Xorvatiyanın dövlət başçısı Azərbaycan Prezidentini təbrik edib
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Xorvatiya Respublikası Azərbaycan Respublikası ilə dostluq və tərəfdaşlıq əlaqələrini yüksək dəyərləndirir. Bu il bizim dövlətlərimiz üçün çox mühüm ildir. Belə ki, bu il biz diplomatik münasibətlərimizin qurulmasının 25-ci ildönümünü qeyd edirik. Əminəm ki, səmimi münasibətlərimiz və əməkdaşlığımız gələcəkdə də ölkələrimiz arasında qarşılıqlı anlaşmanı və dostluq əlaqələrini gücləndirməkdə davam edəcək.
Hazırkı çətin vaxtda dünya dövlətləri COVID-19 pandemiyası ilə mübarizə aparır və təəssüf ki, bu virus ölkələrimizin heç birindən yan keçmədi.
Mən Sizə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram. Əminəm ki, biz birlikdə virusun yayılmasının qarşısını uğurla alacağıq və ən qısa zamanda vətəndaşlarımızın gündəlik həyatlarına qayıtmasını təmin edəcəyik.
Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".
S.Xankişiyeva