Xaricdən rüsumsuz məhsul gətirməklə bağlı limitdən necə istifadə olunmalıdır? - Sadə İZAH
Avqustun 21-də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2013-cü il 14 oktyabr tarixli 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na dəyişikliklər edilib.
Qərara görə, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar gömrük rüsumunda azaddır.
Həmçinin beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan malların gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmayacaq.
Qərarın bu hissəsi sosial şəbəkərdə geniş müzakirəyə səbəb olunub və tənqid olunur. Belə ki, bir şəxs ay ay ərzində özü ilə 30 gün ərzində gömrük ərazisinə yalnız bir dəfə 800 dollara (İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından)) qədər və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə ümumi gömrük dəyəri 300 ABŞ dollarının (indiyəqədər 1000 dollar idi) ekvivalenti məbləğindən artıq olmayan malların gömrük ərazisinə gətirilməsinə görə gömrük ödənişləri tutulmayacaq.
Yəni məsələn, bir şəxs, 30 gün ərzində özü ilə və beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə 20 dollar məbləğində gətirərsə, həmin 800 dollar və ya 300 dollarlıq limiti bitmiş sayılır, 30 gün ərzində növbəti dəfə məhsul gətirdikdə isə gömrük rüsumu ödəməli olacaq. Bununla da belə anlaşılır ki, 800 dollarlıq və 300 dollarlıq limit, hansı məbləğdə istifadə edilməsindən asılı olmayaraq cəmi bir dəfə üçün nəzərdə tutulub.
Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan Dövlət Gömrük Xidmətinin Mətbuat və ictimaiyyətlə əlaqələr İdarəsinin rəisi Natiq Axundov bu məsələni təstiqləyib.
O, bildirib ki, məbləğindən asılı olmayaraq limitdən 30 gün ərzində yalnız 1 dəfə istifadə etmək olar, 30 gün ərzində növbəti istifadələrdə məhsulun üzərinə gömrük rüsumu da əlavə olunacaq.
Qafar Ağayev