Anaklaudiya Rossbax: “Azərbaycan dünyaya yalnız qurmaq deyil, yenidən qurmaq, bərpa etmək və ilham vermək bacarığını nümayiş etdirdi” | 1news.az | Xəbərlər
Siyasət

Anaklaudiya Rossbax: “Azərbaycan dünyaya yalnız qurmaq deyil, yenidən qurmaq, bərpa etmək və ilham vermək bacarığını nümayiş etdirdi”

Faiqə Məmmədova16:18 - Bu gün
Anaklaudiya Rossbax: “Azərbaycan dünyaya yalnız qurmaq deyil, yenidən qurmaq, bərpa etmək və ilham vermək bacarığını nümayiş etdirdi”

“Forum mənzil siyasəti, dayanıqlı urbanizasiya və qlobal əməkdaşlıq baxımından mühüm mesajlarla yadda qaldı”.

1news.az-ın müxbiri xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) bağlanış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bakıda keçirilən WUF13 rekord sayda iştirakçını bir araya gətirib. Rossbax bildirib ki, forumda 176 ölkədən 57 min nəfər iştirak edib, onlardan 3 mindən çoxu tədbirə onlayn formatda qoşulub.

Anaklaudiya Rossbax vurğulayıb ki, dünya mənzil təminatı sahəsində həlledici mərhələyə daxil olub və artıq fəaliyyətsizlik üçün vaxt qalmayıb.

“Dünya zahiri və formal vədlərdən sistemli transformasiyaya keçməlidir”, – deyə o bildirib.

UN-Habitat rəhbəri qeyd edib ki, sosial bərabərsizlik, spekulyasiya, zəif idarəetmə, sürətli urbanizasiya, məcburi köç və iqlim böhranının nəticələri səbəbindən bütün dünyada mənzil sistemləri ciddi təzyiq altındadır.

Onun sözlərinə görə, mənzil bazarları insanların ehtiyaclarını qarşılamaqda çətinlik çəkir və nəticədə milyardlarla insan qeyri-adekvat, təhlükəli və əlçatmaz şəraitdə yaşamağa məcbur olur.

Rossbax bildirib ki, forum çərçivəsində dövlət və hökumət başçıları, nazirlər, merlər, yerli və regional hakimiyyət nümayəndələri, vətəndaş cəmiyyəti institutları, özəl sektor və icmalar bir mühüm həqiqət ətrafında birləşiblər: mənzil sadəcə kommersiya obyekti deyil, həm də fundamental insan hüququdur.

O vurğulayıb ki, mənzil insan ləyaqətinin, inklüzivliyin, imkanların və iqlim dayanıqlığının əsasını təşkil edir, eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün əsas alətlərdən biridir.

Çıxışında Anaklaudiya Rossbax gələcək fəaliyyət istiqamətlərinə də toxunub. O bildirib ki, mənzil təminatı yenidən dövlət məsuliyyəti kimi qəbul edilməli, şəhərlər və icmalar gücləndirilməli, məcburi köçürmələr dayandırılmalı, mənzil sektorunun maliyyələşdirilməsi transformasiya olunmalı, qərarların qəbulu prosesləri isə etibarlı məlumat bazasına əsaslanmalıdır.

UN-Habitat-ın icraçı direktoru əlavə edib ki, Bakıda səslənən mesaj olduqca aydındır: qarşıdakı onillik öhdəliklərin sürətlə icrası, genişmiqyaslı fəaliyyət və insanların həyatında ölçülə bilən real nəticələrlə yadda qalmalıdır.

Rossbax çıxışında Azərbaycanın forumun təşkilindəki rolunu xüsusi vurğulayıb. O, tədbirin keçirilməsinə görə Azərbaycan hökumətinə, xüsusilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və Xarici İşlər Nazirliyinə təşəkkür edib.

“Azərbaycan dayanıqlılıq, baxış və müstəsna sadiqlik nümayiş etdirdi. Siz dünyaya yalnız qurmaq deyil, həm də yenidən qurmaq, bərpa etmək və ilham vermək bacarığını göstərdiniz”, – deyə Anaklaudiya Rossbax bildirib.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər