Separatçıların Sərsəng su anbarı ilə bağlı planları ekoloji faciə ilə nəticələnə bilər | 1news.az | Xəbərlər
Siyasət

Separatçıların Sərsəng su anbarı ilə bağlı planları ekoloji faciə ilə nəticələnə bilər

14:24 - 21 / 08 / 2020
Separatçıların Sərsəng su anbarı ilə bağlı planları ekoloji faciə ilə nəticələnə bilər

Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış və özünü müstəqil elan etmiş qurumun rəhbəri Araik Arutunyanın bəyanatları onun siyasi savadsızlığından və uğursuzluğundan xəbər verir.

Bu barədə 1news.az-a “Cənubi Qafqaz” politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə, Xankəndinin “atəşə tutulacağı təqdirdə, mümkün cavab tədbirləri” barədə Arutunyanın fikirlərini şərh edərkən bildirib.

“Əgər Stapenakartə bir mərmi və ya bomba atmağa cəhd etsəniz, cavabını Kirovabadda (Gəncə şəhəri - 1news.az) alarsınız”, - deyə erməni mətbuatı Arutunyanın sözlərindən sitat gətirib.

“Araik Arutunyan harada eşidib ki, Azərbaycan rəsmiləri, ölkənin siyasi və hərbi rəhbərliyi Xankəndinin bombalanması barədə bəyanat səsləndirsin?”, - İlqar Vəlizadə sual verir. “Azərbaycan tərəfi heç vaxt bu cür bəyanatlarla çıxış etməyib, hər zaman erməni ictimaiyyətinin və beynəlxalq ictimaiyyətin diqqətini ona yönəldib ki, Azərbaycan üçün əsas olan işğalı və ona şərait yaradan səbəbləri aradan qaldırmaq, Ermənistanın işğalçı qüvvələrini işğal edilmiş ərazilərdən - Dağlıq Qarabağ və ona bitişik rayonlardan çıxmağa məcbur etməkdir”.

Azərbaycanlı ekspert əmindir ki, bizim üçün əsas təhlükə mənbəyi Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan ordusudur: “Müvafiq olaraq, Ermənistanın işğalçı hərbi hissələrinin Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı planlar qurulur. Əsas təhlükə mənbəyi onlardır, bu səbəbdən, Azərbaycan tərəfinin, Azərbaycan Silahlı Qüvvələrinin görəcəyi tədbirlər məhz onlara qarşı yönələcəkdir”.

İlqar Vəlizadə vurğulayıb ki, Azərbaycan dinc əhali ilə müharibə etmək niyyətində deyil. “Bundan başqa, Azərbaycan Ermənistan tərəfini ağılla davranmağa və mülki əhalinin həyatını riskə atmamağa, dinc şəkildə işğal edilmiş ərazilərimizdən çıxmağa çağırır”, - o qeyd edib”.

Arutunyanın xəstə, məntiqsiz və erməni tərəfinin öz təxribatçı siyasətindən əl çəkmədiyindən xəbər verən, həm öz ictimaiyyətini, həm də beynəlxalq ictimaiyyəti azdırmağa yönəlmiş bəyanatlarını isə, politoloq, onun təxəyyülünün məhsulu kimi qiymətləndirir.

“Arutunyanın hədələri”nə münasibət bildirən ekspert onun, böyük ehtimalla, mənəvi olaraq, sovet dövründə ilişib qaldığına diqqəti yönəldib: “Gəncəyə artıq çoxdan öz tarixi adı qaytarılıb və artıq 30 ildən çoxdur ki, “Kirovabad” adlı şəhər yoxdur, necə ki, heç bir “Stepanakert” də yoxdur, əvəzində isə, Xankəndi var”.

“Görünür, Arutunyan və işğalçı rejimin digər rəhbərləri hansısa virtual reallıqda yaşayırlar, bu səbəbdən, onların digər məntiqsiz bəyanatları da qəribə səslənmir”, -  İlqar Vəlizadə bildirib.

Arutunyanın, işğal edilmiş Azərbaycan ərazilərində yerləşən Sərsəng su anbarının “suyunun məcrasınınm dəyişdirilməsi ilə bağlı proqrama” start verilməsi haqqında bəyanatını da ekspert bu cür qiymətləndirir.

“Cənab Arutunyana xatırlatmaq istərdim ki, azərbaycanlı mühəndislər tərəfindən layihələndirilmiş Sərsəng su qovşağının tikintisi ötən əsrin 60-cı illərində başlanıb və 70-ci illərinin əvvəllərində tamamlanmışdır. Su anbarının açılış mərasimində Sovet Azərbaycanının rəhbəri, Ümummilli lider Heydər Əliyev də iştirak etmiş və öz giriş nitqində bildirmişdir ki, bu su qovşağı həm Dağlıq Qarabağda, həm də ona bitişik rayonlarda sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına xidmət edəcək və kənd təsərrüfatının inkişafına təkan verəcəkdir. Məhz belə də oldu.

Azərbaycan rəhbərliyi hər zaman bu diyarın inkişafına böyük diqqət ayırıb, orada daim yeni obyektlər tikilib. Bunu ona görə deyirəm ki, erməni tərəfi daim Azərbaycan rəhbərliyinin Dağlıq Qarabağa diqqət ayırmadığını iddia edir. Bu da sizin üçün erməni rəhbərliyinin bu məsələyə yalançı yanaşmasının, ondan öz xeyri üçün istifadə etməsinin sübutu”, - İlqar Vəlizadə vurğulayıb.

Sərsəng su anbarı böyük vəsait tələb edən çox mürəkkəb hidrotexniki tikilidir. Həmin vaxt Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə bu diyarın inkişaf etdirilməsi üçün həmin vəsait ayrılmışdı, deyə politoloq bildirib. Onun fikrincə, bu addım erməni tərəfinin Dağlıq Qarabağı işğal etməkdən əlavə, qanunsuz olaraq, onun infrastruktur obyektlərindən də istifadə etdiyindən xəbər verir: “Təəsüf ki, hazırda vəziyyət bir qədər fərqlidir və bu hal göstərir ki, erməni tərəfi nəinki o vaxtkı Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə sovet illərində həmin regionda əsası qoyulmuş potensialı dəyərləndirmir, hətta onu dağıtmaqla məşğul olur”.

İlqar Vəlizadənin fikrincə, Arutunyanın haqqıda danışdığı “layihə” Sərsəng su qovşağının istismarı baxımından çox zərərlidir.

“Məsələ burasındadır ki, bu su anbarı elektrik enerjisinin hasil edilməsi məqsədilə tikilmişdir. Digər tərəfdən, regionda, kənd təsərrüfatı ərazilərinin, həmin vaxt faktiki olaraq, xam torpaqların suvarılması üçün yaradılmış suvarma kanalları şəbəkəsi Aran Qarabağda minlərlə hektar torpağdan istifadə etməyə imkan yaratmışdır.

Bu hidrotexniki kanallar sistemi su anbarında suyun səviyyəsini tənzimləməyə imkan verir, daşqınlar, mövsümi yağışlar zamanı anbarda çoxlu su olduqda, artıq suyu kənara ötürməyə şərait yaradırdı. Həmin artıq su, haqqında danışdığım kanallar sistemi vasitəsilə paylanır və böyük əraziləri suvarmağa, Azərbaycanın şəhər və rayonlarını kənd təsərrüfatı bitkiləri ilə təmin etməyə və onları respublika xaricinə çıxarmağa imkan verirdi”, - ekspert xatırladıb.

Ermənistan Azərbaycan torpaqlarını işğal etdikdən sonra həmin supaylayıcı stansiya Azərbaycan tərəfinin nəzarət etdiyi ərazidə, su anbarı və generatorlar daxil olmaqla, Sərsəng su qovşağı isə, işğalçı erməni qüvvələrinin nəzarət etdiyi ərazidə qalıb.

“Arutunyanın da təmsil etdiyi işğalçı qurum və onun əvvəlki rəhbərləri bu su qovşağından son dərəcə  təsərrüfatsızcasına istifadə ediblər. İşğalçı rəhbərliyin ziyanvericilik siyasəti Sərsəng su anbarından təyinatı üzrə, texniki-iqtisadi normalara uyğun olaraq, istifadə etməyə imkan vermir.

Su anbarında toplanmış artıq su sadəcə Tərtər çayına axıdılırdı, nəticədə çay öz məcrasından çıxaraq Aran ərazidə böyük əraziləri su altında qoyurdu ki, nəticədə dinc azərbaycanlı sakinlər zərər çəkirdilər.

Bu təcrübə, təəssüf ki, hazırda da davam etdirilir. Bəs bu daha nəyə gətirib çıxardı? Ona gətirib çıxardı ki, artıq su bəndin özünə də təzyiq göstərməyə başladı və nəticədə, bənd hazırda son dərəcədə köhnəlmiş və acınacaqlı vəziyyətə düşmüşdür”, - İlqar Vəlizadə deyib.

