“Caspian Energy Club” Dövlət Xidmətinin rəis müavininin iştirakı ilə ONLAYN B2G FORUM təşkil edib
“Caspian Energy Club”un Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyli ilə birgə təşkil etdiyi ənənəvi Online B2G Forum çərçivəsində COVID-19 koronavirus pandemiyası dövründə yerli və xarici şirkətlərin rəhbər və nümayəndələrinin sual və təklifləri müzakirə olunub.
1news.az xəbər verir ki, bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Məmməd Abbasbəyli 2 saatdan çox davam edən Online B2G Forum iştirakçıların salamlayaraq bildirib ki,- “Bu gün biz iş başında olsaq da, bütün Azərbaycan kimi ürəyimiz Qarabağda qəhrəman əsgərlərimizlə, ordumuzla bir döyünür. Şanlı ordumuz vətənimizin ərazi bütövlüyü uğrunda şərəflə döyüşür, tarix yazır! Hər birimiz cəbhədən gələn qələbə xəbərlərini böyük həyəcanla, sevinclə gözləyirik. Şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralı qardaşlarımıza tezliklə şəfa diləyirəm. Allah ordumuzu bu haqq davasında Müzəffər etsin! Hər birimiz Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyirik. Lakin biz bu gün arxa cəbhədəyik. Ölkəmizin, vətəndaşlarımızın bundan sonrakı rifahi, iqtisadi uğurları üçün çalışmalıyıq. Üzərimizə düşən vəzifələrimizi daha da məsuliyyətlə yerinə yetirməliyik. Odur ki, onlayn foruma qatıldığınız üçün hər birinizə minnətdarlığımı ifadə edərək müzakirəmizə başlamağı təklif edirəm.
Bildiyiniz kimi, iştirakçısı olduğumuz forum İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və CaspianEnergy Club-ın birgə təşkilatçılığı ilə baş tutur. Düşünürəm ki, forumda müxtəlif sahələr üzrə iş adamlarının və müvafiq sahələr üzrə Dövlət Xidmətinin nümayəndələrinin də iştirak etməsi toxunulacaq məsələlər barədə daha effektiv həll yollarının tapılmasına imkan yaradacaq.
Görüşdə bir sıra mövzuların müzakirəsi nəzərə tutulub ki, onların da əsasını istehlakçı hüquqlarının və sahibkarların maraqlarının qorunması məsələsi təşkil edir. Əlbəttə ki, bunun əsas səbəbi bu mövzunun daima aktual olmasıdır. Müzakirə edəcəyimiz məsələlər sırasında - haqsız rəqabət və inhisarçılığın tənzimlənməsi, təbii inhisarçılığa nəzarətin gücləndirilməsi, dövlət satınalmalarında şəffaflğın təmin olunması da yer alır. Daha bir vacib məsələ isə ümumilikdə qeyd olunan sahələrdə elektronlaşmanın təmin edilməsi, mobil tətbiqlərin yaradılmasıdır.
Hörmətli iştirakçılar, qeyd etdiyim məsələlər ətrafında mövcud vəziyyətin və təkliflərin müzakirəsində aktiv iştiraka dəvət edirəm. Düşünürəm ki, təkliflər əsasında verilən qərarlar gözlədiyimiz nəticələrə gətirib çıxaracaq və bu sahələrdə şəffaflığın və səmərəliliyin artmasına töhvə verəcək.”
Daha sonra M.Abbasbeyli Online B2G Forum iştirakçılarının suallarını cavablandırıb və təkliflərini dinləyib.
“Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Məmməd Abbasbəyliyə minnətdarlığını bildirib.
Telman Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birlikdə daimi ikitərəfli işçi qrup yaradılması təklifin irəli sürüb və bildirib ki, ikitərəfli işçi qrup mütəmadi olaraq aktual sual, təklif və problemləri dövlət xidməti ilə müzakirə edməyə və operativ cavab verməyə imkan verir.
Telman Əliyevin sözlərinə görə, sıralarında dünyanın 50 ölkəsindən 5 000 artıq şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”un mənzil-qərargahı Bakıda yerləşir, Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
Tədbirin sonunda Caspian Energy Clubun sədri Telman Əliyev klub üzvlərindən və sahibkarlardan Silahlı Qüvvələrə Yardım Fonduna vəsait keçirərək dəstək olmaqlarını həmçinin şəhid ailələrinə, orduda döyüşən əskər və zabit ailələrinə imkan dairəsində maliyyə dəstəyi görsətməklərini xahiş edib.
Şirkətlərə müraciət edərək T.Əliyev bir daha vurğuladı ki “Bütün xarici partnyor və tərəfdaş şirkətlərin rəhbərləri, hər bir əməkdaşı və nümayyəndəsi Azərbaycanın ərazi bütövlüyü naminində apardığı mübarizəsi haqqında, Qarabağ münaqişəsi haqqında, işğal altında olan və işğaldan azad edilən torpaqlar haqqında obyektiv və düzgün məlumatlandırılmalıdır. Azərbaycan həqiqətlərin dünyaya çatdırmalıyıq.
1news.az