Pentaqon ABŞ-ın Əfqanıstandakı kontingentinin azaldılması üzrə planları təsdiqləməyib
ABŞ Müdafiə Nazirliyi Əfqanıstandakı sülh danışıqlarının uğurlu bitəcəyinə və Ağ Evin təlimatlarına uyğun olaraq İslam Respublikasında yerləşdirilmiş NATO qoşunlarının çıxarılmasına imkan verəcək şərtlərin yerinə yetiriləcəyinə ümid edir.
1news.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlər üçün keçirilən brifinq zamanı Pentaqonun rəsmi nümayəndəsi Conatan Hoffman deyib.
C.Hoffman prezident Donald Trampın noyabrın 3-də ABŞ-da keçiriləcək prezident seçkilərinə qədər bir neçə min ABŞ hərbçisinin Əfqanıstandan çıxarılması barədə sözlərini təsdiqləməyib: "Mən daha əvvəl imzalanan fərman və sərəncamları müzakirə etmək niyyətində deyiləm".
Xatırladaq ki, daha əvvəl prezident Donald Tramp bildirib ki, ölkəsi yaxın zamanda Əfqanıstandakı ABŞ hərbçilərinin sayını 4 minə qədər azaltmaq niyyətindədir. O vurğulayıb ki, ABŞ-da keçiriləcək prezident seçkiləri günü Əfqanıstanda, yəqin ki, 4-5 min ABŞ hərbçisi qalacaq.
1news.az