“Çörək uğrunda döyüş” və boş rəflər: Bakı marketləri növbəti qadağa günlərinə necə hazırlaşır?
Demək olar ki, hamımız vətəndaşların ötən həftə sonu tətbiq olunan sərt karantin rejiminə necə hazırlandığının – kimisi başqasının əlindən çörəyi aldığının, kimisi əl arabalarına, bəlkə də xeyriyyə məqsədi ilə yığdığının və ya bir neçə ailə üçün satın aldığının şahidi olduq.
Lakin buna baxmayaraq həmin mənzərə tənqid və hətta lağ obyektinə çevrildi. Və sonra bu çörəklər zibil qutularında idi, bu da olduqca kədərlidir. Həmçinin məhsullarsız, xüsusən də meyvə və tərəvəz olan boş rəfləri də gördük.
Bütün bunlar yalnız 5 iyun, cümə günü – həftə sonu küçəyə çıxmaq qadağasından əvvəl deyil, eyni zamanda bazar ertəsi də, sərt karantin tədbirləri qaldırıldıqdan sonra da boş rəflərlə bağlı şikayətlər oldu. Səbəb kimi – tərəvəz bazalarının karantində olması, nəqliyyatın məhdud olması, bazarların bazar ertəsi səhər açılmadan satın almağa vaxtı olmadığı kimi göstərmək olar.
Məsələ ilə bağlı bir çox kadr və şərhlər vardı ki, bunları yenidən gündəmə gətirmək istəməzdik, yalnız xatırlatma ilə məhdudlaşaraq, etika və əxlaq məsələlərini bir kənara qoyub, məsələnin texniki və praktiki tərəfinə keçək. Niyə bu problemlər yarandı və iri marketlər növbəti qadağadan əvvəl və sonra məhsul çatışmazlığını minimuma endirmək üçün işlərini necə planlaşdırıblar?
Bildiyiniz kimi, bu həftə sonu yenidən karantin rejiminin sərtləşdirilməsi qərara alındı. Qadağa 14 iyun 2020-ci il saat 00:00-dan 16 iyun 2020-ci il saat 06:00-a qədər qüvvədə olacaq.
Elə mağazalın özündə vətəndaşları maraqlandıran suallara cavab tapmaq qərarına gəldik.
“Bizim Market” supermarketlər şəbəkəsinin marketinq direktoru Pərviz Əzimov istifadəçilər tərəfindən yayılan foto və video-kadrların həqiqət olduğunu söylədi:
“Mövcud vəziyyətin səbəbi yalnız obyektlərin bağlanması deyil, həm də şənbə və bazar günləri hərəkətin tamamilə məhdud olması, bölgələrdən və istixanalardan hər gün təzə məhsulların gəlməsi oldu – çünki onları “meyvə bazarı”nda alırıq və mağazalarımıza gətiririk. Çox nadir hallarda, 2-3 gün ərzində tərəvəz ehtiyatlarımızı saxlaya bilərik, bu, məsələn kartof və soğan kimi məhsullara aiddir, çünki digər tərəvəz, meyvə və ya göyərti səhərədək təravətini saxlaya bilməz. Bu vəziyyətdə alıcılardan şikayətlər gəlir, buna görə də həmin məhsulları gündəlik alırıq.
“Eyni səbəbdən karantin tədbirlərindən sonra da problemlər meydana çıxdı – vitrinlərdə, xüsusən də meyvə və tərəvəzlə bağlı çatışmazlıq problemi oldu. Eyni gündə məhsulları almağa çalışdıq – işçilərimiz hər gün səhər saat 5-də "meyvə bazarı"na gedir, bizimlə daim əməkdaşlıq edən bir neçə şirkət var, lakin karantindən sonrakı gün problemlər yenə də oldu.
Növbəti karantinə gəlincə, ehtiyat üçün bir neçə məhsulu saxlamağa nə qədər çalışsaq da, bəzi məhsullar, hətta soyuducuda saxlanılsa da, təravətini itirir və buna görə də biz onları sadəcə hər gün almalıyıq. Bu anda ehtiyatlarımızı artırmağa çalışırıq, soyuducuların işini planlaşdırırıq, amma məhsulun təravətinə dair yuxarıda göstərilən tələblərə görə problemi yenidən necə həll edəcəyimizə əmin deyilik.
Digər məhsullara gəldikdə, onlara da tələbat yüksək idi və kəskin olmasa da, qismən çatışmazlıq var idi. Bununla yanaşı, gələcəkdə bunları ehtiyat üçün yığmağa çalışırıq, çünki tədarük edən şirkətlər iki gün işləməyəcək və mal gətirməyəcəklər, müvafiq olaraq digər ərzaq məhsulları, xüsusilə də quru qida məhsulları, kifayət qədər alacağıq və bu dəfə də onlarla problem olmayacaq” – P.Əzimov qeyd edib.
