Neftin aqibəti necə olacaq? | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neftin aqibəti necə olacaq?

15:41 - 23 / 04 / 2020
Neftin aqibəti necə olacaq?

Anar Nəcəfzadə,

İqtisad üzrə fəlsəfə doktoru

Neft sənayesi növbəti dəfə çətin dövrünü yaşayır. Siyasi intriqalar nəticəsində həddən artıq şişirdilmiş təchizat, COVİD-19 pandemiyası səbəbindən kəskin azalan tələb, bunun nəticəsində neft qiymətlərinin kəskin enməsi həm neft şirkətləri, həm də Ümumi Daxili Məhsulunda (ÜDM) neft hasilatının əhəmiyyətli rolu olan ölkələr üçün qoşa zərbə oldu.

Goldman Sachs 2020-ci ildə dünyada neftə tələbatın 2019-cu il ilə müqayisədə gündə 100 milyon barreldən 80 milyon barrelə qədər enəcəyini proqnozlaşdırır. Bu isə dünyanın ən vacib enerji mənbəyi olan neftə ən böyük zərbə olmuş olardı.

Neft sənayesinin bu çətinliklər qarşısında durumu təkcə neft şirkətləri üçün deyil, hər birimiz üçün narahatlıq doğuran bir məsələdir. Neftin qiyməti pandemiyadan əvvəlki səviyyəsinə qayıdacaqmı? Neftə tələbat yenidən artacaqmı? Digər tərəfdən, alternativ yanacaq növlərinin nefti əvəz etməsi üçün hansı perspektivlər var? Neftə olan münasibətdə hansı meyar daha təsirli olacaq: iqlim dəyişmələri ilə mübarizə, yoxsa enerji təhlükəsizliyi?

Bütün bunlar ritorik bir sual doğurur: bəs neftin aqibəti necə olacaq?

***

Neftin enerji bazarında azalan rolu

Bu gün neft dünya enerji bazarının vacib bir hissəsidir, lakin tədricən təbii qaz və bərpa olunan enerji növləri ilə əvəz olunması gözlənilir. Dünya enerji bazarında payını itirməkdə davam etsə də, yaxın onillikdə neftin ümumi hasilatının və istehlakının artmaqda davam edəcəyi proqnoz olunur. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neft istehlakı, demək olar ki, artıq ən yüksək həddinə çatmışdır. Neft istehlakının artması əsasən inkişaf etməkdə olan ölkələrin, xüsusən də Çinin iqtisadi inkişafı sayəsində mümkün ola bilər.

Neftin enerji bazarındakı nüfuzunu “laxladan” səbəblərdən biri də beynəlxalq ekoloji təsisatların dekarbonlaşmaya artırdığı diqqətdir. Karbon qazı emissiyasının azaldılması tələblərinin qanun və normativlər formasında sərtləşdirilməsi və iqlim problemlərinin həllinə nəzarətin artırılması da neft istehlakını məhdudlaşdıran amillərdir.

Dünya enerji bazarında bərpa olunan enerjidən gəlirin artımı ekoloji təmiz hidrogen layihələrinə də sərmayə qoyuluşunu stimullaşdırır. Yaşayış və ticarət sahələrinin isidilməsi üçün hazırda hidrogen mümkün bir həll yolu ola bilər. Yeni yaranan texnoloji sahələr arasında biometan (sıfır emissiyalı təmiz qaz), yosunlar (az emissiyalı bioyanacaq) və sürətli inkişafda olan biotexnoloji sahələri misal gətirmək olar. Biotexnologiyanın enerji sənayesinə verdiyi töhfələr bioyanacaq istehsalı ilə məhdudlaşmır. Bir çox ölkələrdə artıq kənd təsərrüfatı və məişət tullantılarından mikroorqanizmlər vasitəsi ilə metan qazı alan biotexnoloji qurğular fəaliyyət göstərir.

