“Bakı Forumu miqyası, innovativ formatı və güclü fəaliyyət çağırışları ilə yadda qalacaq” - Anar Quliyev | 1news.az | Xəbərlər
Siyasət

“Bakı Forumu miqyası, innovativ formatı və güclü fəaliyyət çağırışları ilə yadda qalacaq” - Anar Quliyev

Faiqə Məmmədova16:09 - Bu gün
“Bakı Forumu miqyası, innovativ formatı və güclü fəaliyyət çağırışları ilə yadda qalacaq” - Anar Quliyev

“Forumun təşkilinə və uğuruna böyük töhfə verən, dostluq, birlik və ortaq məqsəd ruhu yaradan hər kəsə dərin minnətdarlığımızı bildiririk”.

1news.az-ın müxbiri xəbər verir ki, bunu Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üzrə Milli koordinatoru Anar Quliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) bağlanış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, “Məqsədlərə çatmaq üçün mənzil təminatı: daha təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” şüarı altında keçirilən WUF13 şəhərlərin və icmaların gələcəyinə dair dialoq, tərəfdaşlıq və ortaq baxışın formalaşdırılması üçün həqiqətən qlobal platformaya çevrilib.

“WUF13 mənzil məsələsini qlobal şəhər gündəliyinin mərkəzinə çıxardı və bir daha təsdiqlədi ki, adekvat, əlçatan, təhlükəsiz və dayanıqlı mənzil təminatı dövrümüzün ən mühüm çağırışlarından biridir”.

A.Quliyev bildirib ki, forum çərçivəsində keçirilən müzakirələr göstərdi ki, mənzil yalnız insanın əsas ehtiyacı deyil, eyni zamanda insan ləyaqətinin, dayanıqlığın, sosial inklüzivliyin, iqtisadi imkanların və uzunmüddətli inkişafın təməlidir.

WUF13 bir daha nümayiş etdirdi ki, qlobal mənzil böhranının həlli effektiv çoxtərəfli yanaşma, daha güclü tərəfdaşlıqlar, innovativ maliyyələşdirmə mexanizmləri və qlobal səviyyədə əlaqələndirilmiş fəaliyyət tələb edir.

“Bu forum yalnız miqyası ilə deyil, həm də innovativ formatı, inklüziv iştirakı və güclü fəaliyyət çağırışları ilə yadda qalacaq.

Forumun əsas hadisələrindən biri dövlət və hökumət başçılarının iştirakı ilə ilk dəfə keçirilən Liderlər Sammiti oldu. Bu təşəbbüs forumun əsas dönüş nöqtələrindən birinə çevrildi.

27 dövlət və hökumət başçısının, yüksəksəviyyəli nazirlərin, beynəlxalq təşkilat rəhbərlərinin və müxtəlif qlobal tərəfdaşların iştirakı tədbirin əhəmiyyətini bir daha nümayiş etdirdi.

Forum çərçivəsində 176 ölkədən 44 mindən çox nümayəndə iştirak edib, tədbirlər isə geniş beynəlxalq auditoriya üçün canlı yayımlanıb”, - deyə o vurğulayıb.

A.Quliyev əlavə edib ki, media nümayəndələri forum müddətində əsasən iqlim, qlobal hazırlıq və tədbir çərçivəsində səsləndirilən müsbət mesajları diqqət mərkəzində saxlayıblar.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər