o cümlədən milli dəyərləri qorumaq ideyasının arxasında gizlənən bir qrup şəxslər və qruplar” cəlb edilib.
“Gürcüstan Türkiyə, Ermənistan və Azərbaycan ilə davamlı olaraq mehriban qonşuluq münasibətlərini saxlayır. Buna baxmayaraq, ikitərəfli münasibətlərə birbaşa və ya dolayı yolla müdaxilə etmək cəhdləri edilir və ikitərəfli əməkdaşlığa ziyan vurulur” – deyə hesabatda qeyd olunur.
Qeyd olunur ki, keçən il “müxtəlif siyasi və vətəndaş qrupları iki ölkə (Gürcüstan və Azərbaycan) arasındakı münasibətləri pozmaq cəhdi müşahidə olunub ...”
2019-cu ildə monastır kompleksi ətrafında baş verən hadisələr Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən "Gürcüstan-Azərbaycan dövlət sərhəddindəki vəziyyəti, habelə iki ölkə arasında qurulan strateji tərəfdaşlığı təhlükə altına alan kampaniya” kimi qiymətləndirilib.
Hesabata əsasən, yuxarıda qeyd olunanlarla əlaqədar olaraq, Dövlət Təhlükəsizliyi Xidməti Gürcüstanda “təxribat və sabitliyin pozulmasının” qarşısının alınması üçün müvafiq tədbirlər görüb.
“Qurum Gürcüstanın dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın işində iştirak edir. Danışıqların bu formatı Gürcüstan və Azərbaycan arasında bütün məsələlərin həlli prosesində yeganə qanuni və doğru yoldur. Danışıqlarda iştirak edən bütün idarələrə təhdidləri minimuma endirmək üçün tövsiyələr verilib. Dövlət Təhlükəsizlik Xidmətinin regional bölmələri sərhəd bölgəsindəki vəziyyəti daim izləyir” - deyə sənəddə bildirilir.
Beləliklə, sənəd aydın şəkildə Gürcüstan-Azərbaycan münasibətlərinə xarici təsir cəhdlərini göstərir. Hesabatda Azərbaycan ilə Gürcüstan arasındakı qarşıdurmadan kimin faydalanacağı ilə bağlı birbaşa istinadlar olmasa da, bunu təxmin etmək çətin deyil. Agentliyimiz Azərbaycanda sabitlyi pozmaq məqsədi ilə həm ermənilər, həm də Rusiyadakı ermənipərəst qüvvələr tərəfindən bu istiqamətdə aparılan təhriklər barədə dəfələrlə yazıb.
Nümunə üçün, Keşikçidağ (David Qareci) ətrafındakı hadisələrə qayıtsaq, problemi həll etdikdən bir müddət sonra sosial şəbəkələrdə saxta “peyk görüntüləri” ilə sübut etməyə çalışan bir erməni bloggerin guya “Azərbaycan Gürcüstan ərazilərinə soxulur” kimi təxribatçı paylaşımlar etdiyini xatırlayırıq.
Xoşbəxtlikdən, siyasi müdriklik göstərən Bakı və Tbilisi bu cür fitnəkarlığın ikitərəfli dostluq və strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirməsinə imkan vermədi.
Bu münasibətlərə bağlılığın bariz nümunəsi olaraq, aprelin 15-də Gürcüstan Prezidenti Solome Zurabişvili ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında videobağlantı formatında danışıqlarını qeyd etmək olar. Söhbət zamanı Azərbaycan və Gürcüstanın beynəlxalq tranzit dəhlizinin vacib iştirakçıları olduğu, ticarət əlaqələrinin, tranzit və nəqliyyat sektorunda işlərin davam etdirilməsinin vacibliyi vurğulanıb. Dövlət başçıları iqtisadiyyat, ticarət və nəqliyyat sahəsində gələcək əməkdaşlığın perspektivlərini də müzakirə etdilər.
Və sonda, koronavirusun yayılmasına qarşı mübarizədə həmrəylik əlaməti olaraq Bakıdakı Heydər Əliyev Mərkəzinin Gürcüstan bayrağına və Azərbaycan bayrağının rəngləri ilə Tbilisi televiziya qülləsi bəzədilməsi kimi parlaq təsvirləri – Azərbaycan-Gürcüstan dostluğunun bariz nümunəsi kimi qeyd etmək olar.
#StrongerTogether: Gürcüstandan Azərbaycana həmrəylik mesajı
Gürcüstan Prezidenti dəstək üçün Azərbaycan Prezidentinə və xalqına təşəkkürünü bildirib
Tərcümə: S.Xankişiyeva