Digər tərəfdən, enerji daşıyıcılarının istifadəsi zamanı səmərəliliyin artırılması da gündəmdə olan məsələlərdəndir. Çin, ABŞ, Yaponiya və Avropanın bir sıra şəhərlərində qurulmuş “ağıllı evlər” enerji istehlakı və səmərəliliyi üzərində tam nəzarəti təmin edir. Ağıllı sistemlər qida hazırlanması, isitmə və işıqlandırma zamanı enerjidən qənaətlə istifadəni təmin edir.

Hindistan hökuməti 2030-cu ilə qədər ölkədə satılan bütün yeni avtomobillərin elektrik olacağını açıqlayıb. Fransa da İqlim Sazişi çərçivəsində hədəflərinə çatmaq üçün 2040-cı ilə qədər benzin və dizel avtomobillərinin satışını dayandıracağını bildirib. Hazırda dünyada istehsal olunan hər dördüncü avtomobil elektrik avtomobildir.

Lakin həm dekarbonlaşma, həm də ağıllı sistemlər davamlı investisiya və zaman tələb edir. Bundan başqa, enerji təhlükəsizliyi də vacib meyardır. Ona görə də, hətta karbon emissiyalarının artacağı təqdirdə, enerji tələbatını qarşılamaq üçün, bazar yönümlü siyasət neft hasilatını hələ də zəruri edəcək. Hazırda neft istehlakı nəqliyyat sektorunda üstünlük təşkil edir, energetika və sənaye sahələrində isə payını əhəmiyyətli dərəcədə itirmişdir.

Aşağıdakı şəkildə görürük ki, bərpa olunan enerji və təbii qaz sayəsində neft tədricən azkarbonlu enerji mənbələri ilə əvəz olunur və bu əvəzləmənin növbəti illərdə daha sürətlə həyata keçəcəyi proqnozlaşdırılır. Burada ilk qrafikdə enerji istehlakı yanacaq növünə görə (milliard ton neft ekvivalentində), ikinci qrafikdə isə əsas yanacaq növləri ümumi istehlakdakı pay faizlərinə görə göstərilmişdir.

Bərpa olunan enerji ümumdünya enerji ehtiyatlarındakı artımın təxminən yarısını təmin edən və ən sürətlə böyüyən enerji mənbəyidir. Təbii qazın enerji ehtyatlarında çəkisinin neftdən daha sürətlə artıb 2040-cı ilə qədər neft ilə təxminən eyni paya malik olacağı proqnozlaşdırılır.

Son neft müharibəsi və neftin ucuzlaşması

COVID-19 pandemiyasının neftə olan tələbatı kəskin aşağı salması fonunda, bu il mart ayının 5-ində, OPEC sammiti neft hasilatını ilin ikinci rübü ərzində gündə əlavə olaraq 1,5 milyon barrel azaldılmasını təklif etdi. Bu 2016-cı ildəki ilkin razılaşma ilə birlikdə gündəlik hasilatın 3.6 milyon barrel azaldılması demək idi. Növbəti gün Rusiya OPEC-in çağırışını rədd etdiyini bildirdi və eyni zamanda 2016-cı ilin ilkin razılaşmasına əməl etməyəcəyini də açıqladı. Buna cavab olaraq, Səudiyyə Ərəbistanı da razılaşdırılmış hasilat öhdəliyindən çıxdığını və ən qısa müddətdə gündəlik hasilatını 13 milyon barrelə çatdıracağını bildirdi. Qlobal neft bazarlarına gündəlik əlavə bir neçə milyon barrel neft çıxacağı xəbəri Brent neftinin qiymətini iki gün ərzində 30 faizdən çox ucuzlaşdırdı.

Səudiyyə Ərəbistanında neft hasilatı bir barrel üçün 4 ABŞ dollarına, Rusiya neftinin bir barreli isə 10 ABŞ dollarına başa gəlir. Bu fakt səudiyyəlilərin son neft müharibəsində ruslara nisbətən daha az ziyan çəkəcəyi fikrinə gətirir. Lakin bu yalnış fikirdir. Səudiyyə Ərəbistanı və Rusiya şirkət deyil, dövlətlərdir və büdcə ehtiyaclarını ödəmək üçün neft və qaz gəlirlərindən çox asılıdırlar. Bu mənada həmin dövlətlər üçün neftin “ziyansız maliyyə qiyməti” (fiscal breakeven price) daha yüksəkdir, belə ki, dövlət xərclərinin səviyyəsini də özündə əks etdirir.