O, Azərbaycan tərəfinin dəfələrlə bu hidrotexniki qurğuda dəqiq təhlilin aparılmasına ehtiyac olduğuna diqqəti yönəltdiyini xatırladıb. “Çünki, qəza baş verəcəyi təqdirdə, su, ilk növbədə, Aran Qarabağa axacaq ki, nəticədə Azərbaycanın yaşayış məntəqələri ciddi zərər çəkəcəkdir. Yeri gəlmişkən, Tərtərə bitişik ərazilərdə yaşayan erməni sakinlər də ciddi zərər görəcəklər”.

“Lakin erməni rəhbərliyinin bu məsələ ilə bağlı öz təsəvvürləri var, onlar Azərbaycanın təklifləri ilə razılaşmayıb, indi də razılaşmır. Bəs onlar özləri hansı qərara gəldilər? Ermənistanın nəzarətində olan ərazidə kanallar sistemi tikmək.

Lakin azərbaycanlı hidrotexniklərin hesablamalarına görə, 60-cı illərdə Aran Qarabağda qurulmuş kanalların ötürücülük qabiliyyəti konkret olaraq, Sərsəng su anbarının su həcminə uyğun hesablanmışdı. Erməni tərəfinin “layihəsinin” bu obyektin hidrotexniki xüsusiyyətlərinə nə dərəcədə cavab verməsi isə, böyük bir sualdır.

Sərsəng su anbarı ilə bağlı bütün texniki xüsusiyyətlər və sənədlər Azərbaycandadır. İlkin olaraq bu texniki sənədlərdən istifadə etmədən hidroqovşağı düzgün şəkildə istismar etmək və suvarma kanalları sistemi yaratmaq çox çətindir. Bu, mürəkkəb hidrotexniki sistemin fəaliyyət göstərməsi üçün əlavə risklər yarada bilər və vəd olunun “bəhər” əvəzinə erməni tərəfi və təbii ki, Azərbaycan əlavə başağrısı ilə üzləşəcəklər – unikal qurğu acınacaqlı vəziyyətə düşəcək”, - Ilqar Vəlizadə bildirib.

“Təbii ki, Xankəndidə hakimiyyətdə olan şəxslərin (son bəyanatlarına nəzər salsaq, elə həmin Arutunyanın da xüsusi peşəkarlığı ilə seçilmədiyini görmək olar) Sərsəng su anbarı kimi mürəkkəb qurğulara qeyri-peşəkar yanaşması mənfi fəsadlara yol aça bilər

Onların anons etdikləri “layihələr” regionumuz və onun sakinləri üçün böyük texnogen və ekoloji təhlükə törədir: “Bu səbəbdən, hesab edirəm ki, beynəlxalq strukturlar onların bu “layihələrinə” qiymət verməlidirlər. Təəssüf ki, yaranmış vəziyyət səbəbindən Azərbaycan bu prosesə mane ola bilmir”.

Bu nöqteyi-nəzərindən İlqar Vəlizadə AŞPA-nın 2016-cı ildə “Azərbaycanın sərhəd rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi” haqqında qətnamə qəbul etdiyini xatırladıb. Bu qətnamədə Ermənistan tərəfinin Dağlıq Qarabağ münaqişəsi zonasında sudan istifadə praktikası pislənir.   

“AŞPA, işğalçı qüvvələrin əlində qalmış su resurslarına münasibətdə Ermənistanın monopoliyasının və bu resurslardan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edilməsinin yolverilməz olduğunu hesab etmişdir.

Sərsəng su anbarının suyu artıq mövcud olan suvarma kanalları vasitəsilə axmalıdır. Sərsəngdən hər hansı başqa istifadə variantı ekoloji normaları pozmuş olur.

Erməni tərəfi, Dağlıq Qarabağdakı su resurslarından Azərbaycana qarşı siyasi alət kimi istifadə edilməsinin və siyasi səbəblərə görə, regionda yaşayan sakinlərin su resurslarından istifadə etmək hüququndan məhrum edilməsinin yolverilməzliyi ilə bağlı AŞPA-nın qətnaməsinin tələblərini də kobudcasına pozur.

Bu çox vacibdir və hesab edirəm ki, əgər ermənilər öz “layihələrini” həyata keçirməyə başlasalar, Azərbaycan bu məsələni yenidən beynəlxalq strukturlar qarşısında qaldırmalı və onun icrasına mane olmalıdır”, - deyə İlqar Vəlizadə fikrini tamamlayıb.

F.Bağırova

Paylaş:
1128

Son xəbərlər

Bütün xəbərlər