İlham Əliyev: Sovet döyüşçülərinin abidələrinə hücumlar nifrətə layiqdir – FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana eksklüziv müsahibə verib.
1news.az müsahibəni təqdim edir:
- Salam, İlham Heydər oğlu. Sizi salamlamağa şadam. Mən Sizinlə müxtəlif şəraitdə və müxtəlif yerlərdə söhbət etmək, Sizdən müsahibə götürmək şərəfinə nail olmuşam. Amma onlayn formatda söhbətimiz ilk dəfədir.
-Bəli, siz haqlısınız. Bu format bir qədər qeyri-adidir, lakin artıq hamı ünsiyyətin bu formasına vərdiş edir. Ona görə düşünürəm ki, söhbətimizin məzmunu bu formatdan zərər çəkməyəcək. Hərçənd, əlbəttə, ən yaxın vaxtda sizi şəxsən görəcəyimə ümid edirəm.
- Sağ olun, İlham Heydər oğlu. Çox vacib hesab etdiyim bir məsələdən başlamaq istəyirəm. Sizinlə böyük bayram – Qələbə Günü ərəfəsində görüşürük. Mən bilirəm ki, həmin gün Siz Moskvaya getməyə hazırlaşırdınız, çoxlu tədbirlər planlaşdırılırdı. Lakin pandemiya ilə bağlı sərt gerçəklik buna öz təsirini göstərdi. Bilirəm ki, Azərbaycanda bu böyük bayram həmişə çox təntənəli şəkildə qeyd edilirdi. Bu, təbii və ədalətlidir, çünki 600 mindən çox Azərbaycan vətəndaşı cəbhədə olub, onların yarısından çoxu döyüş meydanında həlak olub, müharibədən qayıtmayıb. 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu, bütün xalqın çox böyük igidliyidir. Eyni zamanda, arxa cəbhədə göstərilən qəhrəmanlıq, Azərbaycan neftçilərinin qəhrəmanlığı barədə danışmamaq olmaz. Döyüş maşınlarının, tankların, təyyarələrin, gəmilərin istifadə etdiyi bütün yanacağın 80 faizi Azərbaycan mədənlərində, Azərbaycan zavodlarında istehsal edilirdi. Bununla əlaqədar, əlbəttə, Sizdən soruşmaq istəyirəm, bütün bu vəziyyətə baxmayaraq, Azərbaycanda Qələbə Gününü necə qeyd etməyə hazırlaşırlar, bütün bu şəraitə baxmayaraq hansı tədbirlər keçiriləcək, ümumiyyətlə, bu gün Azərbaycanda bu bayramı necə qəbul edirlər?
- Siz tamamilə haqlı olaraq qeyd etdiniz ki, Azərbaycan bizim ümumi qələbəmizə sanballı töhfə verib. Biz fəxr edirik ki, respublikamız öz oğul və qızlarının həyatı bahasına, müəssisələrimizin gecə-gündüz işləməsi hesabına bu Qələbəyə mühüm töhfə verib. Bilirsiniz ki, Azərbaycanda sənaye həmişə yüksək səviyyədə inkişaf edib və bizim müəssisələrdə Qələbə üçün çox zəruri olan müxtəlif silah növləri fasiləsiz rejimdə istehsal edilirdi. Əlbəttə, siz düzgün olaraq qeyd etdiyiniz kimi, Azərbaycan yanacağın ən mühüm təchizatçısı olub. O vaxt hələ Sibirdəki yataqlar kəşf edilməmişdi. Buna görə yanacaq-sürtkü materiallarının əsas bazası Azərbaycan idi. Bu da təsadüfi deyil ki, faşist Almaniyası məhz Bakını tutmaq niyyətində idi. Bu məşhur kadrlar dəfələrlə nümayiş etdirilib: Hitlerə təqdim edilən bayram tortunun üzərində “Xəzər dənizi” sözləri yazılmışdı. Hətta belə bir forma məxsusi olaraq Xəzər dənizinin sərhədlərini göstərirdi, Hitler də svastikanı həmin nöqtəyə qoymuşdu. Əgər bu niyyət baş tutsaydı, əlbəttə, müharibənin yekunu tamam fərqli ola bilərdi.
Əlbəttə, sizin düzgün olaraq qeyd etdiyiniz kimi, biz sovet dövləti tərəfindən layiqincə qiymətləndirilən qəhrəmanlarımızla fəxr edirik. 123 Sovet İttifaqı Qəhrəmanı bizim fəxr etdiyimiz insanlardır, indiki nəsil də, gələcək nəsillər də bu insanlarla fəxr etməlidirlər.
Tədbirlərə gəlincə, əlbəttə, koronavirus şəraitində bizdə kütləvi tədbirlər çoxdan ləğv edilib. Xüsusən ona görə ki, yaşı 65-dən çox olan insanların evdən çıxması məsləhət deyil. Biz öz veteranlarımızı qorumalıyıq. Təəssüf ki, onların sayı ilbəil azalır. Adətən mayın 9-da mən həmişə veteranlarla görüşürəm, biz söhbət edirik, həlak olanların xatirəsini ehtiramla yad edirik, onların məzarları üzərinə gül-çiçək, əklillər qoyuruq. Hər dəfə onlarla ünsiyyətdə olanda, sanki enerji alırsan. Özü də onların çoxunun yaşı 90-ı keçib, hətta 100-ü haqlayanlar da var. Lakin əvvələn, fiziki baxımdan onlar möhkəm olduqlarını nümayiş etdirirlər. Ən başlıcası, onların mənəvi ruhu, nikbinliyi və həyatsevərliyi, əlbəttə, bizi heyrətləndirir, təəccübləndirir və biz onlarla yalnız fəxr edə bilərik. Biz hər il veteranlar üçün mükafatlar ayırırıq. Bu il həmin mükafatın məbləği təxminən 900 dollar, manatla hesablasaq 1500 manat olacaq. İl ərzində də onların problemlərini həll edirik.
Deməliyəm ki, Azərbaycanda bizim ümumi qələbəmizə münasibət həmişə belə olmayıb. Təəssüf ki, müstəqilliyin ilk illərində, millətə zidd olan Xalq Cəbhəsi rejimi hərbi çevriliş yolu ilə hakimiyyətə gələndə 9 May Günü bayram təqvimindən silinmişdi. Müharibə veteranları mənəvi terrora məruz qalırdı, kütləvi informasiya vasitələrində onlara qarşı qəddar kampaniya aparılırdı. Yalnız Heydər Əliyev hakimiyyətə gələndən sonra 9 May Günü bayram təqvimində bərpa olundu. O vaxtdan həmin gün dövlət bayramıdır. Bu qeyri-iş günüdür. Ədalət zəfər çaldı.
Siz düzgün olaraq qeyd etdiniz ki, mən həmin gün Moskvada olmağa hazırlaşırdım. Rusiya Federasiyasının Prezidentindən dəvət almışam, lakin koronavirusla əlaqədar bayram tədbirləri ləğv edilib. Ona görə bu il mən yenə həlak olanların xatirəsini yad edəcəyəm, lakin əlbəttə, tamam başqa formatda.
- Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin deyib ki, müvafiq epidemioloji şərait imkan verəndə biz bu tarixi Rusiyada qeyd etməyi planlaşdırırıq, həmçinin təsdiq edilib ki, bütün dəvətnamələr qüvvədə qalır. Buna görə düşünürəm ki, bu məlum olanda və tarixlər təyin ediləndə, Siz Rusiya rəhbərliyi ilə, Müstəqil Dövlətlər Birliyi ölkələrindəki həmkarlarınızla birlikdə bu bayramı Moskvada qeyd etmək imkanına malik olacaqsınız.
- Bəli, mən buna çox ümid edirəm.