Neft ixrac edən ölkənin neftinin “ziyansız maliyyə qiyməti”, dövlət büdcəsini balanslaşdırmaq məqsədi ilə gözlənilən xərcləri ödəmək üçün lazım olan bir barrel neftin minimum qiymətidir. Bu səviyyədən aşağı olan neft qiymətləri, əgər dövlət əlavə tədbirlər görməzsə, büdcə kəsirinə səbəb olmalıdır. Son neft müharibəsinin əsas oyunçuları olan Səudiyyə Ərəbistanı və Rusiya üçün Bloomberg’in açıqladığı bu göstəricilər müvafiq olaraq 84 və 48 dollardır. Bu isə aşağı neft qiymətlərinin Səudiyyə Ərəbistanını Rusiyaya nisbətən daha böyük təzyiqlərə məruz qoyacağını deməyə əsas verir. Mart ayında Səudiyyə Ərəbistanı, dövlət borcunun yuxarı həddini ÜDM-in 30%-dən 50%-nə qədər qaldırmalı oldu.

OPEC-in 60 illik tarixində bəlkə də ən ağır danışıqlardan sonra aprelin 9-unda tərəflər hasilatın azaldılması barədə razılığa gələ bildilər. Rusiya da daxil olmaqla kartel və onun “OPEC+” müttəfiqləri hasilatı may və iyun aylarında gündə 9,7 milyon barrel, növbəti 6 ayda 7,7 milyon barrel, daha sonra 16 ay ərzində 5,8 milyon barrel səviyyəsinə endirəcəklərini açıqladılar. Bu, OPEC yaradılandan bəri neft hasilatının ən böyük ixtisarıdır.

Bir sıra şərhlərdə bu razılaşmanın bazarı tarazlaşdırmaq üçün kifayət olmadığı bildirilir. ABŞ administrasiyasında hesab edirlər ki, bazarda tələbatın düşməsi və yığılmış neft ehtiyatlarının həcmi nəzərə alınarsa bu ixtisarın kifayət olmadığını görmək olar. ABŞ-ın Enerji Katibi Dan Brouillette Wood Mackenzie’yə verdiyi müsahibədə neft hasilatının  bazardan çıxarılmalı olan həcminin gündə 20 milyon barrelə yaxın ola biləcəyini söylədi.

Beynəlxalq Enerji Assosiasiyasının (İEA) icraçı direktoru Fatih Birol martın 25-də Atlantik Şurasının konfransında ümumdünya neft tələbatının gündə təqribən 20 milyon barrelə enə biləcəyini bildirdi. İndi bu proqnoz hətta gündə 30 milyon barrelə qədər qalxıb. Dünyanın enerji istehlakındakı bu gərginlik keçən əsrin bütün digər böhranlarını, o cümlədən 1930-cu illərin Böyük Depressiyasını və 2008-ci il qlobal maliyyə böhranını da üstələmişdir.

Tələb və təklifdəki ikiqat zərbə nəticəsində Amerika neftinin hətta mənfi qiymətlərlə satışı da oldu. Belə qiymətlərlə ABŞ-ın şist nefti hasilatçıları öz rentabelliyini itirir. Aprelin 20-sində isə artıq Rusiya nefti bir gündə öz qiymətini 113%-ə yaxın itirərək artıq mənfi qiymətə satıldı...

Bir aylıq neft müharibəsi iqtisadi tənəzzülü qaçılmaz etdi. Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, qiymətlər indiki səviyyədə qalarsa, neft hasil edən ölkələr üçün bu il neft və qaz gəlirləri 50-85%-ə qədər enəcəkdir. Beynəlxalq Valyuta Fondu (İMF) Yaxın Şərq və Orta Asiyada onlarla ölkənin maliyyə dəstəyi üçün müraciət etdiklərini bildirmişdir.

