Tədbir görülməlidir ki, insanların polisə olan inamı, etibarı itməsin - Diqqət Mərkəzi - YEKUN - VİDEO

Ötən gün İTV-də yayımlanan Diqqət Mərkəzi – Yekun verilişində iki günlük sərt karantin rejimində yaşananlar müzakirə olunub.
1news.az xəbər verir ki, verilişin qonaqları Milli Məclisin deputatları Erkin Qədirli, Nigar Apradarai, “Yeni Nəsil” jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev, Strateq.az saytının təsisçisi və baş redaktoru Elxan Şükürlü, Demokratiya və İnsan hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə, 1news.az saytnın baş redaktoru, Mətbuat Şurasının üzvü Rəhman Hacıyev olub.
Verilişin qonaqları qonaqları polis-vətəndaş münasibətləri ilə bağlı fikirlərini irəli sürüblər.
Deputat Erkin Qədirli deyib ki, heç bir ölkə hazırkı vəziyyətə hazır olmayıb.
“Ona görə hər ölkə öz imkanlarına uyğun addım atmağa çalışıb. Fövqəladə vəziyyət tətbiq edən ölkələr olub, fövqəladə vəziyyət tətbiq etmədən məhdudiyyət tətbiq edən ölkələr olub, küçəyə ordu yeridən, hətta daxili konstitusisyon qaydaları pozaraq qadağalar tətbiq edən, hətta tibbi inkifaş edən ölkələrdən də hazır olmayanları olub. Bütün bunlarla müqayisə etsək Azərbaycan yəqin ki, çeşidli səbəblərdən az itki ilə çıxmış kimi görsənir. Burada böyük məsuliyyət ilk növbədə həkimlərin üzərinə düşür, böyük təşəkkür payı da onlara addir. Eyni zamanda polisin də işi çox gərgindir, Daxili Qoşunların şəxsi heyəti də işə cəlb olunub. Ümumən götürsək vətəndaşlarla intizamlı davranır”.
“Yeni Nəsil” jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev bildirib ki, çox mürəkkəb situasiyadır.
“Bu tək polis üçün deyil, əhali üçün də mürəkkəb situasiyadır. Təsəvvür etmək lazımdır ki,bu vəziyyət iqtisadi böhrandan əlavə sosial böhran da yaradır. Bu aralar bizim informasiya vasitələri yaxşı işləsə də hər halda informasiyanın qıtlığı, feyk xəbərlərin çaşdırıcı bir mühit yaratdığı görsənir. Çətin bir prosesdi. Bu baxımdan koronavirusla mübarizə ağırlığını öz üzərinə götürmüş bütün təbəqələrə minnətdarıq”.
Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, bütün situasiyalarda polis lazım olmadığı halda həddən artıq gücün tətbiqinə ehtiyac duymaz.
“Bunu nümayiş etdirmək əks-reaksiya verir. Eyni zamanda düşünürəm ki, polis vətəndaşın mənzil toxunulmazlıq hüququna hötmətlə yanaşmalıdır. Bu, vətəndaşa verilmiş konstitusisyon hüquqdu. Amma biz bir hadisənin izi ilə gedib bir fikir formalaşdırmaq da haqlı deyilik. Pandemiya elan olunandan bu günə Azərbaycan polisi təkcə ictimai asayişi deyil, Azərbaycan vətəndaşlarının koronavirusa yoluxmasının qarşısını almaqla məşğuldur. Mən bununla razı deyiləm ki, bir polis əməkdaşının etdiyi qüsura görə, bütün polis əməkdaşları ittiham olunsun”.
Deputat Nigar Arpadarai bildirib ki, hazırda qeyri-adi bir şəraitdir.
“Hazırda hərkəsin əsəbləri tarıma çəkilib. Vəziyyətin belə olması hamıya təsir edir. Vətəndaşlar həyat şəraitlərinin, həyat tərzlərinin dəyişməsindən narazıdılar, bu çox təbii bir haldır. Polislər çox ciddi nəsuliyyətlə işlərini davam etdirirlər, həkimlərimiz COVİD-19-a yoluxanları sağaltmağa çalışırlar. Bu qeyri-adi vəziyyətdir. Düşünürəm ki, belə vəziyyətdə gərginliyin olması normaldır”.
1news.az saytının baş redaktoru Rəhman Hacıyev deyib ki, Qanun alidir, qanuna hamı tabe olmalıdır.
“Nəinki vətəndaşlar, eyni zamanda dövlət qulluqçuları, polis əməkdaşları da qanuna tabe olmalıdır. Çünki vətəndaşın etdiyi hərəkət onun fərdi mövqeyinin göstəricisidir. Ancaq polis əməkdaşı, istənilən dövlət qurumun əməkdaşı hərəkət etdikdə, istənilən söz dedikdə o artıq dövlətin mövqeyi kimi qiymətləndirilir. Dövlət qulluqçusu yadda saxlamılıdır ki, onun hərəkəti, onun sözləri onun öz imicinə deyil, dövlətin imicinə təsir göstərə bilər. Hazırda həqiqətən də çox çətin vəziyyətdir, bunu inkar etmək ağılsızlıqdı. Biz başa düşürük ki, bu qeyri-normal vəziyyətdir. Təəssüflər olsun ki, biz bu balanssız vəziyyətdə bir neçə ay və ya bir ildən çox yaşamalı olacağıq. Biz buna özümüzü hazırlamalıyıq ki, bu tip insidentlər təkrarlanmasın. O ki, qaldı vətəndaşın cənab Prezidentə və birinci vitse-Prezidenətə təşəkkürünə, sözsüz ki, mənim heç bir şübhəm yox idi. “Facebook”da yazırdılar ki, baş verən insident dövlətin vətəndaşlara mövqeyinin və mesajının göstəricisidir, Mən buna heç inanmırdım. Bu insidentdir, insident ani bir şeydi, fors-major kimi bir şeydi. Mən əmin idim ki, müəyyən tədbirlər görüləcək, ölçü götürüləcək. Hazırda da araşdırma davam etdirilir. Bilirik ki, vətəndaşa qarşı nalayiq ifadələr işlədən polis əməkdaşı işdən çıxarılıb. Mənim üçün burada qeyri-adi bir şey yoxdur, belə də olmalı idi. Mən bir media nümayəndəsi kimi hiss edirəm ki, Daxili İşlər Nazirliyi son zamanlar önəmli işlər görürdü. Bu addımlar polisin imicini dəyişmək üçün atılırdı. Ancaq son baş verən hadisələr görülən işləri sual altına qoya bilər. Hesab edirəm ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi tədbir görməlidir ki, adi insanların polisə olan inamı, etibarı itməsin. Bu çox vacibdir, çətin zamanda polisə çox güvənirik. Xırda bir misal gətirim, neçə aydır, şəhər boş olur, insanlar mağazalar, restoranlar bağlı olur, bu ərəfədə mən hansı mağazadan oğurluq olunmasını, şüşələrin qırılmasını və başqa quldurluq halları ilə bağlı məlumat almamışa. Deməli həqiqətən də kimsə təhlükəsizliyimizi təmin edib. Bu təqdirəlayiq olan bir şeydir. Sözsüz ki, neqativ hallar bu kimi böyük işləri kölgəyə atmalı deyil. Ona görə də mənim fikrimcə polis əməkdaşları böyük məsuliyyəti dərk etməlidirlər. Çünki onların hərəkəti yalnız özlərinə aid deyil”.
Verilişi tam olaraq aşağıdakı videodan izləyə bilərsiniz:
Qafar Ağayev