Amina Mohammed: “WUF13-ün təşkilində göstərilən liderliyə görə Azərbaycan xalqına və hökumətinə ən dərin təşəkkürümü bildirirəm”
“Bu forumun təşkilində göstərilən misilsiz qonaqpərvərlik, səxavət və liderliyə görə Azərbaycan hökumətinə və xalqına ən dərin minnətdarlığımı bildirmək istəyirəm”.
Bu barədə 1news.az-a istinadən bildirilib ki, BMT Baş katibinin birinci müavini Amina Mohammed BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumununun (WUF13) bağlanış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması urbanistika sahəsini qlobal səviyyəyə daşımaq baxımından mühüm addım olub. Bu qərar həm çoxəsrlik ənənələrə ehtiramı, həm də dünyanın qarşısında duran yeni çağırışlara cavab vermək üçün mütərəqqi yanaşmaların tətbiqini əks etdirir.
“Ölkə boyunca biz tikinti, inkişaf, icmaların reinteqrasiyası, infrastrukturun və sülhün bərpası, eləcə də ərazilərin mədəni kimlik, sosial həmrəylik və iqtisadi yüksəliş qazandığı transformasiya proseslərinin şahidi oluruq. Dünyanın ən qədim fasiləsiz yaşayış məskənlərindən biri olan Bakı şəhərində də yenilənmə və dayanıqlılığın nümunəsini gördük. Bu məkan həftə ərzində keçirilən sessiyalar və müzakirələr üçün ən uyğun ünvan oldu. Çünki iqlim dəyişiklikləri və urbanizasiya təzyiqləri dünyada getdikcə daha tez-tez və daha ağır təsirlər yaradır. Son günlər regionda müşahidə olunan güclü yağışlar və fırtınalar bu yeni reallıqlara qarşı dayanıqlılıq, qətiyyət və innovativ yanaşmalar səfərbər etməyin vacibliyini bir daha xatırladır. Təhsil və peşə hazırlığı sahəsində böyük əmək göstərən əməkdaşlara, hökumətə və bütün tərəfdaşlara dərin təşəkkürümü bildirirəm”, - deyə o qeyd edib.
Amina Mohammed bildirib ki, 2026-cı illə bağlı proqnozlar fonunda hər bir investisiya dayanıqlılığın və hazırlığın vaxtında təmin olunmasına yönəlməlidir. Bu isə insanların dolanışıq mənbələrinin qorunması, infrastrukturun möhkəmləndirilməsi və icmaların gələcək fəlakətlər qarşısında təhlükəsizliyinin təmin olunması üçün etibarlı sistemlər tələb edir.
“Bu gün BMT Nizamnaməsinin dəyərləri və prinsipləri sınaq qarşısındadır. Gərginlik artır, etimad təhlükə altındadır, fikir ayrılıqları isə dərinləşir. Lakin bu forum bir daha göstərdi ki, əməkdaşlıq sadəcə əlaqələr qurmaq deyil — o, ən mürəkkəb çağırışlar qarşısında belə real nəticə verir. Hazırda əməkdaşlığın ən güclü formalarından biri yerli və regional səviyyədə formalaşır: bələdiyyələrdə, qonşuluq birliklərində, yerli və regional hakimiyyət orqanları, vətəndaş cəmiyyəti, özəl sektor, gənclər, qadın qrupları və yerli icmalar arasında tərəfdaşlıqlarda”, - deyə o vurğulayıb.
O qeyd edib ki, əsas missiya bu prosesi davam etdirmək, şəhərlərin bu əsrin və bu onilliyin simasını formalaşdırmasına nail olmaq, hər bir insan üçün layiqli yaşayış mühiti yaratmaq və heç kəsi diqqətdən kənarda qoymamaqdır.
“Bizim nəsil bu çağırışla üzləşən ilk nəsil deyil və sonuncu da olmayacaq. Lakin bəlkə də ilk dəfədir ki, bu çağırışa cavab vermək üçün kifayət qədər bilik, alət və tərəfdaşlıqlara sahibik.
Bakıda qazandığınız təcrübəni öz nazirliklərinizə, komandalarınıza, icmalarınıza və ölkələrinizə aparın. Bu qətiyyəti iyul ayında Nyu-Yorkda davam etdirin və şəhərdən-şəhərə irəliləyərək insanların “evim” adlandırdığı hər bir məkanı daha yaxşı edin”, - deyə Amina Mohammed bildirib.