- İlham Heydər oğlu, Siz indicə tamamilə haqlı olaraq dediniz ki, Xalq Cəbhəsinin hakimiyyətdə olduğu Azərbaycan üçün kədərli günlərdə bu bayram, təəssüf ki, təqvimdən silinmişdi. Həqiqətən yalnız Heydər Əliyev hakimiyyətə gələndən sonra ədalət zəfər çaldı və bu gün həmin bayramı bütün xalq qeyd edir. O da təəccüblüdür ki, bəzi ölkələrdə siyasətçilər tarixi yenidən yazmağa, onu saxtalaşdırmağa çalışırlar. Bəzi ölkələrdə şəhərləri xilas etmiş sovet hərbi sərkərdələrinə, sovet döyüşçülərinə ucaldılmış abidələri məhv edirlər, bəzi ölkələrdə isə hətta faşist kollaborasionistlərinə və ya faşist rejiminin adi xadimlərinə heykəllər qoyulur, xatirə lövhələri vurulur. Siz buna necə baxırsınız?
- Biz tarixi yenidən yazmaq, Böyük Vətən müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmi və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyirik. Azərbaycan bir sıra forumlarda bu mövzuda açıq çıxış edib, o cümlədən mən dəfələrlə öz mövqeyimi bildirmişəm. Deməliyəm ki, Azərbaycan cəmiyyəti bu mövqeyə tam şərikdir. Əlbəttə, bəzi ölkələrdə faşizmin qəhrəmanlaşdırılması prosesi bizim üçün əsla qəbuledilməzdir. Bilirsiniz, bir müddət əvvəl belə qənaətdə idik ki, sübut edilməsinə ehtiyac olmayan həqiqətlər var, Böyük Vətən müharibəsinin tarixi də belə həqiqətlərdən biri idi. Lakin təəssüf ki, bəzən müəyyən dairələrin tarixi həqiqəti təhrif etmək, İkinci Dünya müharibəsində Qələbədə Sovet İttifaqının rolunu azaltmaq və faşizmi qəhrəmanlaşdırmaq üçün əlaqələndirilmiş səylərinin şahidi oluruq. Ona görə bu meylə son qoyulmalıdır, biz bunu yalnız birgə səylərimizlə edə bilərik. O cümlədən Böyük Vətən müharibəsi dövründə baş vermiş hadisələr haqqında həqiqəti gənc nəslə çatdırmaq yolu ilə. Ona görə ki, onlar həqiqəti bilməlidirlər, vətənpərvərlik, əcdadlarının qəhrəmanlığı ruhunda tərbiyə olunmalıdırlar. Əlbəttə, bəzi ölkələrdə baş verənlər, İkinci Dünya müharibəsi iştirakçılarının abidələrinə qarşı vandalizm aktı, faşistlərə heykəllər qoyulması nifrət və ikrah hissi oyadır. Bunu keçmiş SSRİ məkanında, MDB məkanında görmək xüsusilə xoşagəlməzdir. Axı faşizm üzərində ümumi Qələbə naminə ən böyük qurban verən Sovet İttifaqı olub. Buna görə bu meyillər pislənməli, bu cəhdlərə son qoyulmalı və mənim fikrimcə, dünya liderləri bu barədə daha açıq danışmalıdırlar.
Bizə gəldikdə isə, qeyd etdiyim kimi, mən bu məsələləri dəfələrlə qaldırmışam, o cümlədən MDB ölkələrinin sonuncu Zirvə görüşündə müzakirə mövzularından biri məhz bizim Böyük Qələbə bayramına, Qələbənin yubileyinə hazırlıq məsələsi idi. Mən təəssüflə qeyd etdim ki, Ermənistanda faşist canilərinin qəhrəmanlaşdırılması həyat normasına çevrilir. Konkret misallarla göstərdim ki, bir neçə il bundan əvvəl Ermənistanda faşist cəllad və cani, Njde ləqəbi ilə məşhur olan Qaregin Ter-Arutyunyana 6 metr hündürlüyündə heykəl qoyulub. Bu adamın cinayətləri sübut olunub. Yeri gəlmişkən, Qələbənin 75 illiyi ərəfəsində həm Rusiya Federasiyası Xarici İşlər Nazirliyi, həm də Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən dərc edilmiş sənədlər də buna sübutdur. Bu adam müharibə dövründə deyirdi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu adamın təxribatçılıq fəaliyyəti çoxsaylı insanın ölümünə gətirib çıxarıb və təsadüfi deyil ki, müharibə qurtarandan sonra o, SMERŞ tərəfindən həbs edilib, 25 il azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb. Belə bir adama Ermənistanda 6 metr hündürlüyündə heykəl qoyulur. Heykəlin açılışında bu ölkənin keçmiş prezidenti iştirak edir. Mən bu məsələni qaldırmaqla MDB üzrə həmkarlarımın diqqətini ona cəlb etmək istəyirdim ki, biz, ilk növbədə, özümüzdə, öz təşkilatımızda hər şeyi öz adı ilə adlandırmalıyıq, burada siyasi korrektlik, selektivlik prinsipini və ya kiminsə xətrinə dəyməmək istəyini rəhbər tutmamalıyıq.
Biz həqiqəti deməliyik, əks halda, bu təşkilat formatında diskussiyalar, səmimi desək, mənasını itirər. Buna görə bu məsələni qaldıranda ümid edirdim ki, Ermənistanın yeni, özünü demokratik kimi göstərməyə çalışan rəhbərliyi mənim təşəbbüsümü dəstəkləyəcək. Lakin təəssüf ki, bunun əksini gördüm. Gördüm ki, Ermənistan nümayəndə heyətinin rəhbəri, baş nazir bu canini müdafiə etməyə başladı, dedi ki, nə olsun o, həbs düşərgələrində olub, Soljenitsın da həbs düşərgələrində olub. Bilirsiniz, bu yerdə protokol qaydalarını pozdum, yenidən çıxış üçün söz aldım və dedim ki, Soljenitsını faşistlərin əlaltısı ilə müqayisə etmək həyasızlığın yüksək dərəcəsidir. Ona görə bütün bunlar böyük təəccüb, heyrət doğurur və belə bir fikrə əsas verir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, lakin rejimin mahiyyəti əvvəlki kimi qalır.
Yeri gəlmişkən deməliyəm ki, Rusiya Federasiyasının ərazisində, məsələn Armavir şəhərində də cinayətkar, faşistlərin əlaltısı Njdeyə xatirə lövhəsi vurulub. Yalnız mən bu məsələni dövlət başçılarının Zirvə görüşündə qaldırandan və bu məsələ kütləvi informasiya vasitələrində əksini tapandan sonra həmin lövhə götürülüb. Haqlı olaraq sual yaranır: Ermənistanda Böyük Vətən müharibəsi qəhrəmanları olmayıbmı? Bəs Armavirdə erməni kilsəsinin yaxınlığında nə üçün onlara yox, faşist caniyə xatirə lövhəsi vurulub? Bunu necə başa düşməli? Ona görə bu məsələlər geniş müzakirə edilməlidir. Yenə də hər bir ölkə bu məsələyə öz münasibətini selektivlik, siyasi korrektlik mülahizələrinə görə deyil, birbaşa və açıq şəkildə bildirməlidir. Ermənistanda bir tərəfdən deyirlər ki, onlar Qələbənin yubileyini bayram edəcəklər, amma digər tərəfdən faşistin abidəsi önünə gül qoyurlar. Bu, ən azı ziddiyyət, əslində isə riyakarlıq təzahürüdür.
- Bu vəziyyəti belə qiymətləndirdiyinizə görə sağ olun, İlham Heydər oğlu. Mayın 4-də Sizin təşəbbüsünüzlə, - Azərbaycan hazırda Qoşulmama Hərəkatında sədrlik edir, - Qoşulmama Hərəkatının Zirvə görüşü keçirildi. Məsələn, mən həmin görüşü iştirakçıların tərkibinə, elə bu faktın özünə görə tarixi hadisə adlandıra bilərəm. Bu görüş koronavirusa qarşı mübarizə üzrə birgə qərarların, birgə ideyaların hazırlanmasına həsr edilmişdi. Zirvə görüşünə Siz sədrlik edirdiniz. Orada çoxsaylı ölkələrin, özü də Hindistan, Misir, İran və başqaları kimi aparıcı ölkələrin liderləri iştirak edirdilər. Bu görüş başa çatandan sonra Siz sədr kimi çəkici vuraraq Zirvə görüşünü yekunlaşdırdınız. İndi Zirvə görüşünü necə qiymətləndirirsiniz? Orada nə haqda razılığa gələ bildiniz? Bir daha təkrar edirəm, Zirvə görüşünün keçirilməsi özü tarixi faktdır, lakin praktiki baxımdan fikrinizi bilmək istərdim.
- Siz tamamilə haqlısınız. Bu Zirvə görüşünü həqiqətən tarixi görüş adlandırmaq olar. Çünki əvvələn, o, yeni formatda, videokonfrans formatında keçirilirdi. İkincisi, Qoşulmama Hərəkatının Zirvə görüşləri bir qayda olaraq müəyyən dövriliklə keçirilir. Əgər bundan əvvəlki Zirvə görüşü keçən ilin oktyabrında Bakıda keçirilmişdisə, növbəti görüş 2022-ci ildə bizdən sonra sədrlik edəcək ölkədə keçirilməli idi. Buna görə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın bu təşəbbüsü təbii ki, vaxtında irəli sürülmüşdü. Onu da deməliyəm ki, keçən ilin oktyabr ayında biz Qoşulmama Hərəkatında sədrliyi öz üzərimizə götürdük. Qeyd etməliyəm ki, Azərbaycan yekdilliklə Hərəkatın sədri seçilib, bu da çox əlamətdar amildir, çünki bildiyiniz kimi, Hərəkatda 120 ölkə iştirak edir və bu ölkələrin bəziləri arasında, yumşaq desək, gərgin münasibətlər var.
Lakin bizə göstərilən hörmət və etimad ona dəlalət edir ki, Azərbaycan beynəlxalq arenada çox böyük nüfuz qazana bilib. Bakı Zirvə görüşündə mən demişdim ki, biz öz sədrliyimizi heç də formal sədrlik hesab etmirik, biz səmərəli sədr olmaq istəyirik. Hərəkatın beynəlxalq arenada nüfuzunu və rolunu yüksəltmək, ölkələr arasında daha sıx birlik istəyirik, şərait yaratmaq istəyirik ki, bəzi ölkələr arasında mövcud fikir ayrılıqları, zəruri hallarda bizim də iştirakımızla nizamlansın. Mən, həmçinin dedim ki, Azərbaycan təkcə sədrlik dövründə deyil, bundan sonra da beynəlxalq arenada üzv ölkələrin mənafelərini müdafiə edəcək. Zirvə görüşünün baş tutması onu göstərir ki, əvvələn, biz öz sözümüzə sadiqik, ikincisi, bu Zirvə görüşünün keçirilməsinə böyük ehtiyac var idi. Buna görə də çıxış edənlərin əksəriyyəti Azərbaycanın bu təşəbbüsünün vaxtında irəli sürüldüyünü və vacibliyini qeyd etdilər. Həmçinin deməliyəm ki, aparıcı beynəlxalq təşkilatların rəhbərləri – Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru və Avropa Komissiyasının vitse-prezidenti Zirvə görüşünün iştirakçılarını salamladılar. Bu məqamı xüsusi vurğulamalıyam. Mən Avropa Komissiyasının və Qoşulmama Hərəkatının hansısa vahid formatda iştirak etdiyi ikinci belə hadisəni xatırlamıram. İndiki halda bu cür birgə tədbir ona görə mümkün oldu ki, Azərbaycan Avropa İttifaqı ilə çox fəal əlaqə saxlayır, Azərbaycan beynəlxalq arenada çox böyük nüfuz qazanıb. Əlbəttə, bir məsələ də var ki, bizi ümumi bəla birləşdirir. Buna görə Zirvə görüşünün keçirilməsinin əsas məqsədi təşkilatın daxilində həmrəylik göstərmək, habelə aparıcı beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq idi.
Mənim təşəbbüsümlə biz dövlət və hökumət başçıları səviyyəsində BMT-nin koronavirusa həsr edilmiş xüsusi Baş Assambleyasının keçirilməsini təklif etdik. Hərəkatın üzvü olan ən həssas ölkələrə təxirəsalınmaz kömək göstərilməsi üçün biz Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırdıq. Bu, bizim ikinci donor ianəmizdir. Bundan əvvəl mart ayında da qlobal pandemiyaya qarşı mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar ayırmışdıq. Qoşulmama Hərəkatında yaradılmış Təmas Qrupu formatı üzv ölkələr tərəfindən böyük dəstək alıb. Biz istiqamətlər üzrə yarımqruplar və COVID-19-a qarşı mübarizə üzrə vahid məlumat bazası yaradılmasını təklif etdik ki, həm Hərəkatın belə niyyəti olan üzvləri, həm beynəlxalq təşkilatlar, həm də donor təşkilatlar vaxtında yardım göstərmək üçün informasiya bazasına malik olsunlar. Mən deyərdim ki, Zirvə görüşünün keçirilməsinin əsas məqsədləri də, nəticələri də budur. Bir daha deməliyəm ki, bütün iştirakçılar bu görüşün vacibliyini, zəruriliyini qeyd etdilər, bu təşəbbüsə görə Azərbaycana təşəkkürlərini bildirdilər.
Deməliyəm ki, bu, bizim keçirdiyimiz ilk Zirvə görüşü deyil. Hazırda Azərbaycan həm də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədridir və aprelin 10-da bu təşkilatın Azərbaycanın təşəbbüsü ilə keçirilmiş Zirvə görüşü faktiki olaraq dünyada videokonfrans formatında ilk Zirvə görüşü oldu. Biz iki ay ərzində çox mühüm iki beynəlxalq tədbir keçirdik, əminəm ki, onlar həmrəyliyi və əməkdaşlığı möhkəmlədəcək.
Qoşulmama Hərəkatının Zirvə görüşü ilə bağlı bir məqam da ondan ibarətdir ki, dediyim kimi, Qoşulmama Hərəkatında 120 ölkə, sədri məktubla müraciət etmiş Afrika İttifaqında 55 ölkə, ali nümayəndəsi bu tədbirdə iştirak edən Avropa İttifaqında 27 ölkə var. Buna görə təvazökarlıqdan kənar olsa da deməliyəm ki, Azərbaycan və Azərbaycanın təşəbbüsü praktiki olaraq bütün dünyanı birləşdirdi.
- İlham Heydər oğlu, bu, həqiqətən belədir. Bir fikir də söyləmək istəyirəm ki, əlbəttə, Azərbaycanın sədrlik etməsi, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına müəyyən ianə verməsi faktları mühüm amildir. Lakin mənə belə gəlir ki, Azərbaycanın bu Zirvə görüşünü çağırmağa mənəvi haqqı daha bir səbəblə bağlıdır, obyektiv rəqəmlər göstərir və Ümumdünya Səhiyyə Təşkilatı da bunu sadəcə təsdiqləyir ki, bu dəhşətli pandemiya Azərbaycandan yan keçmədiyinə baxmayaraq, - hər halda, mən rəqəmlərə baxmışam, - ölkədə bu mübarizədə müəyyən uğurlar qazanılıb. Mənə belə gəlir ki, vəziyyəti yavaşıtmaq, müəyyən məqamda isə döndərmək mümkün olub. Hər halda rəqəmlər bunu deyir, ÜST də bunu təsdiq edir. Buna nəyin sayəsində nail olunub? Hansı səylər göstərilib? Çünki bu ümumi bəlanın öhdəsindən daha böyük dərəcədə gələn istənilən ölkənin təcrübəsi bu gün çox vacibdir.