Səudiyyə və Rusiya arasındakı neft müharibəsinə formal olaraq son qoyulsa da, anbarlarda yığılmış ehtiyatların həcmi və pandemiyanın neft istehlakına davam edən təsiri neftin qiymətinin hələ uzun müddət şok vəziyyətindən çıxa bilməyəcəyinə inanmağa əsas verir.

Neft qiymətinin isə necə dəyişəcəyinə proqnoz vermək indi yəqin ki, ən müşkül məsələdir. Burada BP-nin eks-prezidenti Con Braunun 2015-ci ildə “The Guardian” qəzetinə verdiyi müsahibəsində dediyi fikir yada düşür. Jurnalistin təkidlə ondan neft qiyməti üçün proqnoz alması cəhdinə Braunun bunun axmaq bir iş olduğunu bildirmişdi: “It is a foolish business to be in”.

Bu ilk neft müharibəsi deyil

2020-ci ilin Səudiyyə-Rusiya qarşıdurması iqtisadi kataklizmə səbəb olan ilk neft müharibəsi deyildi. Hazırkı böhran 1985-ci ildəki hadisələr ilə çoxsaylı oxşarlıqlara malikdir. 1980-ci illərin əvvəllərində baş verən iqtisadi tənəzzül, eləcə də səmərəlilik tədbirlərinin tətbiqi və əksər OECD ölkələri tərəfindən dəstəklənən alternativ enerji mənbələrinə keçid siyasəti səbəbindən qlobal neft tələbatı azalırdı. Eynilə bugünkü kimi, xüsusilə İngiltərə və Norveçin Şimal dənizində yeni neft hasilatına başlamasına görə bazarda tələbdən daha çox neft olması problemi yaranmışdı. Bu gün isə yeni hasilatın böyük bir hissəsi ABŞ-ın şist sənayesindən gəlir. ABŞ gündəlik neft istehsalını 2008-ci ildəki 5 milyon barreldən 2019-cu ildə 12 milyon barrelə qaldırmışdı.

Bu gün olduğu kimi, Səudiyyə Ərəbistanı OPEC qiymətini qorumaq üçün davamlı olaraq neft hasilatını azaltmaq məcburiyyətində idi və nəhayət, 1985-ci ilin payızında, OPEC-ə daxil olmayan istehsalçıları cəzalandırmaq üçün neft qiymətinə endirimlər tətbiq etmək və hasilatı maksimuma qaldırmaq qərarına gəldi. Nəticədə neftin qiyməti bir barrelə görə 10 dollara düşdü. O zaman Səudiyyə Ərəbistanının bu qərarı neft hasil edən ölkələrin iqtisadiyyatına güclü zərbə oldu və hətta Sovet İttifaqının dağılmasını sürətləndirən iqtisadi böhrana səbəb oldu.

Lakin tarix göstərir ki, OPEC neft müharibəsini yalnız qısa müddətə apara bilir. Belə ki, iqtisadi təsir müxtəlif rejimləri silkələyəndə artıq siyasi rıçaqlar işə düşür.

Neft şirkətlərini nə gözləyir?

Ümümdünya enerji bazarında azalan rolu, azkarbonlu alternativ enerji mənbələrinə keçid, daha da ciddiləşən iqlim siyasəti, hər bir an qığılcım ala bilən neft müharibələri… Bütün bu sarsıntıları keçirən neft sənayesinin gələcəyi necə olacaq?

Aprelin 1-də dərc olunan “The Guardian” qəzetindəki sərlövhədə deyildiyi kimi, bu pandemiya "neft sənayesini çökdürməklə iqlimin qorunmasına kömək edə bilər". Kiçik neft istehsalçılarının azalması və Exxon Mobil, Shell və BP kimi böyük şirkətlərin zəifləməsi ilə neft erasının süqutunu yaxınlaşdıra bilər.

