EANA-nın növbəti vebinarında pandemiya zamanı xəbər istehsalının xüsusiyyətlərindən danışılıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

EANA-nın növbəti vebinarında pandemiya zamanı xəbər istehsalının xüsusiyyətlərindən danışılıb - FOTO

21:18 - 24 / 07 / 2020
EANA-nın növbəti vebinarında pandemiya zamanı xəbər istehsalının xüsusiyyətlərindən danışılıb - FOTO

İnformasiya agentlikləri pandemiya dövründə xəbər istehsalını yeni müstəviyə keçirdilər. Çox vaxt diqqət etmədiyimiz imkanlar mürəkkəb epidemioloji vəziyyətdə işimizin irəli getməsinə şərait yaratdı.

Bu fikirləri İtaliyanın ANSA xəbər agentliyinin prezidenti Stefani de Alessandri Avropa Xəbər Agentlikləri Alyansının (EANA) növbəti vebinarında səsləndirib.

İtaliyada pandemiyanın pik vaxtında ANSA-nın fəaliyyətindən danışan Stefani de Alessandri məqsədlərinin, ilk növbədə, əməkdaşları yoluxmadan qorumaq və iş dinamikasını saxlamaq olduğunu deyib. “Yoluxmaların geniş yayıldığı vaxtlarda ANSA əsasən onlayn işlədi. Buna baxmayaraq, biz abunəçilərə xəbərlərin çatdırılmasını dayandırmadıq. Hətta gəlirlərimiz çoxaldı”, - deyə o qeyd edib.

Stefani de Alessandri, həmçinin ANSA-nın feyk xəbərlərlə mübarizəsindən, video və fotoxəbərə tələbatın artmasından danışıb, agentliyin böhran vəziyyətində idarəçilik təcrübəsini bölüşüb.

Onlayn görüşdə AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov, Almaniyanın DPA agentliyinin baş icraçı direktoru, EANA-nın prezidenti Piter Kropş, EANA-nın baş katibi Aleksandr Giboi, Fransanın France Press agentliyinin prezidenti Fabris Fris, İspaniyanın EFE agentliyinin baş direktoru Qabriela Kanas, Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman, həmçinin Türkiyənin Anadolu, Ukraynanın Ukrinform agentliklərinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Avropa Xəbər Agentlikləri Alyansı 1956-cı ildə Strasburqda təsis olunub. Dünya informasiya siyasətinə mühüm təsir imkanlarına malik bu media təşkilatı öz sıralarında Avropanın 32 aparıcı xəbər agentliyini birləşdirir. 2008-ci ildən EANA-nın üzvü olan AZƏRTAC təşkilatın fəaliyyətində yaxından iştirak edir.

Paylaş:
730

Son xəbərlər

Bütün xəbərlər