- Siz tamamilə haqlısınız. Son nəticələr barədə danışmaq hələ tezdir, lakin aralıq nəticələr göstərir ki, biz doğru yoldayıq. Yeri gəlmişkən, bizim təşkil etdiyimiz, həyata keçirdiyimiz bu işi Ümumdünya Səhiyyə Təşkilatı da qiymətləndirib. Bu təşkilatın Baş direktorunun mənə ünvanlanmış məktubunda Azərbaycan rəhbərliyinin gördüyü tədbirlər yüksək qiymətləndirilib, Azərbaycan nümunəvi ölkə, yəni bu bəlaya qarşı mübarizədə nümunə göstərən ölkə adlandırılıb.
Konkret tədbirlərə gəldikdə isə deməliyəm ki, biz lap əvvəldən Nazirlər Kabineti yanında Operativ Qərargah yaratdıq. Onun çox geniş səlahiyyətləri var və hər gün, hər saat mühüm təşkilati məsələlərlə məşğul olur. Mənim fikrimcə, bütün ölkələrin əsas vəzifəsi bu xəstəliyin inkişafını, onun geniş yayılmasını yavaşıtmaq idi. Bir sıra başqa ölkələr kimi, Azərbaycana da bu virus kənardan gətirilib. Buna görə qonşularla müvafiq məsləhətləşmələrdən sonra sərhədlərin bağlanması birinci mühüm addım oldu. Lakin sonra gördük ki, daxildə yoluxma prosesi gedir. Odur ki, mərhələli şəkildə məhdudlaşdırıcı tədbirlər tətbiq edildi. Biz həmin tədbirləri şəraitə uyğun olaraq tətbiq etdik və hadisələrin arxasınca getməyə yox, onları qabaqlamağa çalışdıq, əks halda, uğur qazana bilməzdik.
Biz dövlət xəstəxanalarının işini operativ surətdə tamamilə yeni formatda təşkil etdik. Bu gün 20-dən çox dövlət xəstəxanası koronaviruslu xəstələrin müalicəsi üçün təqdim edilib. O cümlədən, 575 çarpayılıq yeni ən müasir xəstəxana bütünlüklə koronaviruslu xəstələrə təqdim edilib. Biz operativ surətdə əlavə laboratoriyalar aldıq. Hazırda 23 bu cür laboratoriyamız var, lazım gəlsə yenə alacağıq. Milyon nəfərə düşən testlərin sayına görə Azərbaycan lider ölkələr sırasındadır. Biz 160 mindən çox test keçirmişik. Əlbəttə, bu, xəstəliyin yayılma ocaqlarının, o cümlədən regional baxımdan aşkar olunmasına kömək edir. Mayın 4-dən, bundan əvvəl isə aprelin 27-dən karantin rejimi müəyyən qədər yumşaldılmağa başlanıb. Bu, onunla bağlı idi ki, son 3 həftədə pozitiv dinamika müşahidə edirik, yəni sağalanların sayı yoluxanların sayından çoxdur. Biz həm də həkimlərimizə, tibb işçilərinə çox qayğı ilə yanaşırıq. Koronaviruslu xəstələrə xidmət edənlər üçün onların aylıq maaşından 3, 4, 5 dəfə yüksək xüsusi maaş əlavələri tətbiq edilib. Ona görə də bu məhdudlaşdırma tədbirlərinin, o cümlədən müalicə prosesinin düzgün təşkilinə yönəlmiş tədbirlər kompleksi sayəsində biz hələlik bu vəziyyətdən minimum itkilərlə çıxa bilirik.
Bizim tədbirlərə ictimai dəstəyin yüksək səviyyəsini də qeyd etmək istərdim. Mən hər gün yüzlərlə, bəzən minlərlə təşəkkür məktubu alıram. Bu məktublarda bütün kateqoriyalardan olan vətəndaşlar, balaca uşaqlardan başlamış uzunömürlülərə qədər təşəkkürlərini bildirirlər ki, biz hələlik bu vəziyyətdən şərəflə çıxırıq. Lakin biz onu da demişik ki, karantin rejiminin yumşaldılması tədbirlərinin vəziyyəti kəskin pisləşdirdiyini görsək, bu rejimi yenidən sərtləşdirməli olacağıq. Mən Azərbaycan xalqına müraciətlərimdə dəfələrlə demişəm ki, biz həmrəylik göstərdik, birlik göstərdik, indi biz həm də məsuliyyət və intizam göstərməliyik. Fikrimcə, bu iki istiqamət ayrıca müzakirə tələb edir, lakin düşünürəm ki, bütövlükdə vəziyyət hələlik nəzarət altındadır.
Onu da deməliyəm ki, biz pandemiyadan əziyyət çəkənlərə təqribən 2 milyard dollarlıq sosial-iqtisadi yardım paketi ayırmışıq. Bu paket, ilk növbədə, pandemiyadan əziyyət çəkən sahələrdə çalışan 700 minə yaxın insanı və mikrosahibkarları əhatə edir. Dövlət iki ay ərzində onların əməkhaqqının xeyli hissəsini ödəyəcək, çünki onlar praktiki olaraq işləmirlər. Bunlar 600 min aztəminatlı ailə və işsiz, hətta qeyri-formal sektorda məşğul olanlar, yəni əmək müqaviləsi olmayanlardır. Onlara 2 ay ərzində müəyyən məbləğ ödənilir ki, hətta əmək müqaviləsi olmayanlar da əməkhaqqı alsınlar. İndi bu adamlar qazancdan məhrum olublar.
Biz ünvanlı sosial yardım alan ailələrin sayını artıraraq 80 minə çatdırmışıq, belə ailələrin hər biri orta hesabla 222 manat, yəni 130 dollar alır. Bundan əlavə, əməkhaqqı minimal səviyyədə, yəni 250 manat və ya təxminən 150 dollar səviyyəsində olmaqla, 90 min ödənişli ictimai iş yeri və 12 min özünüməşğulluq yeri yaradılır. Bu yerlər dövlət tərəfindən maliyyə və texniki kömək nəzərə alınmaqla cari ildə fəaliyyətə başlayacaq. Bu, həmin paketin yalnız bir hissəsidir. Vergi güzəştləri, vergi tətilləri də var. Yəni biz bu məsələyə çox geniş yanaşmışıq və ilk növbədə, insanları, onların sağlamlığını, həyatını qorumağa və ikinci növbədə iqtisadiyyatın inkişafını təmin etməyə çalışırıq.
- İlham Heydər oğlu, bütün bunlar barədə danışarkən Sizin üçün əlbəttə, sirr deyil ki, indi ekspertlər, analitiklər, siyasətçilər tez-tez belə fikirlər səsləndirirlər: Allah qoysa, gec-tez pandemiya başa çatacaq. Lakin hələlik bütün proses yüksələn xətt üzrə gedir. Buna baxmayaraq, hamı deyir ki, dünya başqa cür olacaq. O, dəyişəcək, sosial baxımdan, iqtisadi baxımdan, müəyyən mənada mədəni baxımdan dəyişəcək. Azərbaycan son illərdə çoxsaylı iri tədbirlər – idman, mədəniyyət, siyasət, iqtisadiyyatla bağlı tədbirlər, müxtəlif forumlar keçirib. Bundan əvvəl dediklərinizin hamısı inkaredilməz faktlara, dəqiq rəqəmlərə əsaslanırdı. İndi mənim sualım fərziyyələr sahəsinə daha çox aiddir. Siz postpandemiya dövrünü necə təsəvvür edirsiniz? Biz hamımız həmin dünyada yaşamalı olacağıq. İndi xüsusilə gənclər bu cür suallar verirlər. Çünki onlar çoxsaylı psixoloji çətinliklərlə üzləşir, yaşlılar üçün isə bu, həm də fiziki xarakterli çoxsaylı risklər deməkdir. Siz postpandemiya dövründə dünyanı necə təsəvvür edirsiniz?
- Bilirsiniz, bir sıra siyasi və ictimai xadimlər, həmçinin geniş beynəlxalq ictimaiyyət qeyd edir ki, dünya başqalaşacaq və artıq başqalaşıb. Biz də yeni iş formatına, yeni həyat formatına, özünütəcrid rejiminə tədricən alışırıq. Əlbəttə, əslində bu, xüsusən sərt karantin şəraitində insanların çoxunun həyat tərzinə də, onların psixoloji vəziyyətinə də ciddi təsir göstərir. Biz yaxşı başa düşürük ki, həftələrlə evdə oturmaq, evdən çıxmamaq fəal həyat tərzinə, fəal işləməyə adət etmiş insanlar üçün çox ciddi sınaqdır. Bəli, mən qeyd etdim ki, işini itirənlər üçün vəsait ödəyirik. Axı onlar üçün motivasiya təkcə əməkhaqqı deyildi. İnsanlar əslində, sevimli işindən məhrum olublar və əlbəttə ki, bu da onların psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər. Buna görə dünyanın gələcəkdə necə olacağını güman etmək çətindir.
Beynəlxalq tədbirlər keçirilməsinə gəldikdə, mənim dediyim iki Zirvə görüşü göstərdi ki, biz bu formatda da işləyə bilərik. Əlbəttə, ünsiyyət çatışmazlığını hiss edirik. Əgər biz Zirvə görüşünü adi rejimdə keçirsəydik, bu, əlbəttə, 2 gün, bəlkə də 3 gün davam edərdi, çoxsaylı ikitərəfli görüşlər, çoxlu mədəni tədbirlər olardı. Amma, məsələn, mayın 4-də Zirvə görüşü fasiləsiz olaraq altı saat yarım davam etdi. Sədr kimi mənim həmin görüşü tərk etmək imkanım yox idi. Əlbəttə, bu formatda yaşamağa öyrəşmək lazımdır.
Beynəlxalq forumlara gəldikdə, siz tamamilə haqlı olaraq qeyd etdiniz ki, Azərbaycan, ilk növbədə, humanitar əməkdaşlıq üçün artıq mühüm məkana çevrilib. Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə keçirilən və formalaşmasında şəxsən siz, Mixail Solomonoviç, çox böyük rol oynadığınız Bakı Beynəlxalq Humanitar Forumu da, Mədəniyyətlərarası Dialoq Forumu da, keçirilməsi bu gün təxirə salınmış bir sıra başqa tədbirlər də sual doğurur – biz onları necə keçirəcəyik? Beynəlxalq forumları, diskussiyaları videokonfrans rejimində keçirməyə imkan olacaqmı – bütün bunlar gələcəyin məsələləridir. Lakin bir şey aşkardır ki, koronavirus üzərində qələbədən sonra sırf işçi baxımdan, psixoloji baxımdan bu vəziyyətdən çıxmaq üçün hələ uzun müddət lazım gələcək. Bunun nə qədər davam edəcəyini demək çox çətindir. Lakin mənim fikrimcə, əsas məqam, o cümlədən beynəlxalq siyasət məsələlərində əməkdaşlığın müsbət təcrübəsini qoruyub saxlamaqdır ki, bu müvəqqəti ayrılıq ölkələri bir-birindən ayırmasın. Biz dialoqu davam etdirək, videokonfrans formatında işləyək. Yeri gəlmişkən, mən həmkarlarımla videokonfrans formatında bir neçə görüş keçirmişəm. Əlbəttə, forma fərqli olacaq, lakin əsas məsələ müsbət məzmunu saxlamaq və pandemiya nəticəsində gördüyümüz müsbət məqamların sayını artırmaqdır. Ola bilsin, bunlar hələ ilk təzahürlərdir, lakin həmrəylik, hətta münasibətləri gərgin olan ölkələr arasında da əməkdaşlıq elementləri görünür.
- İlham Heydər oğlu, Siz dediniz ki, bütün bu çətinliklərə baxmayaraq, əməkdaşlığı inkişaf etdirmək, möhkəmləndirmək zəruridir. Məhz bu baxımdan mən istərdim ki, Rusiya Prezidenti Vladimir Putin ilə Sizin münasibətləriniz məsələsinə toxunaq, Sizin aranızda kifayət qədər sıx şəxsi yoldaşlıq münasibətləri, necə deyərlər, “personal chemistry” yaranıb. Siz Rusiyaya səfərlər etmisiniz, Putin Azərbaycanda olub. Bu şəraitdə Sizə elə gəlmirmi ki, Sizin fikrinizin davamı kimi məhz yeni şəraitdə yeni həllər və əməkdaşlığın yeni formatını tapmaq üçün bu əlaqələri daha da intensivləşdirmək lazımdır?
-Bəli, siz tamamilə haqlısınız, biz bu məsələ üzərində işləyirik, hətta pandemiya şəraitində də fasiləsiz nəqliyyat daşımaları həyata keçirilir. Biz tranzit-logistika sahəsində işləri intensivləşdirmək barədə razılığa gəlmişik. Ölkələr arasında, Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsinə gəldikdə isə əlbəttə, pandemiya mənfi təsirini göstərir. Lakin əminəm ki, biz müsbət əməkdaşlığı qoruyub saxlayacaq və genişləndirəcəyik.
Siz qeyd etdiyiniz kimi, Rusiya Federasiyasının Prezidenti ilə biz həm Rusiyada, həm də Azərbaycanda yetərincə tez-tez görüşürük. Sonuncu görüşümüz keçən ilin axırında Peterburqda olub, bundan əvvəl Soçidə. Mən “Valday” Diskussiya Klubuna dəvət edilmişdim. Buna görə bizim ünsiyyətimiz və görüşlərimiz qarşılıqlı əlaqələrimizin inkişafına çox müsbət təkan verir və tabeliyimizdə olanlara verdiyimiz göstərişlər, təlimatlar həyata keçirilir.
Qarşılıqlı siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Əlbəttə, pandemiya olmasaydı, biz əmtəə dövriyyəsini daha da artırardıq. Lakin əminəm ki, iqtisadi əlaqələrimiz lazımi səviyyədə olacaq. Bizim nəqliyyat-logistika sahəsində də böyük planlarımız var. Bu gün bizim fəal istifadə etdiyimiz Şimal-Cənub dəhlizi ilə yanaşı, Rusiyanın Şimal-Qərb nəqliyyat dəhlizinə qoşulması da bizi sevindirir. Rusiyalı yükgöndərənlər Azərbaycandan Avropa istiqamətinə gedən bu marşrutdan istifadə edirlər. Elektroenergetika sahəsində elektrik enerjisi mübadiləsi, habelə çoxtərəfli əməkdaşlıq baxımından böyük potensial var. Biz yüksəkvoltlu elektrikötürmə xətləri ilə bağlıyıq.