Bəli, ekoloji durum neftdən çox asılıdır, belə ki, benzin və dizel yanacağının yanması qlobal istiləşmənin əsas amilləridir.

İri neft şirkətləri investorların və ictimaiyyətin təzyiqi ilə yeni hədəflər üzərində çalışırlar. ExxonMobil və BP mühəndisləri müasir akkumlyator istehsal texnologiyaları, Shell alimləri hidrogen yanacaq elementləri üzərində çalışır, Səudiyyə Ərəbistanının dövlət fondu Teslaya sərmayə qoyur. Norveçin Equinor enerji şirkəti dənizdəki külək energetikasının avanqardıdır.

Ekspertlərin fikrincə neft hələ növbəti 20 il ərzində öz birinciliyini qoruyacaq. Sonra isə, xüsusən avtomobil sektorunda elektrik avtomobillərinin artması ilə, öz yerini təbii qaz və bərpa oluna bilən enerji mənbələrinə ötürəcək.

Neftsiz bir dünya anlayışını qəbul etməyənlər də var. Əgər neftin problemi karbon tullantıları ilə bağlıdırsa, onun bu çatışmazlığını yeni texnologiyalar ilə həll etmək lazımdır. Burada Bill Geyts və başqalarının qabaqcıl mühəndislik yolu ilə atmosferdən karbon qazını çıxartmaq istiqamətində səylərini qeyd etmək olar.

BP-nin eks-prezidenti Con Braunun “The Guardian” qəzetinə müsahibəsində deyirdi ki, “neft və kömürü enerji sistemindən çıxarmaq üçün bizə çox vaxt lazımdır. Karbohidrogenlərdən daha çox miqdarda karbon çıxarmaq üçün vasitələrimiz var, lakin bunların xərci müvafiq deyil”.

Qlobal dialoq

1950-ci ildə Amerika riyaziyyatçısı və iqtisadçı Con Forbs Neş (J.F. Nash) öz doktorluq dissertasiyasında bazar münasibətlərində optimal tarazlığ problemini tədqiq edərək bu gün Neş tarazlığı kimi qəbul ounmuş və Oyun nəzəriyyəsinin əsas anlayışlarından biri olan bu termini elmə gətirdi. Neş tarazlığı o vaxt yaranır ki, iqtisadi fəaliyətin bütün iştirakçıları fərqli bir strategiyanın onlar üçün daha yaxşı olacağını bilirlər, amma eyni zamanda anlayırlar ki, yalnız bütün digər iştirakçılar da öz strategiyalarında dəyişiklik etsələr yeni strategiya onlar üçün daha yaxşı olacaq.

Neft sənayesində belə bir tarazlığın təmin edilməsi üçün bütün maraqlı tərəflərin iştirakı ilə qlobal dialoq effektiv bir alət ola bilər.

Enerji qiymətləri ilə bağlı qlobal danışıqların yeganə presedenti 1975-1977-ci illərdə Parisdə keçirilmiş Beynəlxalq İqtisadi Əməkdaşlıq Konfransı oldu. Burada OECD, OPEC və inkişaf etməkdə olan ölkələrdən 27 iştirakçı enerji qiymətləri və inkişaf məsələlərini müzakirə edirdi. O zaman narahatlıq doğuran məsələlər neftin qiymətinin artması və neftin tükənməsi qorxusu idi.

Neft hasil edən şirkətlərin və ölkələrin iqtisadi və siyasi iflasının qarşısını almaq üçün belə bir dialoqa zərurət var. Neft sənayesində sabitliyə nail olmaq üçün ABŞ və digər OECD üzvlərinin, OPEC plusa daxil olan ölkələrin iştirak etdiyi bir formatda həll yolları axtarılmalıdır. Neft hasilatı həcmləri, neft qiymətləri, ətraf mühitin qorunması standartları, neftdən alternativ energi mənbələrinə “ağrısız” keçid yollarını müzakirə edib razılaşdırmaq üçün indi də qlobal bir dialoqa ehtiyac var.

Qeyri-neft sektorunun inkişafının vacibliyi

ÜDM-ində neftin xüsusi rolu olan ölkələrdə gəlirlərini risklərdən qoruması üçün ən düzgün yol iqtisadiyyatının divesifikasiyasıdır. Bu yolun uğurlu olması üçün mərkəzləşdirilmiş maliyyə-investisiya fonduna ehtiyac var.

Bu məqsədlə yaradılmış fondlardan ən müvəffəqiyyətlisi yəqin ki,  Norveç Neft Fondudur. Dünyadakı bütün səhmlərin 1.4% -nə sahib olan fondun aktivlərinin ümumi dəyəri 2019-cu ilin sonuna 1 trilyon dolları aşırdı. Ölkə daxilində inflyasiyaya səbəb olmamaq üçün fond ilk növbədə ölkə xaricində sərmayə qoyur...

Xüsusən 2014-cü ildən başlayaraq, neftin qiymətinin qəfil düşməsinin mənfi təsirlərini balanslaşdırmaq üçün Azərbaycanda ölkə başçısının tapşırığı ilə qeyri-neft sektorunun ixrac potensialını artırmaq və bununla da ölkəyə daha çox valyutanın daxil olmasını təmin etmək məqsədi ilə əsaslı işlər görülür. Azərbaycanda ixrac potensialına malik olan sektorlar qeyri-neft sənayesi, informasiya texnologiyaları, aqrar sektor və turizm sahələridir.

Bu il fevralın 7-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin kollegiya iclasında bildirildi ki, 2018-ci il ilə müqayisədə 2019-cu ildə iqtisadi artım 2,2% təşkil edib, o cümlədən qeyri neft-qaz sektoru 3,5%, kənd təsərrüfatı 7,2%,  qeyri neft-qaz sənaye məhsulu 14,3% artıb. 2020-ci ilin yanvar-mart aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 23,0 % artmışdır. Bu artımları təmin edən aparılan iqtisadi siyasət nəticəsində COVİD-19 pandemiyası və Səudiyyə-Rusiya qarşıdurmasının neft qiymətinə qəfil və kəskin zərbəsi ölkəmizdə milli valyutamızın dəyərinə və bütövlükdə ölkədəki iqtisadi sabitliyə təsirsiz ötüşə bildi.

***

…Əslində biz yeni bir neft dövrünün başlanğıcının şahidləriyik. 1970-ci illərdən bəri dünya bazarında öz çəkisini itirməkdə davam etsə də, neft hələ də əsas yanacaqdır. Lakin o, dünya enerji bazarında birinci olmaq rolunu növbəti 20 il ərzində itirəcək və tədricən öz yerini daha çox arzuolunan azkarbonlu alternativ enerji mənbələrinə ötürəcək. Bu müddətdə iri neft şirkətləri alternativ yanacaq növlərinin istehsalı üçün mütərəqqi texnologiyalara sərmayə yatıracaqlar. Bununla da onlar şirkət olaraq mövcudluqlarını təmin etmiş olacaqlar.

Təbii ki, bütün bunların itkisiz və zamanında baş verməsi üçün şirkətlər həm öz dövlətlərinin, həm də müvafiq beynəlxalq qurumların koordinasiya olunmuş dəstəyini almalıdırlar.

Neft hasil edən ölkələr artıq indidən neftdən asılı olmayan davamlı inkişaf modelini yaratmalı və post-neft iqtisadiyyatına rahat keçidi təmin etməyə hazır olmalıdırlar.

Müəllif haqqında:

Neft-qaz sektorunda 25 illik iş təcrübəsinə malik olan Anar Nəcəfzadə BP, Qatargas və Nobel Upstream kimi neft şirkətlərində çalışmışdır. Elmi mətbuatda bir sıra məqalələr dərc etdirmiş, bir monoqrafiyanın müəllifidir. Neft iqtisadiyyatı üzrə mütəxəssisdir. İqtisad üzrə fəlsəfə doktorudur.

 

Paylaş:
1036

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər