“Xanoba” gömrük postunda tikinti işlərinə 4 milyon manat ayrıldı – SƏRƏNCAM
Prezident İlham Əliyev "Xanoba" gömrük postunda tikinti işləri ilə bağlı tədbirlər haqqında
sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin "Xanoba" gömrük postunda tikinti işlərinin aparılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.66-cı bəndində göstərilmiş məbləğdən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən işlərin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin".
1news.az