Neft-qaz sahəsində də vəziyyət yaxşıdır. Bəlkə də çoxları bilmir, lakin Xəzər dənizinin Rusiya sektorunda Rusiya şirkətləri tərəfindən hasil edilən neftin bir hissəsi Azərbaycanın nəqliyyat infrastrukturu vasitəsilə nəql edilir. Yəni, burada əməkdaşlıq yüksələn xətt üzrə davam edir.
Əlbəttə, Rusiya Prezidenti ilə birlikdə humanitar sahədə həmişə həyata keçirdiyimiz əməkdaşlığı da hökmən qeyd etmək lazımdır. Düşünürəm ki, bu, qonşular arasında əməkdaşlığın nümunəsidir. Rusiyada da bunu çox yüksək qiymətləndirirlər ki, Azərbaycanda tədrisin rus dilində olduğu 330-dan çox məktəb var. Rusiyanın aparıcı ali məktəblərinin filialları, yetərincə zəngin mədəni proqram və əlbəttə, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yenidən qurulmuş “Azərbaycan” pavilyonunun təntənəli açılışı da dostluq münasibətlərinin rəmzidir.
Əlbəttə, biz təəssüflənirik ki, pandemiya turizm sektoruna çox güclü zərbə vurub. Ona görə ki, keçən il bir milyona yaxın rusiyalı Azərbaycana səfər edib. Biz bu il də rusiyalı turistlərin sayının artacağına ümid edirdik. Lakin hər şeyin qaydaya düşəcəyi və insanların yenidən bir-birini ziyarət etməyə başlayacağı vaxtı gözləyək. Siz tamamilə haqlısınız, biz vaxtı itirməməliyik, bu il görüləsi işlər hələ çoxdur. Biz daim əlaqə saxlayırıq və yaxın dostlar, tərəfdaşlar kimi işləyirik.
- İlham Heydər oğlu, bilirsiniz, pandemiyadan sonrakı dövrdən söhbət düşəndə enerji sahəsi ayrıca mövzudur. Əlbəttə, indi xəbərlərin bütün gündəliyi pandemiya ilə bağlıdır. Lakin hələ yaxın vaxtlarda neftin qiymətləri mövzusu da buraya əlavə olunurdu. Dünya təlatümdə idi, hamı hansısa detektiv kimi neftin qiymətinin az qala mənfiyə keçməsini izləyirdi. Bütün insanlar neft sahəsində mütəxəssislərə çevrilmişdi. Azərbaycan tarixən neft hasil edən ölkədir, lakin bununla bərabər, Siz artıq neçə illərdir deyirsiniz ki, Azərbaycan neftdən asılılıqdan xilas olmalıdır. Bununla əlaqədar mən neftin qiymətlərini qabaqcadan söyləməyə hazır deyiləm, amma asılılıqdan yaxa qurtarmaq baxımından Siz iqtisadiyyatın hansı sahələrinə bel bağlayırsınız, postneft dövründə Azərbaycanı necə təsəvvür edirsiniz?
- Siz tamamilə haqlısınız. Mən bu mövzunu çox fəal şəkildə qaldırmışam və qaldırıram. Bu istiqamətdə müəyyən addımlar atılır. Onu demək kifayətdir ki, bu ilin birinci rübündə qeyri-neft-qaz sektorunda sənaye məhsulları istehsalının həcmi 23 faiz artıb. Bu, mütləq rekord göstəricidir. Mənim fikrimcə, pandemiya şəraitində bu rəqəm, əlbəttə, bizim apardığımız işə hörmət doğurur. Buna görə qeyri-neft sektoruna oriyentasiya bizim əsas prioritetimiz olub və yenə belədir. Dəfələrlə dediyim kimi, biz neft sektorunu yaddan çıxarmalıyıq. Demək olar ki, bu gün neftin bu qiymətləri ilə postneft dövrü, əslində, başlanıb. Buna görə Azərbaycan iqtisadiyyatının artımının əsas hərəkətverici qüvvəsi onun aşkarlığı olacaq. Bu istiqamətdə - iqtisadiyyatın kölgədən çıxarılması üçün çox iş görülür. Təəssüf ki, bu problem bizim üçün hələ də aktualdır. Burada qeyri-formal məşğulluqdan başlamış vergi ödəməkdən yayınmağa qədər bütün məsələlər bir-biri ilə sıx bağlıdır. Bizim gördüyümüz tədbirlər öz nəticələrini verir. Həm keçən il, həm də bu il biz büdcəni, əsasən, iqtisadiyyatın kölgədən çıxarılması hesabına artırırıq. Yəni, bu, əsas hərəkətverici amil olacaq.
İqtisadiyyatın sahələrinə gəldikdə, əlbəttə, mən, ilk növbədə, kənd təsərrüfatını qeyd edərdim, orada çox böyük potensial var və bu sahəyə çox böyük investisiyalar yatırılıb. Artım da kifayət qədər ciddidir. Nəqliyyat-logistika sahəsi. Azərbaycan ərazisində bütün nəqliyyat-kommunikasiya layihələri praktiki olaraq başa çatdırılıb. Ölkəmiz Şərq-Qərb nəqliyyat dəhlizində fəal iştirak edir. Bu, “Bir kəmər, bir yol” təşəbbüsü, Şimal-Cənub dəhlizi, həmçinin artıq qeyd etdiyim Şimal-Qərb dəhlizi layihəsidir. Odur ki, nəqliyyat-logistika infrastrukturunun yaradılması başa çatdırılıb və bu gün biz daşımaları artırmaq, Azərbaycanın tranzit imkanlarını genişləndirmək üçün tərəfdaşlarımızla, qonşularımızla işləyirik.
Biz turizmə böyük diqqət yetirirdik və yenə belədir. Bu sektor çox perspektivli idi. Son 4 ildə turistlərin sayı hər il 10 faizdən 24 faizə qədər artıb. Müasir turizm infrastrukturu yaradılıb. Lakin əlbəttə, pandemiya bu sektora çox güclü zərbə oldu. İndi biz daxili turizmin stimullaşdırılması barədə düşünürük. Xüsusən ona görə ki, Azərbaycanın milyonlarla vətəndaşı il ərzində, o cümlədən istirahət üçün ölkədən kənara gedir. Onlar sərhədlərin bağlanmasını nəzərə alaraq yəqin ki, bu il yayda daxili turizmə istiqamətlənəcəklər.
Əlbəttə, informasiya-kommunikasiya texnologiyaları sektorunu da qeyd etməliyəm. Burada da yaxşı təməl yaradılıb. Üç süni peyki olan Azərbaycan artıq kosmik klubun üzvüdür. İKT sektoru çox fəal inkişaf edir və bu sahədə çox ciddi artım var. Ona görə düşünürəm ki, bu istiqamətlər bundan sonra da mühüm rol oynayacaq. Əlbəttə, iqtisadiyyatın qlobal məsələlərinə bir daha qayıdaraq deməliyəm ki, bu, həm yerli, həm də əcnəbi investorlar üçün biznes mühitinin yaxşılaşması və kiçik sahibkarlığa dəstək deməkdir. Biz hazırda bu istiqamətdə böyük addımlar atırıq. Bu, həm məşğulluğu, həm də iqtisadiyyatın şaxələndirilməsini təmin edəcək. İnkişaf etmiş ölkələrin təcrübəsinə əsasən bilirik ki, orada ümumi daxili məhsulun yarıdan çoxu kiçik və orta biznes hesabına formalaşır. Biz də buna çalışmalıyıq.
- İlham Heydər oğlu, bilirsiniz ki, hazırda müzakirə edilən və pandemiya ilə bağlı daha bir məsələ beynəlxalq təşkilatların effektivliyi məsələsidir. Siz Qoşulmama Hərəkatının pandemiyaya həsr edilmiş tarixi Zirvə görüşünün uğurla keçməsindən danışdınız. Lakin indi bəzi siyasətçilər Birləşmiş Millətlər Təşkilatının ünvanına çoxlu tənqidi sözlər söyləyirlər. BMT-nin təsisatı olan Ümumdünya Səhiyyə Təşkilatı ciddi tənqidə məruz qalıb. Azərbaycan əksər beynəlxalq təşkilatların inamlı və fəal iştirakçısıdır. O, Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Azərbaycan Müstəqil Dövlətlər Birliyi, ATƏT və digər təşkilatlar sistemində fəal işləyir. Sizin fikrinizcə, əvvələn, beynəlxalq təşkilatların ünvanına bu tənqid nə dərəcədə ədalətlidir, beynəlxalq təşkilatlar bu ümumi bəlaya nə dərəcədə hazır oldular, digər tərəfdən, Siz necə hesab edirsiniz, onların hazır olmaları üçün beynəlxalq təşkilatlarda islahatlar, qarşılıqlı fəaliyyətin hansısa yeni variantları tələb olunurmu? Axı, həmişə nəyisə gözləmək lazım gəlir.
- Bilirsiniz, mənim fikrimcə, bu istiqamətdə əsas amil ayrı-ayrı ölkələrin iradəsidir. Ona görə ki, beynəlxalq təşkilatlar ölkələrdən ibarətdir və ölkələr bu təşkilatlara nümayəndələrini göndərirlər, ölkələr öz mənafelərini bu beynəlxalq təşkilatlar çərçivəsində müdafiə edirlər. Beynəlxalq təşkilatlara rəhbərlik edən insanlar beynəlxalq məmurlardır. Əlbəttə, onlar kiminsə xoşuna gələcək, kiminsə xoşuna gəlməyəcək məsul qərarlar qəbul etməli olanda üzləşdikləri çətinlikləri anlamaq lazımdır. Buna görə onların diplomatiya məharəti də çox cəhətdən bu və ya digər beynəlxalq təşkilatın nüfuzunu müəyyən edir.
Azərbaycana gəldikdə, bizim üzv olduğumuz bütün təşkilatlarda məhz ona görə iştirak edirik ki, bu təşkilatı gücləndirək, çünki biz onun üzvüyük, həmçinin bu təşkilatda fəaliyyətimiz çərçivəsində öz milli maraqlarımızı maksimum təmin edək. Lakin biz, ilk növbədə, üzv ölkələrin daha böyük etimadını qazanmağa çalışırıq və həyata keçirdiyimiz təşəbbüslər buna istiqamətlənib. Məsələn, Qoşulmama Hərəkatının üzvləri olan ölkələrə Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə yardımı göstərmək təşəbbüsü konkret nümunədir.
Təəssüf ki, beynəlxalq təşkilatlarda sözçülük çox geniş yayılıb, özü də ilbəil bir məruzədən digərinə köçürülən və arxasında heç bir əməli iş dayanmayan şablon sözlər. Həm də, əlbəttə, istənilən beynəlxalq təşkilat qüdrətli ölkələrdən, ortabablardan və hələ bir qədər böyüməli olan ölkələrdən ibarətdir. Ona görə burada bütün ölkələrin maraqlarının nəzərə alınması da vacibdir ki, böyük maliyyə, siyasi və digər resursları olmayan ölkələr özlərini aldadılmış, ikinci dərəcəli üzvlər kimi hiss etməsinlər. Buna görə hesab edirəm ki, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı hörmət mühüm prioritetlərdən biridir. Əlbəttə, bütün dünyanı, yaxud Qoşulmama Hərəkatı kimi 120 ölkəni birləşdirən qlobal beynəlxalq təşkilatlar çərçivəsində buna nail olmaq daha yığcam təşkilatlarla müqayisədə çətindir. Lakin hesab edirəm ki, bu, siyasətçilər üçün əsas ruhlandırıcı amil olmalıdır.
Bir də, əlbəttə, beynəlxalq təşkilatın nüfuzu çox cəhətdən onun qəbul etdiyi qərarların yerinə yetirilməsindən asılıdır. Deməliyəm ki, burada da islahatlar üçün yer çoxdur. Hətta BMT Təhlükəsizlik Şurasının neçə illər bundan əvvəl qəbul etdiyi qətnamələr yerinə yetirilmir və Azərbaycan bunu öz timsalında yəqin edib. Otuz ilə yaxındır ki, erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmir və təcavüzkara qarşı, bu qətnamələri pozana qarşı heç bir sanksiya tətbiq edilməyib. Buna görə hökmən cəza mexanizmi olmalıdır. Əgər beynəlxalq təşkilat icrası zəruri olan qərar qəbul edirsə, bu qərar yerinə yetirilməlidir. Qərarı pozan üzv barəsində isə bir neçə mərhələdən ibarət prosedur olmalıdır, lakin bu prosedur yoxdur. Mənim fikrimcə, beynəlxalq təşkilatlara münasibətdə müəyyən ümidsizlik doğuran əsas amillər bunlardır. Sizə səmimi deməliyəm, bəzən beynəlxalq hüquqa zidd olan hərəkətlər müşahidə edirik, bu isə əlbəttə, beynəlxalq təşkilatların nüfuzunu artırmır və ümumiyyətlə müasir dünya nizamını şübhə altına alır. Ona görə ki, beynəlxalq hüquq hər kəs üçün prioritet olmalıdır və ölkələr onların potensialından, imkanlarından asılı olmayaraq beynəlxalq hüquqa hörmət etməyə borcludurlar. Amma biz bəzən beynəlxalq hüququn kobudcasına, nümayişkaranə şəkildə pozulduğunu görəndə sual yaranır: bəs biz nə üçün ona riayət etməliyik? Əgər başqaları onu pozmağı özlərinə rəva görə bilirsə, biz nə üçün poza bilmərik? Mən demirəm ki, biz bu yolla gedirik. Xeyr. Azərbaycan həmişə qanunun aliliyini və beynəlxalq hüququn aliliyini əsas götürür. Lakin haqlı olaraq, bu cür suallar yaranır və əlbəttə, onlara birgə cavablar axtarmaq lazımdır.
- İlham Heydər oğlu, Sizdən praktiki məsləhət istəyirəm. Bilirsiniz, dövlət başçısı kimi sanki mürəkkəb şəraitə düşmüsünüz. Siz, bir tərəfdən, karantinə riayət etməlisiniz və bilirəm ki, bir vətəndaş kimi adi təhlükəsizlik mülahizələrinə əsasən buna riayət edirsiniz. Amma digər tərəfdən televizora baxanda görürük ki, Sizin dövləti fəaliyyətinizin intensivliyi əsla azalmır. Siz bunları əlaqələndirməyə necə nail olursunuz? Digər tərəfdən Siz həmişə fiziki formanızı saxlamağa böyük diqqət yetirirsiniz və yəqin ki, bunu tez-tez edirsiniz. Öz həmvətənlərinizə, bizim televiziya tamaşaçılarına məsləhət verin: karantin şəraitində belə fiziki formanı necə saxlayırsınız?
- Fiziki formanı ev şəraitində də saxlamaq olar. Bu gün bu, artıq heç kəs üçün sirr deyil. İdman zalına getmədən evdə idmanla fəal məşğul olmağın mümkünlüyünü göstərən informasiya resursları çoxdur. Mən ilk gənclik illərimdən bəri idmanla məşğulam və əlbəttə, bütün qaydalara riayət edirəm. Hesab edirəm ki, idmanla məşğul olmaq hər kəsdən ötrü həm sağlamlıq, həm özünəinam, həm də iş qabiliyyəti üçün mühüm amillərdən biridir. Mən gənclərə və orta yaşlı insanlara müraciətlə dəfələrlə demişəm, idmanla məşğul olun. Bəzən bunu çox təkrar edirəm, lakin insanların buna əməl etmələri üçün təkrarlamaq lazımdır. Yadımdadır, biz xəstəxanaların tikintisini genişləndirməyə başlayanda mən dəfələrlə təkrar edirdim ki, hər kəs tibbi müayinədən keçməlidir. Biz bunu – kütləvi pulsuz dispanserizasiyanı həyata keçiririk. Yeri gəlmişkən, bu il pandemiya ucbatından onu keçirmədik. Beş milyondan çox insan öz sağlamlığını yoxlamaq üçün gəlir. İdmanda da belə olmalıdır. Mən deyirəm: idmanla məşğul olun, faydasını görəcəksiniz, sizin fiziki formanızın, əhvalınızın, iş qabiliyyətinizin necə yaxşılaşacağını görəcəksiniz. Buna görə indi mən imkanı olmayanların hamısına məsləhət görürəm: internet resurslarından istifadə edin, orada idmanla evdə məşğul olmaq üçün çoxlu məsləhətlər, çoxlu proqramlar var.
Karantin rejiminə gəldikdə isə, mən prinsip etibarilə intizamlı adamam. Buna görə mənim ictimai tədbirlərimdə ən çoxu 9 nəfər olur. Bizdə on nəfərdən çox adamın bir yerdə toplaşması qadağandır. Lakin mən ehtiyat üçün həmişə deyirəm, 9 nəfərdən çox olmamalıdır. Ən çoxu 10 və ya 9 nəfər. Bir də, əlbəttə, məsafəyə riayət edirəm. İctimai xarakterli tədbirlərdə də, görüşlərdə də belə olub. İlin birinci rübünün yekunlarına həsr olunmuş iclası videokonfrans rejimində keçirdik. Amma deməliyəm ki, bu iclas əvvəl keçirdiklərimizdən o qədər də fərqlənmədi. Mənim tabeliyimdə olan işçilərlə söhbətlərim də videokonfrans formatında keçirilir. Yəni, insan prinsip etibarilə hər şeyə alışır. Buna da vərdiş etmək lazımdır. Amma sualınıza görə sağ olun. Fürsətdən istifadə edib, bir daha hamıya müraciət edirəm: idmanla məşğul olun, özü də müntəzəm surətdə.
- İlham Heydər oğlu, gələcəkdə pandemiyanın başa çatmasından danışarkən Siz, mənim fikrimcə, çox düzgün, dəqiq bir söz işlətdiniz: Qələbə. Yəqin bilirsiniz, bəlkə də görmüsünüz: TASS agentliyinin fotomüxbiri Yevgeni Xaldeyin “Reyxstaq üzərində Qələbə bayrağı” adlı fotoşəkli var. Bizim TASS agentliyi pandemiya üzərində qələbənin rəmzi olacaq gələcək fotoqrafiya üçün ümumdünya müsabiqəsi elan edib. Sizin fikrinizcə, həmin fotoqrafiyada nə ola bilərdi?
-Əlbəttə, çox yaxşı təşəbbüsdür. Buna görə sizə təşəkkür etmək istərdim. Mənim fikrimcə, bu müsabiqə təkcə rəssamların yox, hamının böyük marağına səbəb olacaq. Ona görə ki, bu gün bu mövzu hər kəsi narahat edir və hər kəsi bu xəstəliyə qalib gəlmək istəyi, öz yaxınlarını xəstəliyin ağır fəsadlarından qorumaq istəyi birləşdirir. Buna görə düşünürəm ki, həmin fotoqrafiya və ya simvol bu cür birləşdirici xarakter daşımalıdır. Bir də, şübhəsiz, dünya pandemiyaya qalib gələndə bunun rəmzi insan, onun zəkası olmalıdır. Ona görə ki, vaksin icad ediləndə insanın zəkası bu xəstəliyə qalib gələcək. İnsanın iradəsi. Ona görə ki, çətin dövrdə çox məsələləri məhz iradə qüvvəsi həll edir. Əlbəttə, mərhəmət hissi də. Ona görə ki, vəziyyətin çox mürəkkəb olmasına, çoxsaylı insan tələfatına baxmayaraq, mənim fikrimcə, ictimai şüurda mərhəmət səviyyəsi xeyli yüksəlib, insanlar anlayırlar ki, təbiətin və Allahın qarşısında hamı bərabərdir, hər kəs öz yaxınları qarşısında məsuliyyət göstərməli və özünü ləyaqətlə aparmalıdır. Buna görə mövzular palitrası bir qədər geniş ola bilər, lakin əminəm ki, bu müsabiqə bir simvolika ilə kifayətlənməyəcək. Düşünürəm ki, burada ən yaxşı duyğular, ən yaxşı arzular, insanın və insanlığın ən yaxşı keyfiyyətləri cəmləşməlidir.
- Çox sağ olun, İlham Heydər oğlu. Allahın izni ilə və necə deyərlər, böyük dünya elminin köməyi ilə pandemiya üzərində o qələbə gününə qədər yaşamaq lazımdır. Faşizm üzərində Böyük Qələbə bayramı isə bu günlərdə qeyd ediləcək. Sizinlə bizim söhbətimizi milyonlarla rusiyalı görəcək və düşünürəm ki, bu söhbəti görənlər təkcə rusiyalılar olmayacaq. Sizdən bir xahiş edə bilərəmmi: mayın 9-da Moskvada olsaydınız, deyəcəyiniz sözlərlə müraciət edin.
-Mən bizim hamımızı, veteranları, bugünkü nəsli, gəncləri təbrik etmək istəyirəm. Bu, sovet xalqının qələbəsi, Sovet İttifaqının tarixi əhəmiyyət kəsb edən qələbəsidir. Bu qələbəyə keçmiş Sovet İttifaqının hər bir xalqı dəyərli töhfə verib. Söhbətimizin əvvəlində qeyd etdiyimiz kimi, qəhvəyi taun milyonlarla insanın həyatı bahasına məğlub edilib. Buna görə mən, ilk növbədə, veteranlara dərin hörmətimi, həlak olanların xatirəsinə ehtiramımı bildirirəm. Bu gün biz onların sayəsində yaşayırıq, müstəqil dövlətlərdə yaşayır və öz taleyimizi qururuq.
Əlbəttə, gənc nəslə müraciətlə demək istərdim ki, onlar öz əcdadları kimi fədakarcasına, yüksək vətənpərvərlik hissi ilə yaşamağı, mübarizə aparmağı öyrənsinlər, qəhrəmanlıq göstərsinlər, öz Vətənini müdafiə edərkən canlarını, həyatlarını əsirgəməsinlər. Bu, elə bayramdır ki, biz onu daim qeyd etməliyik. Bu, elə bayramdır ki, bütün mütərəqqi bəşəriyyəti, bütün sülhsevər insanları birləşdirir. Əlbəttə, sizinlə artıq müzakirə etdiyimiz kimi, biz tarixi yenidən yazmaq, Böyük Vətən müharibəsi haqqında həqiqəti təhrif etmək cəhdləri ilə barışmamalıyıq. Buna görə mən bütün veteranlara, bu gün sırada olanların hamısına bu cür arzularla müraciət edirəm, Allah onlara uzun və sağlam ömür versin.
- Hörmətli İlham Heydər oğlu, bu söhbətə görə çox sağ olun. Sizi qarşıdan gələn Qələbə bayramı münasibətilə təbrik edirəm. Sizə arzum budur ki, Azərbaycan Sizin rəhbərliyinizlə bu pandemiya üzərində tezliklə qələbə qazansın. Sizə ən xoş diləklərimizi bildirirəm. Çox sağ olun.
S.Xankişiyeva