Prezident İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir
Moldova Respublikasının Prezidenti İqor Dodondan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycanın milli bayramı – Respublika Günü ilə əlaqədar ən səmimi təbriklərimi və ən gözəl arzularımı qəbul edin.
Əminəm ki, ölkəniz bundan sonra da səmərəli daxili siyasət apararaq və beynəlxalq arenada öz mövqeyini möhkəmləndirərək mühüm islahatlar və yeniliklər yolu ilə inamla addımlayacaq.
Fürsətdən istifadə edərək, Moldova ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin xalqlarımızın rifahı naminə dostluq, qarşılıqlı anlaşma və konstruktiv əməkdaşlıq ruhunda inkişafı istiqamətində bundan sonra da birgə fəaliyyətə hazır olduğumuzu təsdiqləmək istərdim.
Möhtərəm cənab Prezident, icazə verin, bu əlamətdar gündə Sizə və Sizin simanızda dost Azərbaycan xalqına sülh, tərəqqi və firavanlıq arzulayım".
Digər təbrik məktubu Estoniya Respublikasının Prezidenti Kersti Kalyulayddan gəlib.
"Zati-aliləri.
Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi, tərəqqi və əmin-amanlıq arzularımı çatdırıram.
Mən bizim hamımızın COVID-19 pandemiyası ilə bağlı çağırışlarla üzləşdiyimiz bir vaxtda Azərbaycan xalqına dəstəyimi ifadə etmək istərdim. Pandemiya bir-birimizdən nə dərəcədə asılı olduğumuzu nümayiş etdirir və həll yollarının yalnız yaxın əməkdaşlıq vasitəsilə tapıla biləcəyini göstərir. Ümid edirəm ki, bizim ölkələrimiz ikitərəfli əsasda, habelə BMT kimi beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün birgə fəaliyyət göstərməkdə davam edəcəklər. Həmçinin icazənizlə vurğulayım ki, Estoniya Şərq Tərəfdaşlığının möhkəm tərəfdarıdır və tərəfdarı olaraq qalacaqdır. Estoniya, həmçinin Avropa İttifaqı ilə onun qonşu tərəfdaşları arasında yaxın münasibətləri təşviq etməkdə davam edir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
S.Xankişiyeva