BRAVO supermarketlər şəbəkəsindən bildirdilər ki, məlum olduğu kimi, COVID-19 virusu və yeni infeksiyaların yayılmasının qarşısını almaq üçün Azərbaycan hökuməti 14 iyun 00:00-dan etibarən karantin tədbirlərini sərtləşdirmək qərarına gəldi.
“Hazırda BRAVO supermarketlər şəbəkəsi marketlərimizi bu həftə sonu öncəsi lazımi çeşiddə və miqdarda məhsullarla təmin etmək üçün tədarükçülərlə sıx işləyir.
Fürsətdən istifadə edərək əməkdaşlarımıza, tərəfdaşlarımıza və tədarükçülərimizə, eləcə də müştərilərimizə bizə etibar etdiyi və anlayış göstərdiklərinə görə təşəkkür edirik!” – BRAVO-dan bildirilib.
Araz supermarketlər şəbəkəsinin PR meneceri Billura Əmirova qeyd etdi ki, Nazirlər Kabinetinin Operativ Qərargahının həftə sonları sərt karantin rejiminin tətbiq edilməsi barədə qərarından sonra Araz supermarketlər şəbəkəsi gücləndirilmiş iş rejiminə keçib:
“Çörəyə olan tələbatı nəzərə alaraq sifarişlərin sayı gündəlik sifarişdən bir neçə dəfə çox oldu. Müştərilərimizin ehtiyaclarını ödəməyə çalışsaq da, bəzi mağazalarda cümə axşamı çörək yox idi və bazar ertəsi çörək bişirən sexlərin gecə işləmədiyi və yalnız səhər işə başladığı üçün bəzi rəflər boş idi.
Vəziyyət şəhərin bütün mağazalarında eyni idi. İkinci gün, günün birinci yarısından etibarən, rəflərdə, əvvəlki kimi, çörək var idi. Vəziyyəti nəzərə alaraq və keçən həftənin təcrübəsinə əsaslanaraq, bu həftə sonu hazırlıqlarına artıq başlanıldı. Çörək, un, ət, toyuq, yumurta, meyvə və tərəvəz, kolbasa və süd məhsulları keçən həftə sonları ilə müqayisədə bir neçə dəfə çox sifariş ediləcək”, - deyə o, bildirdi.
Bazarstore supermarketlər şəbəkəsinin PR və marketinq şöbəsinin müdiri Mahir Həsənov, həftə sonu ilə əlaqədar verilmiş qərar, 4 iyun, cümə axşamı günü olduğundan və supermarketlər şəbəkəsinin təşkili və hazırlanması üçün vaxtın olmadığını söylədi:
“Buna baxmayaraq, hər kəs rahatlıqla alış-veriş edə bilsin deyə, bir neçə mağazamız 5 iyun 24 saat açıq idi. Düz qeyd edirsiniz, bu bazar ertəsi, 8 iyunda meyvə və tərəvəz olan rəflərdə məhsul qıtlığı var idi. Bu dəfə daha hazırlıqlı olacağıq, çünki bu həftə əvvəlcədən qərar verildi və müştərilər meyvə və tərəvəzin çox hissəsini səhər, sərt karantindən sonrakı gün, yəni çərşənbə axşamı və günortadan sonra qalanını ala biləcəklər”, - deyə o, qeyd etdi.
“Ümumi məlumat üçün qeyd edim ki, pandemiyanın ilk günlərindən Operativ Qərargahın bütün tələblərinə – girişdə əllərin dezinfeksiya edilməsinə, sosial məsafəni qorumaq üçün döşəmədəki xüsusi stikerlərə və s. əməl edilir”, – deyə Həsənov yekunlaşdırdı.
Gördüyünüz kimi, bəzi məhsulların tədarükündə problemlər olduqca obyektiv səbəblərdən yaranıb və yerli supermarketlər bu dəfə onları minimuma endirməyə çalışacaqlar.
Karantin rejiminin sərtləşdirilməsi üçün məcburi tədbirləri başa düşməyinizi, mağazalarda lazımi məhsulların lazımi miqdarda alınmasını, sonra onları zibil qutusuna atmamağınızı məsləhət görərdim... Alış-verişi sonuncu günə saxlamayın, marketlərə lazımi məhsulların siyahısını yazaraq gedin, əgər işləmirsinizsə və ya boş vaxtınız varsa, mağazaya pik saatlarda getməyin; marketə azyaşlı uşaqlarla getməməyə üstünlük verin; kassaların qarşısında sosial məsafəyə riayət edin.
Unutmayın ki, koronavirusdan qorunmaq üçün sadə qaydalara əməl etmək kifayətdir – ictimai yerlərdə tibbi maskadan istifadə edin, sosial məsafəni saxlayın və şəxsi gigiyenaya riayət edin.
Özünüzdən və yaxınlarınızdan muğayat olun!
Tərcümə: S.Xankişiyeva