Prezident daşınmaz əmlakın dövlət reysteri ilə bağlı tapşırıq verdi
Prezident İlham Əliyev “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu”nun təsdiq edilməsi və “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
1news.az-ın Dövlət başçısının rəsmi saytına istinadən məlumatına görə, Fərmana əsasən, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış”ın məzmunu” təsdiq edilib.
Fərmanda qeyd olunur ki, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 709; 2017, № 3, maddə 371; 2018, № 1, maddə 49, № 2, maddə 204; 2019, № 4, maddə 618) aşağıdakı dəyişikliklər edilsin:
- adından “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın və” sözləri çıxarılsın və adında “təsvirlərinin” sözü “təsvirinin” sözü ilə əvəz edilsin;
- 1-ci hissə ləğv edilsin.
Nazirlər Kabinetinə tapşırılıb ki, daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq “Elektron hökumət” İnformasiya Sistemində (bundan sonra – informasiya sistemi) yerləşdirildikdən sonra elektron çıxarışın məzmununda hər hansı dəyişiklik edilərkən, həmin informasiya sistemində ilk dəfə yerləşdirilən elektron çıxarışda edilmiş dəyişikliklərin ardıcıllığını və məzmununu hüquq sahibinin elektron qaydada müşahidə etməsi imkanının yaradılması üçün üç ay müddətində zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, Fərmandan irəli gələn digər məsələləri həll etsin.
İqtisadiyyat Nazirliyinə isə daşınmaz əmlakın dövlət reyestrindən kağızda verilmiş çıxarışların elektron formada tərtib edilməsini və həmin nazirlik yanında Əmlak Məsələləri Dövlət Xidmətinin vəzifəli şəxslərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənməklə informasiya sistemində yerləşdirilməsini 2022-ci il yanvarın 1-dək təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, daşınmaz əmlakın dövlət reyestrindən kağızda verilmiş çıxarış bu Fərmanın 4.1-ci bəndi icra olunanadək itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə, hüquq sahibinin ərizəsi əsasında çıxarışın elektron formada tərtib edilərək informasiya sistemində yerləşdirilməsi və hüquq sahibinin həmin çıxarışı elektron üsulla real vaxt rejimində əldə etməsi imkanının yaradılması üçün tədbirlər görmək, Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
1news.az