Sahibkarlara maliyyə dəstəyi üçün 139 min vergi ödəyicisi müraciət edib
Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi Tədbirlər Planına əsasən, indiyə qədər nazirliyə muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün 27 872 vergi ödəyicisi və maliyyə dəstəyi almaq üçün 111 322 fərdi (mikro) sahibkar, ümumilikdə 139 194 vergi ödəyicisi müraciət edib.
Muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi çərçivəsində 256 873 işçini əhatə edən 27 872 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və ayrılacaq maliyyə vəsaitinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Digər vergi ödəyiciləri üzrə araşdırmalar davam edir. İndiyə qədər təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 94,35 mln manat, o cümlədən 2-ci mərhələ üzrə ödənilməsi nəzərdə tutulan vəsaitin həcmi 47,18 mln manat təşkil edir. Mayın 22-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 23 065 vergi ödəyicisinə 200 917 nəfər muzdlu işçinin əməkhaqqı üzrə 75,34 mln manat vəsaitin köçürülməsini təmin edib.
Fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 111 322 sahibkarın müraciəti araşdırılaraq təsdiqlənib və maliyyə dəstəyinin bank hesablarına köçürülməsi üçün Maliyyə Nazirliyinə təqdim edilib. Təsdiq edilmiş müraciətlər üzrə maliyyə dəstəyinin həcmi 59,72 mln manat təşkil edir. Mayın 22-nə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi 57,47 mln manat vəsaitin 99 008 fərdi (mikro) sahibkarın bank hesablarına köçürülməsini təmin edib.
S.Xankişiyeva